Tarixi əsərlərimizin xaricdə tanınmasının əsas şərti nədir…
Tanınmış tarixçi alim Cəmil Həsənlinin “Azadlıq” qəzetinin 4 fevral 2015-ci il tarixli sayında dərc edilmiş "Xarici nəşr odur ki, çap olunan kitab Konqresin kitabxanasının, Britaniya kitabxanasının və bu qəbildən olan digər mərkəzlərin kataloquna düşsün" adlı yazısı Azərbaycan tarixinə dair əsərlərin və kitabların xarici ölkələrdə nəşri və tanınması ilə bağlı mühüm məsələyə həsr olunub. Təbii ki, Azərbaycan tarixçisinin əsərlərinin xarici ölkələrdə nüfuzlu elmi nəşriyyatlar tərəfindən ingilis, yaxud rus, türk və d. dillərində nəşr edilməsi böyük nailiyyətdir. Bu baxımdan, Cəmil Həsənlinin özünün son illər yazdığı bir neçə monoqrafiyanın Amerikada, Rusiyada, Türkiyədə tərcümə edilərək işıq üzü görməsi, tək müəllifin deyil, ümumiyyətlə Azərbaycan tarix elminin uğuru sayılmalıdır. Görünür ki, Cəmil müəllim adı çəkilən yazıda qaldırdığı məsələlərə də məhz bu uğurun zirvəsindən yanaşır və mövqeyini hər hansı “inkaredilməz”, yaxud etiraza yol verilməyən ifadələrlə ortaya qoyur. Bax burada, hörmətli həmkarımla razılaşmadığım məqamlara (mövzunu böyütməmək üçün yalnız öz təcrübəmə və kitablarıma əsaslanaraq) münasibət bildirmək istərdim.
“Xarici nəşr odur ki, çap olunan kitab Konqresin kitabxanasının, Britaniya kitabxanasının və bu qəbildən olan digər mərkəzlərin kataloquna düşsün”. Bu arqumentə təbii ki, etiraz etmək mənasızdır. Lakin, həmin kataloqlara düşmək, hələ bu kitabın oxunduğunun göstəricisi deyil. Eyni zamanda hər hansı səbəbdən adı çəkilən nüfuzlu kitabxanaların kataloquna düşməyən, lakin çox “fəal” nəşriyyə ömrü yaşayan kitablara dair də çoxsaylı misallar gətirmək olar.
1995-ci ildə mənim Hollandiyalı tarixçi alim Turac Atabəki ilə birlikdə “Bakı sənədləri. Azərbaycan kitabxana və arxivlərində saxlanılan fars, azərbaycan, osmanlı türkcəsi və ərəb dilli mətbuatın ümumi kataloqu” adlı kitabım İngiltərədə “İ.B.Tauris & Co Ltd” nəşriyyatı tərəfindən nəşr olundu. Kataloq hələ Londonda tərcümə və çap olunana qədər mən onun bir hissəsini - “Azərbaycan dövrü mətbuatı. 1875-1990. (ərəb əlifbası ilə)” adlı kitabı 1993-cü ildə Bakıda nəşr etdirdim. Ümumi Kataloqun London nəşri, daha sonra Gürcüstanda saxlanan mətbuat əlavə olunmaqla 2006-cı ildə Tehranda ingilis və fars dilində çap olunmuş ikinci nəşri Cəmil Həsənlinin adlarını çəkdiyi və çəkmədiyi nüfuzlu kitabxanaların kataloqlarına düşüb. Bunu, rəsmi arayışdan əlavə, ara-sıra həmin kitablara istinadən xarici ölkələrdən mənə olan müraciətlərdən bilirəm. Amma bu müraciətlərdən dəfələrlə çoxsaylı sorğular və istinadlar həmin 1993-cü il nəşri ilə əlaqədar - Azərbaycan dilində çıxmış “yaşıl kitabla” - (kitabın üz səhifəsi yaşıl fonda işlənmişdi) bağlı olur.
Bu məqam, Cəmil müəllimin yazısındakı daha bir neçə məsələni sual altına qoyur. Belə ki, Azərbaycan tarixinə dair Azərbaycan tarixçisinin kitabının xaricdə yayılması və tanınması üçün onun ingilis dilində, xaricdə nəşr olunması və mötəbər kataloqlara düşməsi şərti mütləq deyildir. Burada mənim nümunə gətirdiyim kitabın mətbuat kataloqu olduğu üçün belə maraq doğurduğunu iddia edə bilərlər. Odur ki, başqa bir nümunə: 2001-ci ildə Bakıda “Xəzər” Universiteti tərəfindən Azərbaycan dilində kiril əlifbasında nəşr olunmuş “Kominternin Şərq siyasəti və İran (1919-1943)” adlı monoqrafiyam bir çox xarici ölkələrin kitabxanalarında saxlanılır və xarici tədqiqatçıların əsərlərində bu kitaba 20-dən artıq istinad var. Son dəfə isə bu kitabla bağlı sorğu “Xəzər” universitetinə 2014-cü ildə İngiltərədən gəlib.
Burada başqa bir mühüm məqam da vurğulanmalıdır: Bir qayda olaraq Azərbaycan da daxil olmaqla keçmiş Sovet məkanı, yaxud İran, Türkiyə və s. tarixinə dair hər hansı bir problemlə məşğul olan əcnəbi tədqiqatçılar və mütəxəssislər Şərq dillərini, həmçinin rus dilini yaxşı bilirlər və məhz xarici alimlər ilk növbədə, bəlkə də mötəbər kataloqlardan daha artıq, Azərbaycan alimlərinin ciddi, peşəkarcasına yazılmış tədqiqat əsərlərinin xaricdə tanınmasında və yayılmasında mühüm rol oynayırlar. Buna dair istər özümün, istər həmkarlarımın təcrübəsindən onlarla nümunə gətirə bilərəm. Amma ən klassik arqument: hələ Sovet İttifaqında ideoloji mübarizənin ən qızğın vaxtlarında xaricdə “sovetoloq” kimi tanınmış tarixçi alimlərin, o cümlədən “azərbaycanşünasların” - burada məşhur Tadeuş Svyatoçevskinin adı ilk növbədə çəkilməlidir - kitablarında Azərbaycan Sovet tarixçilərinin əsərlərinə istinadlar edilir və onların adları xarici alimlər tərəfindən tanınırdı. Azərbaycanda Cənubi Azərbaycan tarixşünaslığının əsasını qoyan və o vaxtlar xaricdə heç bir əsəri çıxmayan və xaricə getməyən Şövkət Tağıyevanın əsərlərinin və adının hələ 70-80-cı illərdə dünya iranşünasları arasında, o cümlədən İranda geniş tanındığının özüm şahidiyəm. Demək, burada əsas şərt tədqiqatın, kitabın özünün elmi baxımdan nə qədər əhəmiyyət daşıması və müəllifinin bir mütəxəssis kimi nə dərəcədə peşəkar olması ilə bağlıdır.
Bu məqam, düşünürəm ki, Cəmil Həsənlinin daha bir iradını əsassız edir:
"İkinci zərərli məsələ bir sıra həssas mövzulara, məsələn, Qarabağ, soyqırımı və bu sıradan olan digər məsələlərə həsr edilmiş əsərlərin dövlət orqanlarının rəhbər işçilərinin redaktəsi altında nəşr edilməsi, rəsmi şəxslərin adlarının kitabın titul vərəqində göstərilməsidir. Əgər tarixçi alim bu həssas mövzulara aid araşdırmaların Milli Təhlükəsizlik Nazirliyinin layihəsi kimi, bilavasitə nazirin redaktəsi altında nəşr etdirirsə, həmin nəşrə heç bir elmi mərkəz etimad göstərməz, heç bir ciddi alim ona istinad etməz, heç bir normal xarici nəşriyyat onunla maraqlanmaz. Bu, yalnız ölkənin içində prezident aparatına hesabat vermək üçündür”.
Yazıda ad çəkilməsə də, Cəmil müəllimlə bu mövzuda dəfələrlə fikir mübadiləsi etdiyimiz üçün, yuxarıda deyilənlərin bilavasitə mənim son illər nəşr olunan kitablarıma - 1918-ci ildə Azərbaycan xalqının erməni silahlı birləşmələri tərəfindən məruz qaldığı kütləvi qırğınlara dair sənədlər topluları və tədqiqatlara - aid olduğuna heç bir şübhəm yoxdur. Görünür həmin söhbətlər zamanı gətirdiyim arqumentlər Cəmil müəllimi qane etməyib. Odur ki, bu məsələlərə daha ətraflı münasibət bildirməyi zəruri sayıram.
2007-ci ildə “Azərbaycanda “iranlı” icmasının tarixi” mövzusunda yazdığım monoqrafiya ilə bağlı arxivlərdə işləyərkən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il faciələrini (o zaman yüzlərlə İran təbəələri də qətlə yetirilib) tədqiq etmək məqsədilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədləri ilə tanış oldum. Vaxtilə gizli arxiv fondlarında saxlanılan və 1985-ci ildən “Perestroyka” dalğasında istifadəyə verilmiş bu son dərəcə mühüm tarixi sənədlərin 20 ildən artıq müddətdə tam şəkildə (3-4 məruzə istisna olmaqla) nəşr olunmadığı faktı qarşısında onları geniş ictimaiyyətə çatdırmağı bir Azərbaycan tarixçisi kimi özümə borc bildim. 2007-2008-ci illər “Zerkalo” qəzetinin 52 - şənbə saylarında 1918-ci il Bakıda Mart hadisələrinə dair sənədlər, mənim müvafiq məzmunlu məqalələrimlə birgə dərc edildi. İlk saylardan başlayaraq bu sənədlər istər Azərbaycanda, istər xaricdə, xüsusən internet resurslarda böyük əks-səda doğursa da, onların gələcək taleyi ilə bağlı nə çalışdığım Elmlər Akademiyasından, nə də digər elmi müəssisələrdən heç bir təklif gəlmirdi. Və yalnız Milli Təhlükəsizlik Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin rəisi, professional tarixçi alim olan Məmməd Cəfərli mənə müraciət edərək bu sənədləri kitab halında toplayaramsa Nazirliyin onları dərc etməyə hazır olduğunu bildirdi. Beləliklə “Mart. 1918. Баку. Азербайджанские погромы в документах» (sənədlər rus dilindədir) toplusu mənim həmin mövzuda elmi-tarixi tədqiqatımla bərabər 2009-cu ildə ilk dəfə nəşr olundu. Düzü, elmi və media dairələrində geniş təbliğ olunan, yüksək qiymət alan, respublika səviyyəsində təqdimatı keçirilən bu kitabdan sonra gözləyirdim ki, müvafiq elmi qurumlar, ilk növbədə AMEA-nın ayrıca “soyqırımı” şöbəsi olan Tarix İnstitutu 20 ildən artıq müddətdə laqeyd qaldığı FTK-nın sənədlərinə nəhayət ki, maraq göstərəcək və dərhal digər bölgələrə dair sənədlərin nəşrinə başlayacaq. Lakin İnstitutun rəhbərliyi həmin sənədlər toplusunun adında “Genosid” (soyqırımı) deyil “Poqromı” (qırğınlar) sözünün işlədilməsinə irad tutmaqdan başqa bir iş görmədi.
Bu halda mənim də həmin sənədlərin nəşrini davam etdirməkdən başqa əlacım qalmadı. Qubada kütləvi məzarlıq aşkar ediləndən sonra xüsusi aktuallıq kəsb edən FTK-nın Quba sənədlərini nəşrə hazırladım və onun buraxılmasında bir daha MTN-dən dəstək aldım. “Куба. Апрель-Май.1918. Мусульманские погромы в документах» sənədlər toplusu həmin hadisələrə dair yazdığım tarixi oçerk ilə birlikdə 2010-cu ildə nəşr olundu.
Sənədlərlə işləyərkən FTK tərəfindən 1918-ci il hadisələrinə dair 95 şəkil çəkildiyi və onların bir nüsxəsinin Fransaya, Paris Sülh Konfransında Azərbaycan Nümayəndə heyətinə göndərildiyi məlum oldu. Həmin şəkillərin Azərbaycanda qalmadığı və bütün bu illər ərzində heç kim, hətta Dövlət Foto-Kino Arxivi tərəfindən də axtarılmadığı aydınlaşdı. Bir çox cəhdlərdən sonra 1918-ci il qırğınlarını əks etdirən 102 sayda nadir şəkilləri nəhayət ki, Parisdə, Əli Mərdan bəy Topçubaşovun şəxsi arxivindən tapdım. Və 3 aydan da az bir müddətdə bu unikal şəkillər müvafiq sənədlərlə birlikdə 3 dildə (rus, ingilis, türk) çapa hazır edilərək albom şəklində yenə də MTN tərəfindən 2011-ci ildə nəşr olundu.
