“Vəziyyət çox gərgin idi. Şəhid verirdik, basdırmaq olmurdu. Kim harada vurulurdu, orada qalırdı...”. 1992-ci ilin fevralında Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərini erməni işğalçı qüvvələrinin hücumlarından müdafiə edən, kənd əhalisini kütləvi soyqırım təhlükəsindən xilas edən polkovnik Azay Kərimov 23 il əvvəlki hadisələri xatırlayır. Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı baş vermiş deportasiya və soyqırım vəhşilikləri şəxsən mənim yaddaşıma fotolar, videolar və qışqırıq səsləri ilə həkk olunub. Hadisələrin içində olan, atasının qətlini, anasının təhqir edilməsini gözləri ilə görənlərin yaddaşları və psixi durumları hansı vəziyyətdədir?! Hadisələr haqda danışan polkovnikin arabir gözləri dolur, həmin günləri nifrət və şərəflə xatırlayır...
Azay Allahyar oğlu Kərimov 1965-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində doğulub. Orta məktəbi Malıbəylidə bitirən Azay Kərimov Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olur. Təyinatla Qazaxıstanın Almatı şəhərinə göndərilən leytenant Kərimov kəşfiyyat rotasının komandiri kimi Almatı hadisələrində iştirak etmişdi. “...Əmr verildi ki, döyüş silahından və patrondan istifadə edilməsinə tam icazə var, ... əmr verdilər ki, qırın. Almatı faciələrində kifayət qədər adam ölmüşdü. Mən həmişə demişəm, 20 yanvar faciəsi Almatı faciəsi qarşısında heç nə idi. Amma qazaxların fərasətsizliyi onda oldu ki, bir dənə də cəsəd əldə edə bilmədilər, çünki cəsədləri dərhal yığışdırır və yanğınsöndürənlərlə gəlib hər yeri yuyurdular. Bir dənə də iz qalmırdı. Cəsədlərin hamısını yığıb Kamışlıbaş gölünə tökürdülər. Qazaxlar azərbaycanlılardan fərqli olaraq bu faciəni siyasiləşdirə bilmədilər”, - Azay Kərimov bildirir.
Almatı faciəsində iştirak edən hərbi xidmətçiləri müxtəlif yollarla aradan götürülür, yaxud digər hərbi hissələrə köçürülürdülər. Təsadüfi deyil ki, naməlum şəraitdə öldürülən və itkin düşən komandirlər yüksək rütbəli hərbi xidmətçilər idi. Əfqanıstana göndərilən peşəkar kəşfiyyatçı Azay Kərimov bildirir ki, sovet qoşunlarına qarşı müqavimət göstərən dəstələr birbaşa ABŞ və Pakistanın bəzi iş adamları tərəfindən maliyyələşdirilirdi.
- Əfqanıstan kimi gərgin bir regionda kəşfiyyat tağım komandiri olaraq hansı əməliyyatlarda iştirak etmisiniz?
- Xatırlayıram ki, bir ukraynalı zabit və mən ayrı-ayrı kəndlərə hücum etməli idik. İkimiz də şəxsi heyətimizlə o iki kəndi tutmalı idik. Hər ikimiz kəndi tutduq və hər ikimiz mükafatlandırma zamanı eyni tərəziyə qoyulduq. Belə ki, hər ikimizin leytenant olmaqla yanaşı, Kommunist Partiyasının üzvü olaraq şəxsi işimizdə heç bir töhmət yox idi. Axırda bu faktın üstündə dayandılar, mən üç nəfər, ukraynalı zabit isə iki nəfər əsgər itki vermişdi. Bir əsgərə görə ona Sovet İttifaqı Qəhrəmanı adı verdilər.
1988-ci il fevral ayının 28-də Əfqanıstandan öz şəxsi istəyi ilə yenidən Almatıya qayıdan Azay Kərimov iki ay yarım müddətində Özbəkistanda - Oş hadisələrində iştirak edib. Oş şəhərindəki vəhşilikləri xatırlayan Azay Kərimov bildirir: “Orada da eynilə Almatıdakı kimi qırğın baş verdi. Doğrudur, oradakı qırğın çox şiddətli olmadı, amma birinin başını orda, birinin başını burda kəsirdilər. Doğum evindən hamilə qadını yüksəklikdən tullayaraq başıaşağı hasara keçirmişdilər. Bir növ iyrənmişdim. 20 Yanvar hadisələri baş verəndən sonra isə dözə bilmədim. Çünki bu dəfə mənim millətimin başına oyun açmışdılar. Hər şeydən imtina edib gəldim”.
Azay Kərimov 20 Yanvar qırğını haqda Almatıdakı hərbi hissədə “Komsomolskaya pravda” qəzeti vasitəsilə məlumat alır: “Ancaq qırğın haqda o qədər də dolğun yazmamışdılar. Qardaşıma, atama zəng etdim, dedilər orada yazılanlar yalandır, burada milləti qırırlar. O zaman Qorbaçov əmr vermişdi ki, silahlı qüvvələrdə olan zabitlərin bir qismi ixtisara salınsın. İki-üç gün dözdüm, dördüncü gün dözə bilmədim. Yadıma gəlir, təyyarə bilteinin qiyməti 41 rubl idi. Səhər xidmətə getmədim. Heç nə götürmədim və otağımı bağlayıb çıxdım. Təyyarə ilə Bakıya gəldikdən sonra məni elə hava limanında saxladılar. Komendant saatı olmasına baxmayaraq, pencəyimin düyməsinin açıq olması səbəbi ilə həbs edilmişdim. Bakıdan təyyarə ilə ya Xankəndinə, ya da Yevlaxa uçmaq istəyirdim. Nəticə etibarı ilə 20 Yanvar qırğınından sonra qulluq etdiyim Almatıdakı motoatıcı tabordan qaçaraq Azərbaycana gəldim və həbs edilərək “Zil” markalı maşının yük hissəsinə yerləşdirildim. Yanımda nəzarətçi olmadığından avtomobilin işıqforda dayanmasından istifadə edərək özünü tullayıb qaçdım”.
Azay Kərimov özünü həbsdən xilas edəndən sonra Ağdama gəlir: “Ağdamdan o tərəfə vəziyyət gərgin idi, hər adam gedə bilmirdi. Xatırlayıram, 1990-cı ilin yayında, iyul ayında ora çatdım. Kimə müraciət etdimsə, dedilər, qardaş biz ora gedə bilmərik. Yeganə bir taksi sürücüsü dedi ki, səni aparacağam. Ağdamdan gedəndə gördüm ki, Xocalı ilə Əsgəran arasında, Xankəndinin girişində və Malbəyli ilə Xankəndi arasında çoxlu rus qoşunu var. Formada olmağıma baxmayaraq, özüm də həyəcan keçirirdim.
- Malıbəyli kəndində ümumi mənzərə hansı vəziyyətdə idi ?
- Qarabağı yaxşı tanıyan təcrübəli hərbçilər yaxşı bilir ki, o bölgədə 3 kənd olub və heç bir çıxılmaz vəziyyəti olmayıb. Yəni bu kəndlərə bütün giriş-çıxış yolları Xankəndinin və Əsgəranın içindən keçib gedirdi. Onların birincisi Malıbəyli kəndi idi, Xankəndinin 2 kilometrliyində yerləşirdi. Xocavənddən Xankəndinə getmək üçün bizim kəndin içindən keçməli getməli idin. Eyni zamanda, biz Xankəndidən Şuşaya, Ağdama getmək üçün mütləq Xankəndinin içərisindən geçməli idik. Bu üç kənddə müharibə 1990-cı ildə deyil, 1987-88-ci illərdən başlanmışdı. 90-cı illərdə camaat inanmırdı ki, vəziyyət bu həddə çata bilər. Amma mən bir hərbçi kimi həmişə narahat olurdum ki, camaat hansı vəziyyətə dücar ola bilər. Daxilən bir hərbçi kimi həmişə məni maraqlandırırdı. Amma Malıbəyliyə getdikdə gördüm ki, kəndin özündə iqtisadi vəziyyət pis deyil. Nəzarət var.
- Nəzarət kim tərəfindən idi?
- Polyaniçkonun rəhbərliyi ilə nəzarət edilirdi. Yadımdadır, Malıbəyli kəndinə helikopterlərlə, “Zil” maşınları ilə un, qənd, siqaret, çay və digər ərzaq daşınırdı. Bir sözlə, hər şey hətta heyvanlar üçün yem, ot da daşınırdı. Əhalinin Malıbəylidən başqa rayonlara getməsi üçün hərbçilərin mühafizəsi ilə hər bir şərait yaradılmışdı.
- Təbii ki, ermənilər Polyaniçkonu sevmirdi, lakin buna baxmayaraq, azərbaycanlılar da çox zaman Polyaniçkonu ermənipərstlikdə ittiham edirdilər. Bunun əsas səbəblərini nədə görürsünüz?
- Mən sırf 90-cı illərdə onun hərəkətlərindən görürdüm ki, bu adam birbaşa azərbaycanlılara işləyir. Azərbaycanlılara işləməsəydi, 4-5-dəfə ona Xankəndidə terror təşkil etməzdilər. Polyaniçko iclasların hamısını Xankəndidə keçirirdi. O, bütün camaatı ora toplayırdı ki, ermənilər azərbaycanlıların buradan əl çəkməyəcəklərini anlasınlar. Mən dəfələrlə onun yanında olmuşam, deyirdi ki, məqsədim burada Azərbaycan bayrağının dalğalanmasıdır. O deyirdi, istəmirəm ki, buradan Azərbaycanın bayrağı çıxarılsın. O, güclü kəşfiyyatçı idi. Onun Qarabağda, Xankəndidə casus şəbəkəsi mövcud idi. Şəhərdə nə baş verirdi, hamısından xəbərdar idi. O zaman “Sovetakan Karabak” adlı qəzet buraxırdılar, dəfələrlə biz orada partlayış törətmişdik. Polyaniçko stolun arxasında oturub bizə əsəbiləşirdi və bildirirdi ki, bu tipli əməliyyatlar çox olmalıdır ki, ermənilər qorxsunlar. Həqiqətən də ermənilər dəfələrlə müraciət etmişdilər. Məsələn, Daşaltıdan Şuşa rayon icra hakimiyyətinə, rəhmətlik Mikayıl Gözəlova şikayətlər daxil olurdu ki, bizə maşınlarla yardım edin, köçək gedək. Halbuki Daşaltıda bizim 70-dən çox döyüşçümüz qırılmışdı. Həmçinin, o zaman Qarbağ üzrə xüsusi nümayəndə İrəvandan Cıdır düzündə gəlmişdi. Onu qarşılayıb icra hakimiyyətinə apardıq, oradan da avtomobil yolu ilə Xankəndinə getdik. 2-3 saatdan sonra dedi, camaat mənə bildirir ki, bizə avtomobillərlə kömək edilsin. Yük maşınları ilə biz Xankəndini tərk edib gedirik, bizə dəhliz versinlər və təhlükəsizliyimizi təmin etsinlər. Kazimirov deyirdi ki, əgər ermənilər sizə inanmasa, biz rus əsgərlərindən ibarət kömək göndərə bilərik.
- Polyaniçko ilə yanaşı, indiki daxili işlər naziri Ramil Usubovun da Xankəndi daxilində güclü casus şəbəkəsi formalaşdırılması və çoxlu sayda erməninin Şuşa həbsxanasına salınması haqqında nə deyə bilərsiniz?
- O zamanlar Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi indiki nazir Ramil Usubov idi. O, həmin vaxt çox ağıllı bir plan həyata keçirirdi. Ramil Usubov əraziyə yaxşı bələd olan adam kimi, Xankəndidə kifayət qədər güclü casus şəbəkəsi cəlb etmişdi. Sadə ermənilərin 95 faizi Ramil Usubovun agenti idi. Xankəndi Daxili İşlər İdarəsinin cinayət axtarış şöbəsində Karib və Şahnazaryan adında iki erməni işləyirdi. Xankəndidə baş verən hadisələri onlar təşkil edirdilər. Bu iki nəfərin təşkilatçılığı ilə Xankəndidə yerləşən 30 min azərbaycanlıya divan tutuldu. Onların yarısı Şuşaya, yarısı Bakıya pənah gətirdi. Bu tipli icraçı şəxsləri və xarici ölkələrdən muzdlu gələn insanları zərərsizləşdirmək üçün Polyaniçko ilə Ramil Usubov birgə işləyirdilər. Eyni zamanda, Ramil Usubov özü ilə birlikdə Bakıdan çox təcrübəli əməliyyatçılar da dəvət etmişdi. Mən həmin vaxt polis sistemində işləyirdim, post-patrul xidmətinin bölük komandiri idim.
