Mehman Qayıbov
(hekayə)
Bu, köhnə, adi, bir əhvalatdır. Yəni, bəndəniz demək istəyir ki, həvəsiniz yoxdursa, bunu oxumamaq da olar. Çünki, sahibi-ixtiyar Sizsiniz.
Əhvalatı mənə, hələ şura dövründə, yaxın bir tanışım danışıb. Hər dəfə idarələrin qarşısında dayanan adamları görəndə bu söhbət yadıma düşür. Əl-qərəz, bu hekayəti-adini mənə belə nəql ediblər:
“İsti yay günlərinin birində rayona ezamiyyətə getmişdim. Rayon mərkəzindəki raykom binası ilə üzbəüz parkda - çayxanada əyləşib çay içirdim. Bu dəmdə Əli dayı gəldi. Hal-əhval tutduqdan sonra əyləşdi. Ömründə çox şeylər görmüşdü Əli dayı. Uzaqdan gəlmiş adamlarla söhbət etməyi sevərdi. Dili bəzən dinc durmadığı üçün çoxları onu xoşlamırdı. Buna görə də tez-tez “başı ağrayırdı”.
Ordan-burdan Əli dayı ilə şirin-şirin söhbət edirdik. Elə bu vaxt raykomun binası qarşısında hay-küy qopdu. Qapıda dayanmış gənc oğlan kimi isə dəyənəklə qovlayırdı. İçəri keçmək istəyən qadın məqsədinə nail ola bilməyəcəyini görüb, dodağının altında donquldana-donquldana, ağır-ağır addımlarla oradan uzaqlaşdı. Bunu seyr edən Əli dayı barmağı ilə bayaqdan qadını qovan iri cüssəli oğlanı göstərib, gülümsəyə-gülümsəyə dedi:
- Bilirsən bu oğlan kimdir? Qonşu kənddən Mürsəlin oğludur. Atasını yaxşı tanıyırdım… Oğlunu da pis söyləmirlər, amma ...
- Nə amma? - deyə soruşdum.
Maraq məni götürmüşdü. Bu qapıda dayanan cavan oğlanla Əli dayının arasında nə ola bilərdi?
- Mənim həyətyanı sahəmi düz ölçməmişdilər, – deyə Əli dayı söhbətə başladı. – Gah deyirdilər kolxozun ərazisinə keçmisən , gah da deyirdilər qonşunun. Odur ki, əkin-biçinlə də məşğul ola bilmirdim. Bir sözlə, oturduğum yerdə işə düşmüşdüm. Bir dəfə katibin yanına gəldim. Ədəb-ərkanla qəbul etdi. Məni arxayın saldı. Dedi:
- Adamları göndərərəm, gəlib məsələni yerindəcə həll edərlər.
Bir-iki həftə gözlədim, heç kim gəlmədi. Məcbur olub yenə rayon mərkəzinə gəldim. Katiblə görüşmək istəyirdim. Ancaq bu qapının ağzında dayanan oğlan məni içəri buraxmadı. Nə qədər etdim mümkün olmadı. Bir müddətdən sonra yenə gəldim. Bu dəfə o, məni dəyənəklə hədələdi. Dedi ki, sənə deyiblər: Gözlə. Get gözlə!
Gözlədim! Bir ay da keçdi. Ancaq rayondan gəldim deyən olmadı. Bir gün eşitdim ki, Bakıdan rayona “böyük adam” gəlib. Dedim gedim rayon mərkəzinə, bəlkə dərdimə o, əlac edə. Katibin oturduğu binaya yaxınlaşanda bu oğlan yenə qabağımı kəsdi.
- Nə istəyirsən? Axı sənə dedilər!
Bu dəfə fikrim qəti idi. Əl çəkməyəcəkdim. Zorla içəri keçmək istəyəndə kürəyimin ortasında bir zərbə hiss etdim. Qeyri-ixtiyari yerə çökdüm. Ancaq “cin vurmuşdu başıma”. Öldü var döndü yoxdu, - dedim. Səs-küyə adamlar toplaşmışdılar. Bu vaxt katibin otağının pəncərəsi açıldı, oradan tanımadığım bir nəfər - Nə olub? Nə səs-küydü? - deyə soruşdu. O, Bakıdan gəlmiş həmin “böyük adam”a oxşayırdı. Qapıçı:
- Əli dayıdır, zorla içəri keçmək istəyir. – dedi.
- Əli dayı kimdi? Qoyun gəlsin, görək nə istəyir, - deyə o “böyük adam” pəncərəni örtdü.
Oğlan əlindəki dəyənəyi bir tərəfə qoydu. Məni ayağa qaldırdı. Üst-başımı təmizlədi. Lap çaşmışdı, nə edəcəyini bilmirdi. Bayaqdan qanıma susayan bu oğlan sifətinə məzlum ifadə verib dedi:
- Səninki gətirdi, qoca. İstəyinə çatdın!
Mən pilləkənlərlə yuxarı qalxmaq istəyəndə o, - dayı bir dəqiqə dayan, sözüm var, - dedi. Arxaya çöndüm.
- Dayı, indi ki, sən o “böyük adam”ın yanına gedirsən, sən allah mənim də sözümü de ona. De ki, məni də qəbul etsin. Sən dədənin goru, yadından çıxmasın ha!
Heyrətdən donub qalmışdım. Bu boyda iri cüssəli oğlan birdən-birə gözlərimdə necə də balacalaşmışdı. Sanki məni tok vurmuşdu. Bütün bədənim əsirdi. Daha yuxarı qalxa bilmədim. Geri dönüb binadan çıxdım.
- Bəs, sənin məsələn nə oldu? - deyə maraqla Əli dayıdan soruşdum. O, isə sanki məni eşitmirdi. Buğlanan armudu stəkandan bir qurtum alıb, sağollaşıb uzaqlaşdı…
Rayondan yazı yazmağa gəlmişdim. Ancaq bu hadisə mənə o qədər təsir etmişdi ki, geri - şəhərə qayıdıb, Bakıya - qatara bilet aldım.
Əli dayının başına gəlmiş bu hadisə uzun illər məni rahat buraxmırdı. Bu əhvalatı kiməsə danışmaq istəyirdim. Odur ki, sənə danışdım bu köhnə, adi əhvalatı”.