Modern.az

Azərbaycanda daha hansı nazirliklər, komitələr birləşdirilməlidir?

Azərbaycanda daha hansı nazirliklər, komitələr birləşdirilməlidir?

11 Fevral 2015, 09:50


Prezident İlham Əliyevin Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin ləğv edilməsi ilə bağlı verdiyi sərəncam hökumət nümayəndələri, eləcə də cəmiyyətdə  müsbət addım olaraq dəyərləndirilib.

Bununla bağlı bir neçə gün əvvəl açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da eyni funksiyalı nazirliklərin birləşdirilməsi məsələsini qaldırıb.  

Elə bunu əsas götürərək Modern.az bir neçə prizmadan məsələni işıqlandırmağa çalışıb. Müsahiblərimiz saytımıza açıqlamalarında müxtəlif nazirliklərin birləşdirilməsinin iqtisadi əhəmiyyətini şərh ediblər:  

 

İqtisadçı-alim Vüqar Bayramov: “Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyası hazırlanıb. Sənəddə 8 istiqamət üzrə islahatların aparılması təklif olunur. Bunlardan biri də struktur islahatlarıdır. Bu islahatlar birmənalı şəkildə dövlət qurumlarının idarəetmədə çevikliyinin artırılması, bir neçə qurumun birləşdirilməsi, hətta yeni qurumların, agentliklərin yaradılmasını ehtiva edir.  

Hesab edirəm ki, ilkin olaraq struktur dəyişikliyi su sektorunda reallaşdırılmalıdır. Çünki içməli və melorasiya sularının vahid mərkəzdə birləşdirilməsi daha məqsədə uyğunluğundur. Bu sektorda çalışan qurumların birləşdirilərək vahid mərkəz yaradılması mümkündür.

Bu isə həmin sektorda idarəetmə və dinamikliyin artırılamısına gətirib çıxara bilər.   Düşünürəm ki, eyni zamanda Gömrük Komitəsinin ləğv edilib Vergilər Nazirliyinə birləşdirilməsi də real görünür. Gömrük Komitəsinin əsas işi gömrük vergilərinin yığılmasıdır və həmin vergilər ümumi vergilərin bir hissəsidir. Azərbaycanda vergi qurumu ayrıca nazirlik kimi fəaliyyət göstərdiyi üçün məqbuldur ki, Gömrük Komitəsi nazirliyin yanında bir departament kimi fəaliyyət göstərsin. Vergilər Nazirliyi ölkədə elektron höküməti ilk və ən çox tədqiq edən dövlət qurumudur. Xidmətlərin elektoronlaşması səviyyəsinə görə Vergilər Nazirliyi MDB ölkələri içərisində öndə gedən bir qurum hesab olunur.   Biz eyni zamanda Yanacaq və Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Yanacaq və Sənaye nazirliyinə, digər qisim funksiyalarının isə Dövlət Neft Şirkətinə verilməsini təklif edirik.  

Fikrimcə, enerji sahəsindəki idarəetmənin mərkəzləşdirilməsinə ehtiyac var.“Azərenerji”nin də Dövlət Neft Şirkətinə birləşdirilməsi əsas məsələlərdəndir.   Bu birləşdirmələrlə yanaşı, yeni qurumların yaradılması da vacibdir. MDB ölkələrində tətbiq edilən əsas meyar rəqabətin müdafiəsi agentliyinin formalaşmasıdır.  

Bundan əlavə, İqtisadiyyat və Sənaye Nazirliyi yanındakı Antiinhisar və istehlakçıların hüquqlarının müdafiəsi komitəsi xidmətinin nazirlikdən ayrılaraq müstəqil agentlik kimi fəaliyyət göstərməsinin daha səmərəli olacağını düşünürəm.

Çünki indiki vəziyyətdə iqtisadiyyatda rəqabəti tələb olunur. Bütövlükdə struktur islahatları yalnız dövlət qurumlarının birləşdirilməsi deyil, eyni zamanda yeni qurumların yaradılmasını özündə ehtiva etməlidir. Bunlar isə idarəetməni daha asanlaşdıracaq və dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitlərin azalmasına gətirib çıxaracaq, qənaətin səmərəliyinin yüksəldilməsinə xidmət edəcək”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa: “Bizim tərəfimizdən də islahat xarakterli təkliflər hazırlanaraq hökumətə təqdim edilmişdi. Burada söhbət təkcə qurumların birləşdirilməsindən getmir. Məsələn, vahid istintaq qurumunun yaradılması məsələsi qaldırılıb. Yəni hər orqanın özünün vahid istintaq orqanının olması düzgün deyil. Eyni zamanda, bir-birinin funksiyasını təkrar edən nazirliklərin birləşdirilməsi məsələsinə baxılmalıdır. Xüsusilə iqtisadi-maliyyə sektorunda olan nazirliklərin vahid mərkəzdə toplanması daha məqsədəuyğundur. Digər tərəfdən, funksional təkrarçılıqla məşğul olan xeyli qurum var, onların fəaliyyətinə də baxıla bilər.   Başlanğıc üçün belə bir islahatın aparılmasını çox yüksək qiymətləndirirəm. Nazirliklər birləşdirildikdən sonra ən azı ştatların sayı azalacaq, lüzumsuz nəzarət və nəzarət mexanizmləri aradan qalxacaq”.


