“Nida”çı məhbus Rəşadət Axundovun atası Fikrət Axundovun səhhətində problem yaranıb. Bu barədə Modern.az saytına Fikrət Axundov özü məlumat verib.
O bildirib ki, 2014-cü ilin mart ayında Təbrizdə ürəyin işemik xəstəliyindən açıq əməliyyat olunub: “İndi də ürəyimdə aretmiya yaranıb. Həkimlər deyir ki, aretmiyanın yeni üsulla müalicəsi Türkiyədə mümkündür. Həm maddi cəhətdən, həm də ailə vəziyyətimə görə bu proseduraya getmək istəmirəm. Oğlum həbsxanada, nəvəm yanımda, gəlinim işləmir, həyat yoldaşım da Rəşadətdən sonra II qrup əlildir. Bu vəziyyətdə olan bir ailənin başçısı müalicəyə necə gedə bilər?! Rəşadətin bundan xəbəri yoxdur, heç deməyi də düşünmürəm”.
Fikrət Axundov oğlu 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləndən sonra ikinci dəfə fevralın 9-da görüşdüyün deyib: “Rəşadətin yanına həyat yoldaşı, oğlu Araz, anası və mən getmişdik. Səhhəti, saxlanma şəraiti yaxşıdır. Nə qədər desəm də ki, narazılığı yoxdur, amma həbsxanadır, necə olsun?! Türmədən qaçaqlıq yaxşıdır, qaçaqlıqdan da ölüm.
Ürəyimin getdikcə pisləşməyimin səbəbi nəvəm Arazın hər atasının şəklin görəndə “ata”, “ata” deyib çağırmasıdır. Rəşadətin şəklini evdə gizlətməkdən yorulmuşam. Nəvəm yanımda ata deyəndə qəlbim dağlanır. Rəşadət həbs olunandan 12 gün sonra Araz dünyaya gəldi, üzünü həbsxanada gördü”.
Rəşadət Axundov ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Rəşadət Axundova 8 il həbs cəzası verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə 8 il, Məmməd Əzizov, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Dekabrın 16-da Bakı Apelyasiya Məhkəməsi “Nida”çı gənclər haqda hökmü qüvvədə saxlayıb.
Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı əfv sərəncamı ilə Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa çıxıb.
Bəxtiyar Quliyev (o, həbsdə olarkən “Nida”dan çıxıb) və Şahin Novruzlu prezidentin əfv sərəncamı ilə 2014-cü il oktyabrın 18-də azad olunublar.
Yeganə OQTAYQIZI