“Beynəlxalq Qızıl Xaç Komitəsi Ağdam ərazisində saxlanılan erməni hərbçisinə hələ ki baş çəkməyib”.
Bunu Modern.az-a komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O qeyd edib ki, görüş təyin edilməsi üçün danışıqlar gedir: “Komitə öz mandatına uyğun olaraq silahlı münaqişə səbəbindən saxlanılan şəxslərə baş çəkir. Arsen Baqdasaryana da baş çəkmək üçün hazırda tərəflərlə danışıqlar aparılır”.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Polis İdarəsinin Haupvaxtında monitorinq zamanı orada saxlanılan Ermənistan ordusunun hərbiçisi 1994-cü il təvəllüdlü Arsen Bagdasaryanla da görüşdüyünü açıqlamışdı. Erməni əsir görüş zamanı Ermənistanda vəziyyətin çox pis olması səbəbindən öz istəyi ilə Azərbaycan tərəfinə keçdiyini söyləmişdi.
Əsir qeyd etmişdi ki, saxlanma şəraitindən və ona qarşı münasibətdən çox razıdır, hər hansı şikayəti yoxdur. Gündə üç dəfə isti yeməklə, siqaretlə təmin olunur. Ermənistana qayıtmaq istəmir və üçüncü ölkəyə transfer edilməsini arzulayır.
Ermənistan tərəfinin iddialrına görə, Azərbaycan tərəfi saxlanılan şəxsə baş çəkilməsinə mane olur. Bu səbəbdən də BQXK onunla görüşə bilmir.
Arsen Baqdasaryan ötən il dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.
Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan əsir olaraq ələ keçirilib.
Gülşən RAUFQIZI