Musavat.com saytının baş redaktoru Xalid Kazımlı: “Bu cür struktur islahatları vaxtaşırı aparılmalıdır. Paralel, eyni işi görən, bir-birinə yaxın olan sahələrin ayrı-ayrılıqda nazirlik kimi fəaliyyət göstərməsi yolverilməzdir. Dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər nazirliyi olan ölkə yoxdur.

Halbuki, bir nazirliyin nəzdində fəaliyyət göstərə biləcək baş idarələr ola bilər. Hamısının ayrıca nazirlik olmasına ehtiyac yoxdur. Bu qədər nazirlik milyonlarla dövlət vəsaitinin əlavə xərclənməsidir. Çünki hər nazirliyin saxlanması üçün büdcədən vəsait ayırılır, hər nazirin müavinləri, idarə işçiləri, yüzlərlə, minlərlə kadrı saxlamaq üçün vəsait tələb olunur. Halbuki baş idarələrdə bu işçi qüvvəsinin 10-15 faizini saxlamaqla idarəetməni mükəmməl səviyyədə reallaşdırmaq olar. Əsas məsələ büdcəyə qənat edilməsidir. Bir çox ştatlarda işçilər yalnız işə gedib-gəlməklə məşğuldurlar.

Ortada konkret olaraq fəaliyyət yoxdur. Bu səbəbdən də bir neçə nazirliyin birləşdirilməsi labüddür”. 


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Azərbaycanda demokratiyanın qarşısında duran əsas məsələlərdən biri ağır bürokratik aparatın mövcudluğu və hakimiyyətlə vətəndaşlar arasında çoxpilləliyin olmasıdır. Demokratiya tələb edir ki, iadrəetmə pillələri mümkün qədər az olsun və idarəetmədə az adam iştirak etsin. Bu həm də dövlət vəsaitinə qənaət etmək baxımından çox sərfəlidir. Ayrı-ayrı dövlət orqanlarının eyni səlahiyyətləri paralel icra etməsi aradan qaldırılarsa, konkret olaraq bir işə bir nazirlik cavabdehlik daşıyar. Hazırda bir məsələnin həllindən ötrü bir neçə nazirlik cavabdehlik daşıyır. Burda məsuliyyətdən yayınma da baş verir.

Vahid mərkəzdə birləşdirilərsə, işə məsuliyyət də artar. Bu baxımdan belə addımların atılmasını çox düzgün qiymətləndirirəm.

Mən eyni zamanda prezident İlham Əliyevin ayrı-ayrı nazirliklərin nəzarətində olan mühafizə xidmətlərini ləğv edib Daxili İşlər nazirliyinin balansına verəcəyini də gözləyirəm. Çünki bunun özü dövlətçiliyimiz üçün təhlükəli meyldir. Axı, nəqliyyat, səhiyyə və digər nazirliklərin ayrıca mühafizə xidmətinin olması nəyə lazımdır?  

Hər kəsin öz mühafizəsini həyata keçirməsi silahlı qüvvələrin nəzarətsiz qalmasına gətirib çıxara bilər.

Bundan başqa, mühafizə xidmətlərində hərə istəyinə uyğun ştatlar təşkil edir. Bu məsələdə przidentin yanındayıq, dəstəkləyirik. Hesab edirəm ki, şişirdilmiş bürokratik aparat ləğv edilməlidir. İnsanlar vəzifəyə gəldikdə süni şəkildə yerlər açıb öz qohum-qardaşlarını orda yerləşdirmək məqsədi güdür.  

Məncə, inzibati ərazi bölgüsündə də islahatlar həyata keçirilməlidir. Artıq mahal sisteminə keçilməsinin vaxtı çatıb. 120-130 rayonun 6-7 mahala bölünməsi daha məqsədəuyğundur. Düzdür, idarəetmə islahatları iqtisadi böhranla bağlıdır, amma ölkədə demokratik sistemin formalaşdırılması da bu islahatları tələb edir. Mütləq şəkildə Azərbaycanın indiki rayon inzibati bölgü sistemi dəyişdirilməlidir. 120 icra başçısı, hərəsinin öz aparatı, işçiləri və s. var. Hətta arasında 10 kilometr məsafə olan rayonların da ayrıca icra başçısı var. Bunlara nə ehtiyac var?”    

Gülşən RAUFQIZI


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...