Modern.az

İki “Nida”çı ilə bağlı Ali Məhkəməyə şikayət ediləcək

İki “Nida”çı ilə bağlı Ali Məhkəməyə şikayət ediləcək

Təhsil

11 Fevral 2015, 12:50

Vəkil Əsabəli Mustafayev 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan “Nida”çı məhbus Rəşad Həsənovla görüşüb. O, Modern.az saytına bildirib ki, gənc fəal özünü yaxşı hiss edir: “Səhhətindən və saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Yaxınları ilə görüşə bilir”.

Vəkil Rəşad Həsənovla bəzi məsləhətləşmələr apardığını da deyib: “Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət hazırlayırıq. Şikayəti gələn həftənin əvvəli məhkəməyə təqdim edəcəyik. Şikayət ərizəsində əsas tələbimiz hökmün ləğv olunması, bəraət hökmünün çıxarılmasıdır.

Görüş əsnasında bildirdim ki, mart ayında əfv sərəncamının imzalanması ilə bağlı gözləntilər var. Rəşad bu sərəncamda onun da adı olacağına ümidlidir”.

Əsabəli Mustafayev dekabrın 29-da prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Üzeyir Məmmədli ilə də görüşdüyünü deyib: “Üzeyir Məmmədli azadlıqda olsa da, onun üzərindən məhkumluq götürülməyib. Ali Məhkəməyə şikayət ərizəsi ilə müraciət edəcəyik. Tələbimiz ona bəraət verilməsidir”.

Rəşad Həsənov ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Rəşad Həsənova 7 il 6 ay həbs cəzası verilib.

O vaxt 8 “Nida”çı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə 8 il, Məmməd Əzizov, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi “Nida”çı gənclər haqda hökmü qüvvədə saxlayıb.

Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı əfv sərəncamı ilə Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa çıxıb.

Bəxtiyar Quliyev (o, həbsdə olarkən “Nida”dan çıxıb) və Şahin Novruzlu prezidentin əfv sərəncamı ilə 2014-cü il oktyabrın 18-də azad olunublar.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir