Modern.az

“Azərbaycan banklarında manatla olan əmanətlər ciddi azalacaq” - Ekspert

“Azərbaycan banklarında manatla olan əmanətlər ciddi azalacaq” - Ekspert

İqtisadiyyat

9 Fevral 2015, 11:50


“Banklarda vətəndaşların 7,2 milyard manatlıq əmanətinin olmasına baxmayaraq, milli valyutada olan əmanətlərin məbləği ötən ilin dekabr ayında əvvəlki ay ilə müqayisədə 4,482 milyard manatdan 4,422 milyard manatadək azalıb”.

Modern.az xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov açıqlama verib.

O qeyd edib ki, qonşu ölkələrdə müşahidə edilən milli valyutaların devalvasiyası və neftin dünya bazarında qiymətinin aşağı düşməsi dollara tələbatı artırmaqla manat təklifini çoxaldıb:

“Bu ilin ilk ayının yekunlarına görə manatla olan əmanətlərin həcmində daha ciddi azalmalar olacağı gözlənilir.

Problem sadədir: manatın dəyərdən düşəcəyindən narahat olan əmanətçilərin bir qismi pullarını banklardan çəkərək onu xarici valyutaya, əsasən də dollara çevirirlər. Banklar vaxtından əvvəl əmanətlərini götürənlər üçün faiz cərimələri tətbiq edərək hesabladıqları dividentlərin bir qismini ödəməməklə müəyyən vəsaitə qənaət etsələr də, bu bankların maliyyə likvidliyi baxımından heç də arzu olunan deyil.

Eyni zamanda, bu proses Mərkəzi Bankın intervensiya xərclərini də artırır. Mərkəzi Bankda manata tələbi qarşılaşmaq üçün hər ay 1,5 milyard dollara yaxın pul bazara çıxarılır ki, bu da valyuta ehtiyatlarının həcminin azalmasına gətirib çıxarır”.

Manatla əmanətlərin banklardan çəkilməməsi üçün nə etmək lazımdır?

İqtisadçı bildirir ki, əmanətçilərin öz manatlarını banklardan çəkməsi bank sistemi üçün heç də arzu olunan deyil:

“Əmanətlər bankların cəlb etdiyi vəsaitlərin əsas maliyyə mənbələrindən biridir. Bu maliyyə mənbəyinin kiçilməsi bankların fəaliyyətinin məhdudlaşmasına gətirib çıxaracaq. Son dekada da ilk dəfə olaraq ötən ilin yekunlarında bankların ziyanlarının mənfəətindən çox olduğunu nəzərə alsaq, manatla əmanətlərdəki azalma tendensiyasının qarşısının alınması olduqca vacibdir.

Bu, sadəcə Mərkəzi Bank üçün əlavə xərc yaratmır, eyni zamanda bank sektoru üçün heç də asan olmayan bir mərhələnin başladığından xəbər verir.

Manatla əmanətlərin banklardan götürülməsinin qarşısının alınması, eləcə də yeni depozitlərin cəlb edilməsi üçün bir sıra təbii ehtiyatlara malik olan ölkələrdə olduğu kimi banklarda olan əmanətlərin dollara indeksasiyasının həyata keçirilməsinə ehtiyac var. Bu zaman indeksasiya ilə bağlı potensial və ya virtual xərclər dövlət tərəfindən qarşılanır. Manatın məzənnəsinin stabil qalacağı ilə bağlı Mərkəzi Bankın əvvəlki açıqlamalarını nəzərə aldıqda isə bu xərc hətta yaranmaya bilər. Bu zaman kommersiya banklarına manatla yerləşdirilən əmanət dollara indeksasiya edilir.

Məsələn, vətəndaş banka 10 min manatlıq əmanət yerləşdirir və ya hazırda əmanəti var. Bu məbləğ Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən 12 750 dollar edir. 

Müqavilə üzrə müddət başa çatdıqdan sonra isə əmanətçi manatla olan pulunu götürəndə milli valyutanın dəyəri aşağı düşdüyü halda isə yaranan fərq məhz indeksasiya olunduğu üçün dövlət tərəfindən qarşılanır”.

Vüqar Bayramovun sözlərinə görə, məsələn, 12750 dollarlıq manatla ifadə edilən əmanət milli valyuta devalvasiya nəticəsində 11 100 dollardək azalarsa, o zaman yaranan 1650 dollar fərq məhz dövlət tərəfindən qarşılana bilər. Amma əgər milli valyutanın məzənnəsi dəyişməzsə, o zaman hər hansı fərq yaranmadığı üçün yeni xərc də formalaşmayacaq. Eyni zamanda, fərq üçün minimum limitlər də müəyyənləşdirilə bilər. Məsələn, bu fərq 500 dollardan artıq olduğu halda qarşılana bilər. Əgər fərq 500 dollardan azdırsa o zaman həmin kəsir ödənilmir”.

Ekspert hesab edir ki, potensial indeksasiya xərclərinin azaldılması üçün sığorta olunan, yəni müəyyənləşdirilmiş faiz limiti daxilində 30 min manatdan artıq olmayan əmanətlər dollara indeksasiya edilə bilər: “Bu isə o deməkdir ki, dövlətin potensial xərcləri kifayət qədər az olacaq. İndeksasiya sisteminin tətbiq edilməsi dollara tələbatı ciddi şəkildə azaldacaq. Monitorinqlər göstərir ki, dollara formalaşmış tələbin əhəmiyyətli hissəsi banklardakı manatını götürüb dollara çevirənlər hesabına baş verir. Devalvasiya riskindən ehtiyatlanan əmanətçilərin bir qismi öz pullarını dollara çevirməyə başlayıblar. Bu sistemin tətbiqi isə Mərkəzi Banka intervensiya xərclərinə qənaət etmək və bununla da valyuta ehtiyatlarındakı azalmanın qarşısını almaq üçün vacibdir. Eyni zamanda, indeksasiya banklarda olan əmanətlərə tətbiq edildiyindən və evdə saxlanan pulları əhatə etmədiyindən banklardakı depozitlərin də həcminin artmasına gətirib çıxaracaq. Vətəndaşların əksəriyyəti öz pullarını evdə deyil, banklarda saxlamağa üstünlük verəcəklər.

Deməli, manatla əmanətləri indeksasiya etməklə valyuta bazarında dolları durdurmaq mümkündür. Bundan qazanan isə yalnız vətəndaşlar deyil, bank-maliyyə sistemi daxil olmaqla bütövlükdə dövlət olacaq”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...