Modern.az

“Qatilə”

“Qatilə”

11 Fevral 2015, 22:48

Mahir Qabiloğlu

(Hekayə)

- Güc ver, qancıq! Güc ver demirəm sənə, it qızı it.

- Bacarmıram. Ay ana, öldüm.

- Bunu onda fikirləşəydin. Güc ver, köpəyin qızı. Sənə demirəm güc ver. İstəyirsən boğulub ölsün?

- Lap ölsün. Öldüm, ay ana!

- Allahın adını tutma, mundar. Güc ver deyirəm sənə, güc ver.

Doğum otağında ginekoloqla xəstənin səsi bir-birinə qarışmışdı. Həkim qışqırmaqla yanaşı, hərdən qızın budundan çimdik də götürürdü. Lola isə ha güc versə də, doğuşu axıra çatdıra bilmirdi.

- Güc ver demirəm sənə, heyvanın balası, heyvan. İstəyirsən uşaq ölsün, mənə söz gəlsin sənə görə? Ya da qanaxmadan öləsən?! Sonra da məni çək-çevirə salsınlar? Güc ver!

- Bacarmıram.

- Bəs kişinin altında ah-uf eləməyi bacarırdın? Bunu onda fikirləşəydin də.

Lola qan-tər içində boğulurdu. Birdən gözləri dəmir barmaqlıqlı pəncərəyə dikildi. Sancıları bir anda yox oldu. Sanki rahatlandı. Çağanın səsi aləmi götürdü. Gözünü pəncərədən çəkib, başını uşağa tərəf çevirdi.

- Həkim, qızdır, ya oğlan?

- Sənə nə var kimdir? Tutaq ki, qızdır.

- Hə? Heyf... Türmədə doğulan qız uşağının taleyi necə olacaq ki? Metrikasında doğulduğu yer türmə yazılan qız görəsən ərə gedə bilərmi?

- Hələ sən onu sağ-salamat böyüt, qalsın ərə verməyin. Bura türmədir e. Bayırda camaat acından ölür. Talonla güclə ət-yağ tapır. Ay yazıq, sən buna yeməyi hardan tapacaqsan?

- Allah veribsə, ruzusunu da yetirər. Göstərin onu mənə.

- Olmaz.

- Niyə?

- Göstəriş belədir.

- Mən balamı görmək istəyirəm.

- Olmaz dedim.

Həkim lazımi prosedurları həyata keçirəndən sonra Lolanı palataya keçirdilər. Bura da türmə sayılırdı. Amma divarının ağ kafeli, işçilərin ağ xalatı fərqləndirirdi onu koloniyadan. Bir az keçmiş otağa milis forması geyinmiş biri daxil oldu. Əlindəki papkanı açdı.

- Lola Tacəddin qızı Sabutayeva. Düz dedim?

- Bəli.

- Qızınız olub.

- Bilirəm.

- Adını nə qoyursunuz?

- Adilə.

- Bir dəqiqə, - deyə milis balaca kitabçanı varaqlamağa başladı. – Adlar kitabında belə ad var. Deməli, Adilə.

- Bəli.

- Yazdım Adilə. Bəs atasının adı?

- Bilmirəm.

- Necə yəni bilmirəm.

- Bilmirəm də... qaranlıq idi. Görmədim.

Lola yenidən başını pəncərənin dəmirbarmaqlıqlarına zillədi. O gecə yenidən gəldi dayandı gözünün önündə. Karserə salmışdılar onu. Guya ki, özünü pis aparmışdı. Yaxşıca da döymüşdülər. Dəmir çarpayıda üzüqoylu sərələnmişdi. Tərpənməyə heyi də yoxdu. Bütün bədəni təpik və yumruqlardan zoqquldayırdı. Bu dəm karserin qapısı açıldı. İçəri kimsə daxil oldu. Hiss elədi ki, paltarını cırırlar. Müqavimət göstərmək istədi, alınmadı. Heyi çatmadı. Sadəcə qışqırırdı. Səsinə hay verən də yox idi. Kim idi bu kişilər? Qadın koloniyasında nə gəzirdilər? Beləcə üç gün onu zorladılar.

- Bilmirəm də... Görmədim. İki kişi idi.

- Gic-gic danışmayın. Qadın kolonunda kişi nə gəzir?

- Onda podruqam Klaranın işidir bu.

- Məni dolamısan?

- Bəs nə cavab verim? Deyirəm ki, görmədim. Qaranlıq idi.

- Bu barədə müraciət etmədiniz türmə rəisinə?

Lolanın gözləri yenidən bir nöqtəyə dikildi. Bilmədi nə desin. Hədə-qorxuları, düzünü dediyi təqdirdə yaşayacağı məşəqqətləri “başa salmışdılar” ona.

- Mənim heç bir şikayətim yoxdur. Uşağın atasının adını da Tacəddin yazın, familiyasını da Sabutayeva.

- Yox, belə olmaz. Siz məni dolayırsınız. Nə vaxt düzünü deyərsiniz, onda da uşağınızı qeydə alarıq. Xudahafiz.

Milis formasındakı şəxs palatadan çıxdı. Lola yenə də gözlərini dəmir barmaqlıqlara dikdi. Məhv olmuş qadın arzularının gündəliyini varaqlamağa başladı. “Deməli uşağı olacaqdı. Doğum evinin qapıçısı da həmən eşiyə çıxıb “Lolanın adamları kimdi? Qızı olub” deyə haylayacaqdı. Adil də həyəcanla qapıya qaçıb onun cibinə bir çəhrayı 25-lik muştuluq basacaqdı. Sonra da mənə qırmızı qızılgüldən dəstə bağlatdırıb gətirəcəkdi”.

Lola çətinliklə də olsa ayağa qalxdı. Qarnını bir əliylə qucaqlayıb yavaş-yavaş pəncərəyə yaxınlaşdı. Uca hasarlardan və tikanlı məftillərdən başqa heç nə görsənmirdi. Ürəyi sıxıldı. Qızını görmək istəyirdi. Amma nədənsə ona göstərmirdilər. Bu dəm qapı açıldı. Qara eynəkli, həkim xalatı geymiş, başında kalpak, ağzına maska keçirmiş biri əlində uşaq palataya girdi. Çağanı Lolanın yanına qoydu. Lola tələsik ayağa durub uşağın ədyalını açdı. Qucağına götürüb bağrına basmışdı ki, əlinə nəsə dəmir parçası toxundu. Gözləri hədəqəsindən çıxdı. Qışqırıb, qəşş edib yerə sərələndi.


***

Mehin Arifi həyətdə gözləyirdi:

- Axır ki, gəldin. Necə oldu?

- Sən dediyin kimi. Sakitləş.

Mehinin həyəcanı bir az da artdı:

- Yox e... ətraflı danış. Necə oldu?

- Bunu istəmirdin? Elədim də... Day qurtardıq. Qanı-qanla yuduq vəssalam.

- Şəkillər hanı?

- Nə şəkil? Türməyə fotoqraf aparmalıydım?

- Bəs mən hardan bilim ki, sən doğurdan da bunu elədin. Ürəyiyumşağın birisən. İnanmaram. Amma mən başqa məsələ. Onu verəydilər mənim əlimə tikə-tikə doğrayardım.

- Ay arvad, bəsdi. Beş ildir mənim gecəm-gündüzüm yoxdur. Adilin ölümü o yandan dağ çəkdi mənə, sən də bu yandan rahat buraxmırsan. Dedim ki, bitdi hər şey. Qanı qanla yuduq. Sakitləş. Bala dağı bəs edir mənə.

- Adilin ölümü... Nə ölüm? Adilin qətli deməlisən e...

- Vallah, o şəkilləri sənə göstərən müstəntiqi gərək o vaxt sistemdən qovduraydım. Anaya da elə şəkil göstərərlər.

- Arif, qurban olum, danış da... nə olar?

- Nə danışım? Aldım balanın qanını. Sakitləş!

Mehin tez çay dəmlədi. Armudu stəkana süzüb gətirdi. Arifin beli bir az da bükülmüşdü. Saçları bir gecənin içində ağarmışdı. Lakin Mehin əl çəkmirdi. Arifin başını dəng edərək axır dilini açdı:

- Lola doğdu. Yalvardı ki, uşağı mənə göstərin. Göstərmədilər.

- Oxxayy!!! Nə dağ çəkiblər ona. Sonra?

- Mən qonşu otaqdaydım. Uşağı əskiyə bürməliyib gətirdilər ora. Verdilər mənə.

0 Sonra? – deyə Mehinin gözləri bərəlib daha da işıldamağa başladı.

0 Sonra skalperi götürdüm. Çağanı arxası üstə çevirdim. İnqə-inqəsi götürmüşdü aləmi. Arxadan ürək nahiyəsinə sancdım skalperi. Səsi kəsildi.

- Bəs Lola.

- Nə Lola?

- Lola görmədi bunları?

- Yox. Sonra da ədyala bürüyüb getdim Lola yatan palataya. Uşağı qoydum yanına. O da sevindi ki, uşağını ona göstərməyə gətiriblər. Ədyalı açdı. Qucağına götürdü çağanı. Sinəsinə basıb əzizləmək istəyəndə skalperin tiyəsi əlinə dəydi. Baxdı. Qışqırıb qəşş eləyib sərələndi döşəməyə. Qız da əlindən düşdü yerə. Arxasını bilmirəm nə oldu.

- Nə?! Qız?

- Hə. Qızı olmuşdu.

- O, mənim dağ boyda oğlumu öldürüb. Sənsə əvəzini qızla çıxmısan?

Mehinin sevincli çöhrəsinə yenidən qəm-kədər çökdü. Az qala hədəqəsindən çıxan gözləri yenidən balacalaşdı. Daha heç nə soruşmadı. Öz otağına keçdi. Arif bir müddət yerindən tərpənmədi. Bu gün yaşadıqları gözünün önündən getmirdi. Oğlunun qatili olmuş bir qızın balasını eyni üsulla öldürmüşdü. Daha doğrusu intiqam almışdı. Bir sözlə özü də qatilə çevrilmişdi. Bir şey onu rahat buraxmırdı. Oğlu doğurdanmı günahsız idi? Axı təqsir öləndə olar deyiblər. Bəlkə doğurdan da alçaqlıq edib. Lolanın namusuna toxunub. Belə olsa bugünkü hərəkətimə necə bəraət qazandıra bilər? Axı vicdan əzabı deyilən şey də var. Düzdür heç kim bilmir. Hamının ağzını pulla bağlayıb. Birdən qız danışsa. Kiməsə bu haqda desə. Lap danışsın. Kimdir ki, qatil maddəsiylə türmədə yatan birinə inanan. Uzağı dəlixanaya saldıraram. Yox. O, mənə sağlam və ağlıbaşında lazımdır. Onu pul töküb güllələnmədən ona görə qurtarmamışam ki, indi də bir dəqiqədə məhv edim. O ömrünün sonunacan əzab çəkməlidir. Amma yaman dözümlü qızdır. Məəttələm onun dözümünə.

- Arif, ay Arif. – Mehinin səsi onu xəyalından ayırdı. – Bu, düz olmadı axı. O mənim oğlumu öldürüb. Qız oğluma əvəz ola bilməz. Özü də ki, gözü önündə...

- Ay arvad, axı nə istəyirsən məndən. Mən nə edim ki, sən sakitləşəsən. Dedin oğluma -heykəl qoy, qoydum. Dedim yəqin heykəli qucaqlayıb sakitləşərsən. Dedin o qızın gününü türmədə göy əsgiyə döndər. Döndərdim. Yenə də sakitləşmədin. Dedin o da bala dağı görməlidir, onu da göstərdim...

- Bu sayılmır. Gözüylə görməyib...

- Sən də, mən də gözümüzlə görməmişik. Şəklini göstəriblər sənə, vəssalam. O qız da türmədən ömrü boyu çıxmayacaq. Hələ 15 ili yatsın. Çıxsa da yenidən tutduracam onu. Amma, xahiş edirəm, sakitləş. Beynimdəki qisas hissim özümə bəsdir. Yeni hoqqalar açma mənimçün. Yenidoğulmuş körpəni öldürmək asan gəlməsin sənə.

- Bacarmırsan? Dur kənara. Bu dəfə özüm gedəcəm. Öldürmək nədir. Tikə-tikə doğrayaram onun balasını, heç uf da demərəm. Yeganə övladımı iyirmi yaşında qanına qəltan elədi o qancıq. Hələ bir adını da ləkədi ki, “məni zorlayırdı”.

- Ay arvad, nə “bu dəfə”? Uşaq öldürmək söhbəti bitdi. Sakitləşəsən deyə getdim bu yola. Qurtardıq day. Aldın qisasını, sakitləş.

Ərinin qışqırığından sonra Mehin sakitləşib yenidən otağına keçdi. Arif barı açıb “Ararat” konyakının butulkasını çıxarıb qabağına qoydu. Bir qədəh süzüb içdi. Şokoladdan dişlədi. Yenə xəyala daldı. Yox. Mənim oğlum o tərbiyənin yiyəsi deyildi. Ömründə elə hərəkət etməzdi. Məni o yandırmır e... Məni yandıran qızın məhkəmədə hadisəni danışmasıydı. Elə danışırdı ki, adam öldürməyini. Heç gözlərini də qırpmırdı. “Mən öldürmüşəm, əcəb də eləmişəm. Namusuma toxundu. Peşman da deyiləm” sözləri indi də qulağımdan getmir. Qulaq nədir? Gözümün önündən getmir. Bəs oğlumu qəbrə öz əlimlə qoymağım necə? Bunu hansı ata unuda bilər. Yox. Bu qız təkcə oğlumu öldürmədi. Məni sonsuz qoydu. Gör nə günə qalmışam mən boyda kişi. Gör bütün amalım, məqsədim, məsləkim nədir – türmədə yatan, 15 il cəza alan, qızım yaşında birindən intiqam almaq. Artıq qatil də olmuşam. Bəs sonra? Bəlkə dayandırım davanı? Bundan da oyanası varmı?

- Arif, ay Arif, - Mehinin səsi Arifi yenə də xəyalından ayırdı. – Səndən sonuncu xahişim. Vallah sakitləşə bilmirəm.

- Nə istəyirsən axı?

- İstəyirəm qız yenə də doğsun.

- Niyə?

- İstəyirəm də...

- Mən gedib uşaq öldürən deyiləm day. Bugünkü mənə bəsdir. Elə bilirsən ki, asan şeydir diri insanı, özü də günhı olmayan bir məsum körpəni öldürmək?

- Demirəm ki, öldür. Amma istəyirəm ki, uşağı olsun onun.

- Bununla sakitləşəcəksən? Birdən yenə qız oldu?

- Fərqi yoxdur. Vallah, söz verirəm. Bir də o qızın adını çəkməyəcəyəm. Qoy on ilini çəksin. Heç türmədən çıxsa da axtarmayacam.

- Vallah, artıq sən də, mən də ağlımızı itiririk. Dəli olacağıq axırda.

- Söz verirəm, Arif.

***

- Güc ver, qancıq! Güc ver demirəm sənə, it qızı, it.

- İstəmirəm. Ay ana, öldüm.

- Necə yəni istəmirəm. Bunu vaxtında fikirləşəydin. Güc ver, köpəyin qızı. Sənə demirəm güc ver. Başı çıxıb uje. İstəyirsən boğulub ölsün?

- Qoy qarnımda ölsün. Onsuz da Adiləm kimi bunu da öldürəcəksiniz. Öldüm, ay ana.

- Nə gic-gic danışırsan? Güc ver.

Həkim qışqırdıqca Lola əksinə, güc vermirdi. Qucağına ilk dəfə aldığı körpəsinin kürəyinə sancılmış skalper gəlib dayanırdı gözünün önündə. İstəyirdi ki, dünyaya gəlməsin balası. Doğuşda ölsün. Lap özü də onunla bir yerdə. Amma bir də o səhnəni yaşamasın.

Həkim qəfildən Lolanın budundan elə bir çimdik götürdü ki, qışqırığı aləmi götürdü. Qeyri-iradi güc verdi. Bir anda sancıları yox oldu.

- Oğlandır. – deyə həkim sevincək dilləndi. Muştuluğum çox olacaq.

Nə “muştuluq?” deyə Lola öz-özünə fikirləşdi. Bu həkimin başı xarab olub, nədir?

- Verin oğlumu mənə. Onu görmək istyirəm.

- Tələsmə.

- Nə “tələsmə”? Verin oğlumu mənə. Görmək istəyirəm onu.

Həkimlər lazımi prosedurları həyata keçirəndən sonra uşağı Lolanın yanına qoydular. Lola birinci oğlunu qoxladı. Sonra öpdü. Gözləri yaşardı. “Adilim, Adilim” deyə səsləməyə başladı. Çağanın da sanki dodaqları qaçdı. Gözlərini açıb anasına dikdi. Sanki çoxdan tanıyırmış kimi. Ana-balanı palataya keçirdilər.

