Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlunun qətlində təqsirkar bilinərək ömürlük həbs cəzasına məhkum olunmuş Vüqar Əliyevin vəkili bu gün onunla görüşəcək.
Bu barədə Modern.az-a Vüqar Əliyevin vəkili Adəm Məmmədov məlumat verib: “Hazırda yoldayam, Vüqar Əliyevlə görüşə gedirəm. Çox güman ki, 2-3 saatlıq bir görüş olacaq”.
Vəkil bir müddət əvvəl Penitensiar Xidmətə ərizə ilə müraciət edərək, məhkumla görüşmək istəyini bildirsə də, görüşün təyin edilməsi gecikirdi.
“Fevral ayının 12-də baş tutacaq Lamiyə Quliyevanın məhkəmə prosesində Vüqarın da iştirakı gözləniləndirmi” sualına cavab olaraq vəkil “xeyr” cavabını verib: “Həmin prosesdə Vüqar Əliyev iştirak etməyəcək. Çünki bu proses onunla bağlı deyil”.
1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.
Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyeva barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Bir müddət əvvəl onun həbsxanada, həm də rəsmi nikahı olmadan ana olması cəmiyyətdə rezonans doğurub.
Lamiyə Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin hökmünə gəldikdə isə cəzanın ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib protestə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses saat 12:30-da başlayacaq.
Vüqar Əliyev hazırda Qobustan həbsxanasında cəza çəkir. O, həbsdə olarkən yaxın qohumu olan bir qadınla ailə qurub. Vəkili Vüqar Əliyevin günahsız həbs olunduğunu deyir və onun əfvi üçün ölkə başçısına müraciət hazırlayıb: “Növbəti günlərin birində geniş mətbuat konfransı keçiriləcək, qaranlıq qalan bütün məqamlar aydınlığa qovuşacaq. Əfv ərizəsi də ordan ictimaiyyət vasitəsilə cənab prezidentə ünvanlanacaq”.
Vəkil iddia edir ki, qətlin Vüqar Əliyevin boynuna qoyulması Aslan Aslanovun istintaqa müdaxiləsi ilə baş verib.
Gülşən RAUFQIZI