Müsavat Partiyası sabah keçiriləcək iqtidar-müxalifət görüşündə iştirak etməyəcək. Bu barədə Modern.az-a Müsavat Partiyasından məlumat verilib.
Məlumatda bildirilib ki, Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir:"Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir. Müsavat Partiyası qeyd edir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir qrup siyasi partiyaların rəhbərləri ilə təyin olunan görüşün mahiyyəti iqtidar nümayəndələri tərəfindən müxtəlif cür təqdim olunur. Bu görüşdə Müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil. Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 12 fevral 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək görüşdə iştirak etməyəcək.
Müsavat Partiyası ümummilli məsələrlə bağlı bütün siyasi qüvvələrin, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğu barədə əvvəllərdə açıqladığı mövqeyə sadiq olduğunu bəyan edir. Müsavat Partiyası müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyələnləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır".
Modern.az