Modern.az

Prezident Administrasiyasının şöbə müdiri İlham Əliyevə ünvanlanmış müraciətlərdən yazdı

Prezident Administrasiyasının şöbə müdiri İlham Əliyevə ünvanlanmış müraciətlərdən yazdı

Təhsil

11 Fevral 2015, 18:11


Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2014-cü ildə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərində qaldırılan məsələlərlə bağlı görülmüş işlər barədə geniş təhlil yazısı ilə çıxış edib.
Modern.az saytı  AzərTAc-a istinadən bildirir ki, Prezident Administrasiyasının rəsmisi geniş təhlil yazısında Azərbaycan Respublikasınınm 2014-cü ildə müxtəlif sahələrdə qazandığı nailiyyətlərdən söz açıb. Qeyd edib ki, dünya iqtisadiyyatının qiymətləndirilməsində xüsusi nüfuza malik Dünya Bankının “Doing Business-2014” hesabatına görə, Azərbaycan 198 ölkə arasında 70-ci yer tutub, Dünya İqtisadi Forumunun hazırladığı 2014-2015-ci illərdə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatına görə, Azərbaycan iqtisadiyyatı daha bir pillə irəliləyərək 144 ölkə arasında 38-ci yerə qalxıb və artıq 6 ildir ki, MDB ölkələri arasında bu sahədə 1-ci yerdədir. 2011-2012-ci illərin hesabatında isə Azərbaycan 55-ci yerdə idi.

 2014-də - “Sənaye ili”ndə ölkə Prezidentinin təsdiq etdiyi Dövlət proqramı əsasında regionların sosial-iqtisadi inkişafında böyük irəliləyişlər olub, il ərzində dövlət başçısının respublika regionlarına etdiyi 23 səfərində ölkənin müxtəlif şəhər və rayonlarında 78 obyektin açılışı həyata keçirilib. 2014-cü ildə ölkə Prezidenti Bakı şəhəri də daxil olmaqla bütövlükdə respublikada 99 yeni obyektin açılış mərasimində iştirak edib.
2014-cü ilin sonunda Azərbaycan ikinci - “Azərsky” peykini orbitə çıxarıb.

Ötən ilin xüsusi diqqət çəkən uğurlarından biri “Əsrin müqaviləsi”nin 20-ci lidönümündə əsası qoyulan və dünyada ən böyük iqtisadi layihələrdən biri hesab olunan “Cənub” qaz dəhlizi layihəsidir.
2014-cü ildə Azərbaycanın qeyri-neft sektoru 7 faiz artıb. Ölkə iqtisadiyyatına bütövlükdə 27 milyard ABŞ dolları miqdarında investisiya qoyulub və bunun 16 milyard dollarını daxili, 11 milyard dollarını xarici investisiyalar təşkil edib. Ölkənin valyuta ehtiyatları 53 milyard dollara çatıb, xarici borcu onun ümumi daxili məhsulunun cəmi 8 faizini təşkil edib. Ötən il Azərbaycan  əhalisinin  pul  gəlirləri  5  faizədək  artmış, inflyasiyanın həcmi isə cəmi 1,4 faiz olub. Əhalinin güzəranı, məcburi köçkünlərin mənzil-məişət şəraiti xeyli yaxşılaşdırılıb, 20 mindən artıq məcburi köçkün yeni evlərlə təmin olunub.
2014-cü ildə Azərbaycan Prezidenti 264 qanun, 350 fərman və 766 sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı 3 sərəncamla 342 məhkum əfv olunub.


S.İsmayılovun bildirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olan müraciətlərin böyük bir qismini minnətdarlıq məktubları təşkil edir.
Məsələn, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2014-cü il fevralın 17-dən mayın 1-dək respublikada əhalinin tibbi müayinədən keçirilməsi və həmin aksiyanın artıq hər il davam etdirilməsi də vətəndaşlar tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.

Məqalədə qeyd edilib ki, Azərbaycan vətəndaşlarını narahat edən içməli su və əkin sahələri üçün suvarma suyuna tələbatını ödəmək üçün son illər mütəmadi tədbirlər görən Azərbaycan Prezidenti 2014-cü ildə də bu məsələyə xüsusi diqqət yetirib.

Eyni zamanda İlham Əliyevin idmanın inkişafına çalışdığı da vurğulanıb.  I Avropa Oyunlarından başqa, qarşıdakı 5 ildə Azərbaycan bir çox mötəbər idman yarışlarına ev sahibliyi edəcək. Belə ki, 2016-cı ildə Dünya Şahmat Olimpiadası, “Formula–1” yarışı Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları da Bakıda keçiriləcək. 2020-ci ildə Azərbaycanda futbol üzrə Avropa çempionatı keçiriləcək – həm qrup, həm də dörddəbir final  yarışları.

“Vətəndaşlar ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğatçısı, öz xeyirxah və nəcib əməllərinə görə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri seçilmiş Mehriban xanım Əliyevanın da əməyini və zəhmətini yaddan çıxarmırlar”-deyə PA rəsmisi məqaləsində qeyd edib. Məqalənin ardı olacaq...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir