Prezidenti İlham Əliyevin sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb.
Səhmləri dövlətə məxsus olan “AzerGold” QSC əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilib:
Nazirlər Kabineti Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edəcək;
İqtisadiyyat və Sənaye Nazirliyi isə
- Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;
- Cəmiyyətin idarə heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Cəmiyyətin müşahidə şurasının və təftiş komissiyasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;
- Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;
- Sərəncamda qeyd edilənlər istisna olmaqla, Mülki Məcəllə ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli ilə mə.ğul olacaq.
Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verəcək
Müəyyən edilib ki, Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır, Cəmiyyətin idarə heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
Nazirlər Kabineti cəmiyyətin Nizamnaməsini və strukturunu iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etməli Cəmiyyətin ilkin mərhələdə saxlanılması və nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etməlidir.
Sərəncamla Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə isə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görmək tapşırılıb.
Modern.az