Modern.az

Gəncə Avtomobil Zavodu "KamAz" maşınları buraxmağa hazırlaşır

Gəncə Avtomobil Zavodu "KamAz" maşınları buraxmağa hazırlaşır

İqtisadiyyat

9 Fevral 2015, 14:28


Rusiyanın ən böyük avtomobil şirkətlərindən olan "KamAz"ın baş direktoru və onu müşayiət edən nümayəndələr  “Gəncə Avtomobil Zavodu” İB-də olublar. Bu barədə məlumatı Modern.az-a müəssisənin mətbuat xidmətindən veriblər. Qeyd olunduğuna görə, "KamAz"ın baş direktoru Sergey Anatoliyeviç Koqoqin, “KamAz” Xarici Ticarət Şirkəti QSC-nin baş direktorunun müavini Vasili Tsıqanov və “KamAZ” Xarici Ticarət Şirkəti QSC-nin yığım layihələri üzrə direktor Uşakov Sergey Serafimoviç Gəncə Avtomobil Zavoduna bağlanmış ikitərəfli lisenziya müqaviləsinin şərtlərinə uyğun olaraq baxış keçiriblər.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin (İB) Müşahidə Şurasının sədri Xanlar Fətiyev və birliyin direktoru Kamran Nəzərov qonaqlarla birgə traktor və yük avtomobillərinin yığım xətləri, eləcə də qaynaq və mexaniki sexdə olub, burada aparılan işlərlə yaxından maraqlanıblar. Qonaqlar gələcəkdə “KamAz” avtomobillərinin yığılması üçün nəzərdə tutulan yığım xəttinin yeri və görüləcək işlər barədə müzakirələr aparıblar.

Müəssisəyə baxış keçirildikdən sonra ikitərəfli görüş keçirilib. Danışıqlar masası arxasında gələcək planlar, müqavilənin şərtlərinə uyğun işlərin qurulması, tez bir zamanda Gəncədə “KamAz”ın yığılmasını reallaşdırmaq üçün lazım olan işlər müzakirə olunub. "Biz hesab edirik ki, ağır tonnajlı avtomobil sənayesındə qiqant müəssisələrdən olan “KamAz”la əməkdaşlıq Gəncə Avtomobil Zavodunun inkişaf tarixində yeni bir mərhələ olacaq. İkitərəfli əməkdaşlıq yeni layihələrin həyata keçirilməsinə köməklik edəcək. Müəssisəmizin bu istiqamətdə artıq yetərincə təcrübəsi olduğunu düşünürəm. Biz tezliklə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq işlərə starty verilməsi üçün əlimizdən gələni edəcəyik" - deyə Xanlar Fətiyev vurğulayıb.

"KamAz"ın baş direktoru Sergey Koqonin isə öz növbəsində qeyd edib ki, Gəncə müəssisəsi ilə əməkdaşlığa geniş önəm verilir və buna görə də şəxsən özü Azərbaycana səfər edib.
"Bu mənim Gəncəyə ilk səfərimdir. Biz bir brend müəssisə olaraq avtomobillərimizin harada və hansı şəraitdə, necə yığılacağının fərqinə varırıq. Buna görə də müəssisənin rəhbəri olaraq mən şəxsən gəlib Gəncə Avtomobil Zavodu ilə yaxından tanış olmaq istədim. Biz indi müqavilənin şərtlərinin birgə müzakirəsini həyata keçirməliyik. Hesab edirəm ki, layihənin reallaşması istiqamətində hər hansı problemlər olmayacaq. Yaxın vaxtlarda yeni yığım xəttinin işə salınması üçün biz öz növbəmizdə lazımı dəstəyi verəcəyik" - deyə “KamAz”ın baş direktoru əlavə edib.



Modern.az
 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...