Modern.az

Sübut - Yumoristik novellalar-2

Sübut - Yumoristik novellalar-2

11 Fevral 2015, 12:44

telejurnalist

14 fevral tarixini bəzi ölkələr sevgililər günü kimi qeyd edirlər. Birmənalı münasibət olmasa da, bu tarixi Azərbaycanda da qeyd edənlər var. Bu münasibətlə təqdim etmək istədiyim yumoristik novellalara ön söz əvəzi.

Mərhum nəğməkar şair Nüsrət Kəsəmənlinin “Oğru olmaq istəyirəm” şeirindən bir neçə sətri yaddan çıxara bilmirəm:

“Məni qınamayın,
oğru olmaq istəyirəm.
İki sevən gəncin arasına
Girmək istəyənləri
Oğurlamaq istəyirəm”.

Sevgi saf, təmiz olmalıdır. O ləkə götürmür. Nüsrətin dediyi o üçüncü adam belə hisslərdən çox-çox uzaqdır. Belələrini sözün əsl mənasında oğru adlandırmaq olar. Oğrunun isə taleyi gec-tez uğursuzluğa duçar olur. Hansı məqsədlə, hansı düşüncə ilə başqasının sevgilisini ələ almaq istəyən (istər qız, istər oğlan olsun) sonradan başına döyəcək. Gec olacaq.  Axı, xalq mahnısında deyildiyi kimi, “ Nə sənə qız qəhətdir, nə mənə oğlan”. Bəs onda niyə belə addımlar atılır? “Oğlan narkomandır, oğlan alfonsdur, oğlan arvad saxlayan deyil” – deyirlər xalq arasında. Qızın da ünvanına çox şey qoşurlar. Etika xatirinə sevgililər günündə mən bunları qələmə almaq istəmirəm. Həm kişinin, həm qadının ucbatından son zamanlar necə faciələr, qətllər baş verir. Bunlar ibrət deyilmi? Möhkəm təməl üstündə qurulmayan məhəbbət, sevgi aşağıdakı novellalardan göründüyü kimi etibarlı olmur.  Ülvi münasibəti yaşatmaq lazımdır. Bu bizim  xalqın mentalitetidir. Gəlin hamılıqla ona sədaqətli olaq, bəd vərdişlərə tövbə edək! 

YUMORİSTİK NOVELLALAR – 2

Sübut

Dənizkanarı bulvar. Ər və arvad sahildə gəzirlər. Qadın gülə-gülə soruşur:

-          Əzizim, səndən bir şey soruşsam, acığın tutmaz ki?

-          Bu nə sözdür, biz bəyəm təzə tanış olmuşuq?

-          Bilirsın nə var, hər dəfə biz bulvara gələndə gənclik illərim yadıma düşür. Yadındadırmı, bu yerlər? Məni çox sevdiyini, nə bilim ...

-          Nə demək istəyirsən?

-          Məni indi də sevirsənmi?

-          Eh, deyəsən, yenə də səfehləyirsən ...

-          Bilmək istəyirəm ki, indi də sevirsən, ya yox?

-          Ay arvad, biz daha uşaq deyilik, özümüz uşaq sahibiyik. Bizi kimsə bir-birimizdən ayıra bilməz.

-          Dayan! Deməli, sevirsən, hə.

Ər ah çəkir:

-          Bəli, sevirəm, sevirəm!

-          Bunu sübut edə bilərsənmi?

-          Nəcə sübut edim?

-          Bax, məsələn ...  Mən bu məhəccərdən dənizə yıxılsam, xilas etmək üçün heç düşünmədən özünü dənizə atarsanmı?

-          Sənin mənə qarşı bu qədər laqeyd olduğunu heç düşünməzdim. Görünür, mənə heç rəhmin gəlmir ...

Elə bildim ki ...

Qız və oğlan restoranda oturub danışırlar. Oğlan qızın əlini sığallayıb nəsə danışır.

Bu vaxt xörəkpaylayan onlara yaxınlaşıb nəzakətlə:

-          Buyurun, sizi dinləyirəm.

O, əlindəki bloknota sifarişlərini yazmaq istəyir. Məst olmuş oğlan və qız isə heç ona məhəl qoymurlar.

Oğlan: - Nə gözəl barmaqların var? Ah, bu əlləri, bu dodaqları, o gözləri ...

Qız: - Nə demək istəyirsən?

Oğlan: - Onları yemək istəyirəm ...

Xörəkpaylayan: - Bağışlayın, mən elə bildim ki buraya xorək yemək üçün gəlmisiniz ...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI