Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist,
Pedaqogika üzrə fəlsəfə doktoru
Sabir Məhəmməd oğlu Yusifov 15 sentyabr 1927-ci il tarixdə Azərbaycan Respublikasının dilbər guşələrindən biri olan Qəbələ şəhərində dünyaya göz açıb. 1942-ci ildə atasına kömək etmək məqsədilə keçmiş Qutqaşen (indiki Qəbələ) poçtamtında poçtalyon vəzifəsində işə başlayıb. 1944-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 1953-cü ildə Azərbaycan SSR Rabitə Nazirliyinin Attestasiyası Komissiyasının qırarı ilə ona II dərəcəli “Rabitə təlimatçısı” fəxri rütbəsi verilib.
1954-cü ildə Sumqayıt şəhər Kommunist Partiyasının I katibi Kamran Hüsynovun təşəbbüsü ilə Rabitə Nazirliyi Kollegiyasının qərarı və Rabitə Nazirliyinin əmri ilə 8 mart 1954-cü ildə MingəçevirPoçtamtının rəisi vəzifəsinə köçürülüb. 1958-1964-cü illərdə M.Əzizbəyov adına Neft-Kimya Institutunun Energetika fakültəsində oxuyub və 1964-cü ildə müvəffəqiyyətlə bitirib. 1960-cı ilin yanvar ayında Rabitə Nazirliyi onu Sumqayıt şəhər Poçtamtından Bakı Mərkəzi Poçtamtına rəis vəzifəsinə irəli çəkib. Sabir müəllimin işlədiyi vəzifələrdə özünü bacarıqlı təşkilatçı, tapşırılan işin öhtəsindən şərəflə, ləyaqətlə gələn, qabaqcıl bir təcrübəli işçi, kadr olmasını nəzərə alaraq Rabitə Nazirliyinin təqdimatına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 03 iyul 1968-ci il tarixli 305 saylı qərarı ilə Azərbaycan SSR rabitə nazirinin müavini vəzifəsinə təyin edilib. Bundan sonra Sabir Məmmədoğlu SSRİ Rabitə Nazirliyi tərəfindən 3 illiyə (1978-1981-ci illər) Əfqanıstan DR Rabitə Nazirliyində poçt rabitəsinin təşkili üzrə müşavir vəzifəsinə ezam edilib.
1982-ci ildə Əfqanıstan DR-da xidməti ezamiyyətini şərəflə başa vurub doğma ana vətəni Azərbaycana-Bakıya qayıdıb. Həmin il Azərbaycan SSR Nazirlər Sovetinin 01 fevral 1982-ci il tarixli 80 saylı qərarı ilə yenidən nazir müavini vəzifəsinə təyin edilni. Nazir müavini vəzifəsində də ömrünün axırına 09.06.1991-ci ilədək işləyib.
Sabir Yusifov alicənablığın, paklığın, insanlığın fövqündə dayanan insan idi. O, sözün hər mənasında dəyərli ziyalı, parlaq, işıqlı bir şəxsiyyət idi. Sabir müəllimlə mənim ilk tanışlığım 1986-cı ilə təsadüf edir. O zaman mən ali məktəbi bitirib rabitə evində işə başladım. İşlədiyim müddətdə görüşdüyüm ilk vəzifəli şəxs, o zaman məhz, Sabir müəllim oldu. Onunla bir-neçə dəfə görüşdüm. İlk görüşümdə o mənə çox gözəl təsir bağışladı. Onunla görüşəndən sonra adamda müsbət emosiya yaranırdı. Çünki Sabir müəllim o qədər səmimi, sadə və mehriban, nəzakətli idi ki, ünsiyyətdə olduğu şəxslərə xoş təsir bağışlamağı bacarırdı. Beləliklə, 5 il müddətində mən Sabir müəllimin çalışdığı dövrdə rabitə sahəsində çalışdım. Rabitəçilərlə görüşən zaman hamının Sabir müəllim haqqında müsbət söz deməsinin şahidi olurdum. O zaman rabitə nazirliyində 4 müavin var idi. Hərə bir sahəyə rəhbərlik edirdi. Sabir müəllim də poçt sahəsinə rəhbərlik edirdi. Rabitəçilər poçt sahəsində işləyən həmkarları ilə ünsiyyətdə olarkən deyirdilər ki, siz nə qədər xoşbəxtsiniz. Sizin Sabir müəllim kimi rəhbəriniz. Hər hansı bir rabitəçinin hansısa bir problemi olurdusa o, məhz Sabir müəllimin qəbulunda olmağa çalışırdılar. Çünki, Sabir müəllim həqiqətən də ona müraciət edən insanlara daim yardım etməyə çalışırdı və müəyyən qədər də olsa buna nail olurdu. Sabir müəllim hər bir işçiyə münasibətində çox dəqiq idi. Onun keçdiyi ağır həyat yoluna nəzər salanda gorürük ki, rabitə nazirinin müavininə qədər bütün aşağı pillələrdə vəzifələrdən keçib. Ona görə də o, rəhbər işçiylə bir dildə, adi işçi ilə isə başqa bir dildə danışırdı. Nəticədə insanların hər birinin ona böyük hörməti, rəğbəti var idi. Sabir müəllim milli-mənəvi dəyərlərimizə, dilimizə, ədəbiyyatämıza, mədəniyyətimizə daim böyük qiymət verən, sevən, onları rabitə sahəsində təbliğ edən cəsarətli, fədakar bir insan, rəhbər işçi idi. Yaxşı xatırlayıram, mən o zaman xətt qurğuları üzrə layihəni ilk dəfə Azərbaycan dilində tərtib edəndə ilk reaksiya rabitə nazirliyinin rəfıbərliyi tərəfındən məhz Sabir müəllimdən gəldi. Mən tam məsuliyyətlə deyə bilərəm ki, Sabir müəllim o zaman Rabitə nazirliyində rəhbər vəzifəli şəxslər içərisində Azərbaycan ədəbi dilini tam, mükəmməl bilən yeganə şəxs idi. Sabir müəllim xoşbəxt bir insandır. Çünki, onun çox gözəl bir ailəsi var. Sabir müəllim xoşbəxt bir insandır, ona görə ki, onun vaxtı ilə görmək istədiyi arzular bu gün həyata keçir, çin olur. Azərbaycan rabitəsini öncül görmək istəyirdi. Bü gün rabitə çox böyük sürətlə inkşaf edir. Bu gün Azərbaycan poçtu inkşaf edib. Istər Qəbələdə, istərsə də butövlüklə Azərbaycanda. O, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini görmək istəyirdi. Bu gün Azərbaycan həqiqətən də müstəqildir və dünya arenasında özünə məxsus yer tutub, bölgədə lider dövlətə çevrilib. Bu gün Sabir müəllimin böyüyüb boya-başa çatdığı Qəbələ dünyanın musiqi mərkəzinə, mədəniyyət mərkəzinə çevrilib. Burada müxtəlif musiqi festivalları keçirilir. Bütün bunlar Sabir müəllimin görmək istədiyi arzular idi ki, həyata keçib. Atalarda bir misal var : "Ot kökü üstə bitər". Sabir müəllimin övladları da atalarına layiqdirlər. Tale elə gətirdi ki, mən Sabir müəllimin oğlu Adillə uzun illərdir, dostam və Sabir müəllimdə olan bütün müsbət keyfiyyətlərin hamısı həm Adildə, həm də onun qardaşlarında öz əksini tapıb. Sabir müəllim elə bir şəxsiyyətdir ki, onun haqqında danışdıqca danışırsan. Sabir müəllim rabitədə bir ənənə, bir məktəb qoyub. Sabir müəllim daim sevilərək xatırlanan bir insandır. Hər bir zaman rabitəçilər və mən də Sabir müəllimi böyük dərin məhəbbətlə yad edirəm. Sabir müəllim böyük mütəxəssis idi. Sabir müəllim yüksək intellekt sahibi idi. Təbii ki, humanist, mərhəmətli insan idi. Bütün bu müsbət keyfiyətlərin nəticəsi idi ki, o zaman Respublikaya rəhbərlik edən ümumilli liderimiz Heydər Əliyev Sabir Yusifovu məhz Əfqanıstana göndərdi. Orada rabitənin, poçtun inkşafında Sabir müəllim böyük işlər, xidmətlər göstərdi. Sabir müəllim Əfqanıstanda çalışan zaman SSRİ xalq artisti, bizim dünya şöhrətli müğənnimiz Zeynəb Xanlarova Kabildə konsert verirdi. Bu konsertin keçirilməsində bir azərbaycanlı kimi Sabir müəllim də böyük əmək sərf edib. Sonradan Zeynəb Xanlarova danışardı ki, mən orada konsert verən zaman eşitdim, Əfqanıstan hökumətində bir Azərbaycan oğlu müşavir vəzifəsində çalışır. Mən ondan qürurlandım ki, nə gözəl azərbaycanlı oğlu, azərbaycanlı bir mütəxəssis Əfqanıstan rabitəsinin ınkşafına öz töhfəsini verir.