Miqyasına və itkilərinə görə milli faciə kimi qiymətləndirilə bilən 1918-ci il Şamaxı hadisələrinə aid sənədlər isə 2 cilddə (hər biri 900 səhifə) olmaqla, nəşrə hazır edildikdən sonra cəmi 20 gün ərzində 2013-cü ildə yenə də MTN tərəfindən işıq üzü gördü. Bu sənədlər toplularının hər birinə aid olduğu qəzaların xüsusi məzmunlu xəritələri, geniş informasiya –məlumat bazası, diaqramlar, şəkillər daxil idi və bütün texniki işləri MTN-nin müvafiq mütəxəssisləri ən qısa müddətdə və çox yüksək səviyyədə yerinə yetirirdi.
Xüsusi qeyd etmək istərdim ki, həmin kitabları nəşrə hazırlayarkən Milli Təhlükəsizlik Nazirliyinin ixtisasca tarixçi olan əməkdaşları AMEA-nın Tarix institutunun rəhbərliyindən qat-qat yüksək peşəkarlıq nümayiş etdirirdi. Belə ki, kitabların əsas mətn hissəsi sənədlər olduğundan onların nəşrində ən əvvəl tarix elminin bir qolu sayılan arxiv sənədlərinin nəşri üzrə beynəlxalq standartlar nəzərə alındı. Bu səbəbdən, 1918-ci il hadisələrini əks etdirən sənədlərin öz məzmunundan çıxış edərək və Komissiyanın bütün protokollarında həmin hadisələrin məhz “poqrom” termini ilə ifadə edildiyi əsas götürülərək kitabların adında “poqromı” (qırğınlar) termini işlədildi. Eyni zamanda bu hadisələrə “soyqırımı” (genosid) kimi siyasi qiymət verilən ən mühüm sənəd - “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı” kitabı daxil edildi. 1918-ci il faciələrinin Azərbaycan xalqının tarixinə “soyqırımı” ifadəsi gətirdiyi mənim həmin sənədlər əsasında yazdığım əsərlərdə də qeyd edilir.
Burada bir daha vurğulayıram ki, kitabları “Азербайджанские погромы в документах” (“Azərbaycan qırğınları sənədlərdə”) adlandırmaqla biz - müəllif və naşir - elmi standartları gözləməklə bərabər, həm də onun geniş, ilk növbədə xarici oxucu və tədqiqatçılar tərəfindən qərəzsiz qəbul edilməsi zərurətini nəzərə almışıq. Daha bir məqsədimiz isə XX əsr tarixşünaslığında artıq özünə yer almış “еврейские погромы», «армянские погромы» ifadələri ilə yanaşı «азербайджанские погромы» ifadəsini də elmi dövriyəyə gətirmək olub.
Zənnimcə, elə təkcə bu fakt həmin kitabların “ölkənin içində prezident aparatına hesabat vermək üçün” deyil, MTN Elmi-Tədqiqat Mərkəzinin yazdığı ön sözdə göstərildiyi kimi “Azərbaycan və dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı görünməmiş terrorun əsl miqyası və xarakteri haqqında məlumatlandırmaq” məqsədi ilə nəşr olunduğuna sübut kimi kifayətdir.
Kitabların nəşri tarixini belə ətraflı şərh etməkdə məqsədim ən əvvəl bu sənədlər toplularının heç də MTN tərəfindən bir sifariş, yaxud “tarixçi alimin bu həssas mövzulara aid araşdırmalarını Milli Təhlükəsizlik Nazirliyinin layihəsi kimi, bilavasitə nazirin redaktəsi altında nəşr etdirmək” istəyi olmadığını göstərməkdir. Mən öz şəxsi təşəbbüsüm, zəhmət və səylərimin nəticəsi olaraq ərsəyə gətirdiyim bu kitablara görə heç bir qonorar almamışam və heç vaxt hər hansı bir təmənnada da olmamışam. Azərbaycan torpaqlarına və xalqımıza qarşı erməni təcavüzünün yeni mərhələsində tariximizin ən ağır və faciəli səhifələrini əks etdirən bu nadir sənədlərin 20 ildən artıq bir müddətdə nəşr olunmadığını bir Azərbaycan tarixçisi və ziyalısı kimi özümə ar bilmişəm və tez-tez eşitdiyim “bütöv bir institutun, yaxud böyük kollektivin əməyi tələb olunan” bu işi, istək olarsa, bir nəfərin də görə biləcəyini sübut etmişəm. 1918-ci ildə bu Komissiyanın hansı ağır şəraitdə yaradıldığını və 36 cildlik misilsiz sənədlərin cəmi 9-10 nəfər vicdanlı insanın hansı fədakarlığı sayəsində meydana gəldiyini yaxşı bildiyim üçün bu gün həmin sənədlər toplularının nəşrinə görə mənə deyilən “çox sağ ol” kəlməsini də özümə çox bilirəm. Odur ki, AMEA Şərqşünaslıq İnstitutunda öz elmi fəaliyyətimi davam etdirərək həmin silsilədən olan növbəti kitabı – bu yaxınlarda Fransadan gətirdiyim Göyşay, Cavad (Azərbaycanda bu sənədlər qalmayıb) və Ərəş qəzaları üzrə FTK-nın sənədlərini çapa hazırlayıram. Bu sənədlər toplusu da əvvəlki qaydada MTN tərəfindən nəşr olunacaq.
Burada Cəmil Həsənlinin mənimlə söhbətlərində “MTN həmin kitabları nəşr edərkən öz adını göstərməyə də bilərdi” iradına verdiyim cavabı da açıqlamaq lazım gəlir. Belə ki, 1918-ci il faciələrini əks etdirən FTK sənədləri Cəmil müəllimin yazdığı kimi sadəcə “həssas mövzu” deyil. Bu sənədlər bu gün, təəssüf ki, heç sadəcə “tarixi sənədlər”, yaxud yalnız “elmi-tarixi mənbə” də deyil. 1918-ci il hadisələrinin 1988-ci ildə eyni ssenari üzrə tam şəkildə təkrar olunduğu nəzərə alınarsa Fövqəladə Təhqiqat Komissiyasının sənədləri bu gün son dərəcə aktual siyasi əhəmiyyət daşıyır. 1918-ci ildə olduğu kimi torpaqlarında müharibə gedən, dinc əhali arasında minlərlə qurban verən, yüz minlərlə qaçqını olan Azərbaycan xalqının milli təhlükəsizliyi məsələsi bir daha gündəmə gəlirsə bu problemin tarixinə aid olan sənədlərin məhz Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nəşr edilməsi hər hansı bir sual doğura bilməz və tamamilə məntiqə uyğundur. “Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” silsiləsinin məhz MTN tərəfindən nəşr olunduğunun nəzərə çatdırılması da ilk növbədə bu faktorla, həmin sənədlərin bu gün də siyasi aktuallığını saxladığını vurğulamaq məqsədi ilə izah olunur. Bu baxımdan kitabların titul vərəqlərində Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin adının göstərilməsi də təbiidir. Lakin Cəmil Həsənlinin nəzərinə çatdırmaq istərdim ki, iradını bildirməzdən əvvəl təcrübəli tədqiqatçı kimi kitabların titul vərəqlərinə bir daha baxaydı. Belə ki, MTN rəhbəri Eldar Mahmudovun adı həmin kitablarda nazir və redaktor kimi deyil, “Hərbi əsirlər, girov götürülmüş və itkin düşmüş vətəndaşların işi üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının sədri” və “baş məsləhətçi” kimi göstərilir.
Burada daha bir məqam vurğulanmalıdır ki, Fövqəladə Təhqiqat Komissiyası 1918-ci ildə məhz Azərbaycan hökuməti tərəfindən yaradılmışdı, onun sənədləri rəsmi dövlət sənədləri sayılır, dövlət orqanları tərəfindən qorunur və dövlət tərəfindən də müxtəlif dillərdə nəşr olunması bir vəzifə kimi qarşıya qoyulurdu. Əgər Azərbaycan hökumətinin 1918-ci ildə bitirə bilmədiyi bir işi – həmin sənədlərin nəşr olunub ilk növbədə xaricdə geniş yayılmasını - 70 ildən sonra, müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının bir dövlət strukturu (MTN) başa çatdırırsa, bu, FTK-nın yaradılmasına dair 15 iyul 1918-ci il tarixli hökumət qərarı ilə yaxşı tanış olan Cəmil müəllimi nə üçün belə narahat edir ?
Mən qəti əminəm ki, bu kitabların məhz MTN tərəfindən buraxıldığı üçün «zərərli» olması, onlara “heç bir elmi mərkəz etimad göstərməz, heç bir ciddi alim ona istinad etməz, heç bir normal xarici nəşriyyat onunla maraqlanmaz” kimi Cəmil müəllimin birmənalı şəkildə etdiyi iddiaların da heç bir əsası yoxdur.
Əvvəla, heç bir mərkəz, heç bir ciddi alim və heç bir normal xarici nəşriyyat belə bir iddia irəli sürmək üçün Cəmil Həsənliyə hər hansı səlahiyyət verməyib.
İkincisi, adı gedən kitablar ABŞ, İngiltərə, Hollandiya, Fransa, Avstriya və d. Qərb ölkələri, həmçinin Rusiya, İran, Türkiyə, Mərkəzi Asiya ölkələrinin kitabxana və arxivlərində, o cümlədən mötəbər universitet və elmi müəssisələrinin kitabxanalarında, eləcə də həmin dövr və mövzularla məşğul olan bir çox xarici həmkarlarımızın şəxsi kitabxanalarında özlərinə yer alıb və indiyədək onların heç biri həmin kitabları “zərərli” sayaraq, onlardan imtina etməyib. Çünki ciddi elmi mərkəzlər və alimlər kitabın hansı struktur tərəfindən nəşr edildiyinə deyil, onun məzmununa diqqət yetirir və bu baxımdan sənədlər toplusu xüsusilə hər hansı “şübhə” fövqündədir və istənilən halda daima böyük maraq doğurur. Bu marağın həmin kitabların 2009 və 2010-cu illərdə Moskvada, Londonda (beynəlxalq elmi konfransda), Rotterdamda təqdimatları zamanı özüm şahidi olmuşam. 2014-cü ilin mart ayında Moskvada həmin kitabların 2-ci təqdimatı zamanı isə Rusiyanın məşhur arxivist-tarixçisi, Rusiya Dövlət Humanitar Universitetin rektoru, REA-nın müxbir üzvü E.İ. Pivovar bu sənədlər toplularını XX əsr və I dünya müharibəsi tarixinə böyük töhfə kimi qiymətləndirdi. Həmin kitablara olan istinadlara gəldikdə isə, əgər həqiqətən maraqlanırsa, Cəmil müəllim özü şəxsən internet vasitəsilə onlarla tanış ola bilər.
Nəhayət, güman edirəm ki, “dövlət orqanlarının rəhbər işçilərinin redaktəsi altında” nəşr edilmiş kitabların “zərəri” barədə yuxarıdakı iradlarına Cəmil Həsənli heç özü də ciddi yanaşmır. Əks təqdirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sifarişi ilə yazdığı 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyətinin Xarici siyasəti (1918-1920) və “Sovet dövründə Azərbaycanın xarici siyasəti” (1920-1939) kitabların titul vərəqlərində baş redaktor kimi AR Xarici İşlər naziri Elmar Məmmədyarovun, redaksiya heyətinin üzvləri kimi isə nazir müavinlərinin və həmin nazirliyin məsul işçilərinin adlarını göstərməzdi.
Bu gün Azərbaycan tarixinin ən müxtəlif problemlərinə dair tədqiqatların, xüsusilə Qarabağ, soyqırımı kimi “həssas” məsələlər haqqında həqiqətlərin dünya ictimaiyyəti və elmi dairələri tərəfindən qəbul edilməsinin ilkin şərti bu tədqiqatların məhz “həqiqətə” – sənədlərə əsaslanması və qərəzsiz mövqedən, peşəkar səviyyədə yazılmasıdır. Bütün digər məsələlər artıq bu işin, necə deyərlər, “texniki” tərəfidir. Son nəticədə bu kitabların hansı dildə, harada və kim tərəfindən nəşr edildiyinin də elə bir əhəmiyyəti yoxdur.
Prof.Cəmil Həsənli kimi nüfuzlu Azərbaycan aliminin öz həmkarları haqqında bu qədər “yüksək”, “qəti”, “mentor” tonunda yazmağı özünə rəva bilməsi isə, görünür “ulduz” xəstəliyinin başlanmasının əlamətidir. Çox təəssüf !
Solmaz Rüstəmova-Tohidi,
tarix elmləri doktoru, prof.
AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi.
E-mail: [email protected]