Deməli, belə olurdu, artıq biz yola düşəndə bilirdik ki, kim haradan nə götürəcək. Düzdür, o zaman ermənilər küçə adlarını yığışdırmışdılar və ona görə də tapmaq çətin idi. Buna baxmayaraq, vaxtilə Xankəndidə yaşayan şəxslər bələdçi kimi cəlb edilirdi. Biz isə müxtəlif planlar, məsələn, avtomat xalatın altında təcili yardım həkimi kimi, yaxud da yanğınsöndürən kimi maskalanıb həmin adamları götürürdük. Bu, böyük risk tələb etdirdi. İkincisi, bu adamları konkretləşdirib tapmaq da çox çətin idi.
Sizi inandırım ki, Şuşa həbsxanasında bir dənə boş kamera qalmamışdı. Ümumiyyətlə, Şuşa həbsxanasındakı azərbaycanlı məhkumların hamısı Bakıya köçürmüşdü. Qaradağ kəndindən olan bir erməni cinayətkar həmin kəndin yaxınlığında ana və balanı yandırmış, sonra da neçəsini güllələmişdi. Bunu sübut etmək üçün biz çox dəqiqliklə işləyirdik. Avqust ayında Qaradağda kəndin aşağı tərəfində onların meyitlərindən analiz götürdülər və sübut etdilər ki, bu adamları həmin erməni öldürüb. Karibdən şəxsən keçmiş prokuror İsmət Qayıbov ifadə almışdı. Şahnazaryan dözə bilmədi, gecə ikən Şuşa həbsxanasında döşək ağı ilə özünü asdı.
- Zori Balayan, Silva Kapitukyan, Arkadi Qukasyan və Serj Sərkisyan da Şuşa həbsxanasına salınmışdı?
- Xeyr, biz onları həbs edə bilməmişdik. Onlar Həsən dərəsi adlı yerdə idilər. Ora daxil olmaq mümkün idi, çıxmağı isə ağlınıza belə gətirmə bilməzdiniz. Lakin biz həmin ərəfədə Qala dərəsini və Laçının ətrafında olan digər erməni kəndlərini də almışdıq. Ermənilər elə bilirdilər ki, bu əməliyyatı Polyaniçko aparır, ona görə bir ayda 4 dəfə onun evini qumbaraatanla vurdular. Çox sonralar başa düşdülər ki, bunu Şuşadan gələn polislər edib. Məqsədimiz Laçın və Şuşa arasında olan bütün erməni kəndlərini azad etmək idi. Nəticədə Laçın-Şuşa yolu təmizlənmiş və Laçın dəhlizinin təhlükəsizliyi təmin edilmişdi. Lakin çox təəssüflər olsun ki, Mikayıl Gözəlov rəhmətə getdi və ondan sonra Şuşanın həbsxana rəisi orada saxlanılan erməniləri açıb buraxdı. Onlar da həbsxanadan açılıb buraxılan kimi, aranı qatdılar və soyqırımlar törətmək üçün planlar hazırladılar.
O zaman Kərkicahanda şiddətli döyüşlər getməyə başladı. Meşəli kəndi işğal edildi və Kərkicahanın müdafiəsi zamanı Quşçulardan olan kəndçim Rizvan Teymurov (Azərbaycanın Milli qəhrəmanı) şəhid oldu. Onun cəsədini götürüb Şuşaya, oradan da dəfn etmək üçün kəndə gətirdim. Vəziyyətin ağırlaşması səbəbindən kənd əhalisi qayıtmağıma imkan vermədi.