Neçə-neçə gənc kadrların hazırlanmasında, onların aspiranturaya qəbul olunmasında, milli kadrların yetişdirilməsində, rabitəçilərin dövlətin ən ali orden və medallarla təltif olunmalarında, fəxri adlara, mükafatlara layiq görülmələrində Sabir müəllimin mühüm xidmətləri olub.
Mənim xatirəmdə Sabir Yusifov belə qalıb. Olduğu kimi saf, təmiz, pak, mehriban, sadə, təvazökar, xeyirxah, səmimi bir insan, parlaq işıq sahibi, dəyərli ziyalı, fəxr olunası azərbaycanlı.
Ruhun şad olsun Sabir müəllim.
***
Sabir Yusifovun dönə-dönə mütaliə etdiyi Mikayıl Müşfiqin aşağıdakı şerlərini oxuculara təqdim edirəm.
Teleqraf telləri
Bilinməz bu geniş çöllərdə nə bəklər
Yan-yana düzülmüş bu şeytan dirəklər.
Bunların çiyninə durmadan hey yüklər
Dərdini gizlicə teleqraf telləri,
Hər sabah, hər gecə teleqraf telləri.
Uzanan yolları gödəldən, qısaldan,
Yorunan yolçunun başını ucaldan,
Çırpınan qəlblərin dərdini azaldan,
Yolların yolçusu teleqraf telləri,
Ellərin elçisi teleqraf telləri.
Görmədən çıxdığı yoxuşda qəhirlər,
Sizinlə bir yerə toplanır şəhirlər.
Ürəkdən dalğalar, arzudan nəhirlər
Daşırkən içiniz, teleqraf telləri,
Gəliniz, keçiniz, teleqraf telləri.
Döndükcə mövsümlər, döndükcə sənələr,
Çıxdıqca ortadan fəsadlar, fitnələr,
Yayılar cahana möhtəşəm bir xəbər
Ki, dünya oyanmış, teleqraf telləri,
Al rəngə boyanmış, teleqraf telləri.
Radio
Gizli-gizli havanın raylarından aşaraq,
Düşüncə vadisindən qaçıb uzaqlaşaraq,
Qohum-qardaş bilməyib hər kəsə yaklaşaraq
Hər yerdən xəbər verir
Allo, allo səsləri.
Əcəb cilvə göstərir
Allo, allo səsləri.
Qıvrım qamçılar vurub dalğalara, dənizlərə,
Bir xəbərlə yaklaşıb uzaqlardan bizlərə,
Yolçuları toplayır bir yığnağa, bir yerə
Hər gün söhbət eyləyən
Allo, allo səsləri.
Hər şeyi tez bəlləyən
Allo, allo səsləri.
Ellər ayrı, ellərdə yaşayanlar da ayrı,
Xəbərsizkən çox işdən ölkələrin müxbiri,
Birləşib sayənizdə həp könül iqlimləri,
Çiçəklənir, allanır
Allo, allo səsləri.
Nəşələnir, hallanır
Allo, allo səsləri.
Nə yerlər uğultusu, nə vulkanlar nərəsi,
Nə xəyalı divlərin köpüklü yayqarası,
Qışqırıb bağırsanız kəsilmədən arası
Qiyamət eylərsiniz
Allo, allo səsləri.
Siz başqa bir nərsiniz
Allo, allo səsləri.
Səsinizə tay olmaz sizin keçdi-keçdidə,
Hər yerdə aş, orda baş olmuşsunuz get-gedə,
Bir torpağın, bir evin bütün sərgüzəşti də
Içinizdə saqlıdır
Allo, allo səsləri.
Doğrudan maraqlıdır
Allo, allo səsləri.