“Müsavat Partiyasının son qurultayı ərəfəsi və ondan sonra, nə qədər də çətin olsa, rəhbərlik etdiyim KİV-lərdə balansı qorumağa çalışdım. Çox çətindir. Çünki bu KİV-lərin əsas simaları ya müsavatçıdırlar, ya da siyasətlə bilavasitə məşğuldurlar.
Bütün bunlara baxmayaraq, iddiaçılara, daha sonra isə tərəflərə bərabər səviyyədə yer verməyə çalışdıq”.
Modern.az-ın məlumatına görə, bu sözləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu son günlər çalxalanmaqda olan Müsavat Partiyası haqda mövqeyini ifadə edərkən bildirib.
Müsavat partiyasını üzvü olan baş redaktor fikrinə belə davam edib:
”İndi də bu mövqedəyik. Dəyərli dostumuz Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına üzülüb, bunu fikir yazısına çevirən Xalid Kazımlının yazısı da, digər əməkdaşlarımızın Facebook açıqlamaları da musavat.com saytının, "Yeni Müsavat" qəzetinin balans mövqeyindən ayrılıb, partiyaya qarşı çıxması anlamına gəlməməlidir. "Yeni Müsavat" ailəsinə daxil olan saytları da mən idarə edirəm və mənim mövqeyimsə budur: hər hansı bir partiyanın, o cümlədən də üzvü olduğumuz Müsavatın daxili işlərinə qarışmaq doğru deyil, onun nizamnamə fəaliyyətini təftiş etmək, qos-qoca bir partiyanı bolşevizmdə suçlamaq, verdiyi qərarlara görə mühakimə etmək yolverilməzdir.
Biz yenə xəbər verək, tərəfləri danışdıraq, lakin mühakimə jurnalistin, yazarın işi deyil. Bunu tərəflərin özünə buraxmalıyıq.
Müsavat Partiyası Azərbaycanın ən böyük dəyəridir, demokratiya şansıdır və belə olmaqda da davam edəcək. Onun indiki başqanına da, əski başqanım İsa Qəmbərə də etimadım tamdır, onlar bu etimadımı zədələyəcək hər hansı fəaliyyətdə bulunmayıblar”.
Modern.az