Səhəri gün milis formalı, çiyninə ağ xalat atmış biri palataya daxil oldu. Xoş sifətlə Lolaya gözaydınlığı verdi. Düzü Lola məəttəl qalmışdı belə münasibətdən. Amma yenə də uşağı aparıb, əmizdirmək üçün yenidən yanına qaytaranda gözünə kürəyə sancılmış skalper görükürdü. Bunların xəyal olduğunu anladıqca sevinirdi.

- Lola xanım, təbrik edirəm.

Nə? Xanım? Bu yeddi ildə heç onu “vətəndaş Sabutayeva” da çağırmayıblar. Qancıq sözü onunçun ən yüngül müraciət olub.

- Uşağın adını nə qoyacaqsınız?

- Adil. – deyə Lola cavab verdi

- Adıyla böyüsün. Bəs atasının adı?

Lola duruxdu. Bir an fikrə getdi. Yenə zorlandığınımı desin? Qaranlıq olduğundan üzünü görmədiyinimi bilsirsin? Onsuz da inanmayacaqlar. Qızının öldürüldüyünə inandılarmı ki, bina da inansınlar. Əksinə uşağı əlindən bilə-bilə salıb öldürməsinə görə işinin üstünə bir beş il də artırdılar. Onsuz da qatil idi, qızına görə ikiqat qatil oldu. İndi bəs, nə cavab versin? Yaxşısı elə odur ki, suala cavab versin. Qısa, konkret:

- Arif.

- Familiyası.

- Bərbərov.

- Deməli Adil Arif oğlu Bərbərov. Yazdım. Yəqin ki, tezliklə metrikasını sizə gətirib verərlər. Yekə oğlan olsun.

Milis otaqdan çıxdı. Lola dərindən nəfəs aldı.

***

- Arif, nəyi oldu? – deyə Mehin əri evə girən kimi başının üstünü aldı.

- Oğlu oldu.

- Ay nə gözəl, nə gözəl.- deyə Mehin sevinməyə başladı.

- Axır ki, bu yeddi ildə sevinməyini gördüm. Nə olub, ay arvad? Sənin uşağın olmayıb e... Lolanın oğlu olub. Bəlkə elə bilirsən nəvən olub.

Mehin bir an duruxdu. Amma sevinməyi gözlərindən görünürdü.

- Başqa day bir sözün yoxdur mənə? Əl çəkdin o qızdan?

- Ay kişi, danışdığımız kimi. Neçə ili qalıb onun.

- Səkkiz il köhnə srokundan. Qızını əlindən salıb öldürdüyünə görə də bir beş il də artırıblar. Üst-üstə on üç il.

- Hə bəsidir.

***

Lolaya sanitar bölmədə yaxşı baxırdılar. Uşağı da demək olar ki,gecə-gündüz yanında saxlayardılar. Beləcə bir həftə keçdi. Səhəri onu kolona köçürməliydilər. Həmin gecə oyananda uşağı yanında görmədi. Ayağa qalxmaq istədi. Bacarmadı. Mələfəylə çarpayıya bağlandığını gördü. Dəmir barmaqlıqlardan içəri düşən zəif işıqdan çarpayısının yanında kiminsə oturduğunu gördü. Adil də onun qucağındaydı. Ağlamırdı.

- Neyləmisiniz, mənim balama? Niyə səsi gəlmir? – deyə hövllü yerindən durmaq istədi. Mələfələr bərk-bərk bağlandığından, dartılsa da onu yerindən tərpənməyə qoymadı.

- Lola, nə gözəl oğlun var. Lap sənə oxşayır. Bilirsənmi, Adil də eyniylə mənə oxşayırdı.

Lola qadını tanıdı. Bu istəklisi Adilin anası idi. Məhkəmədə görmüşdü onu. İfadə verəndən, Adili bu əlləriylə necə öldürdüyünü nağıl etdikdən sonra qadının ürəyi getmişdi. Təcili yardım çağırmışdılar.

- Yalvarıram, xala, əl dəyməyin balama.

- Bəs sən niyə qıydın mənim Adilimə. Hə? Cavab ver, qancıq. Bilirsənmi niyə qıydın? Çünki özün ana deyildin. Bilmirdin, qanmırdın ki, uşaq şirin şeydir. Ana hansı əziyyətlər çəkir onu doqquz ay qarnında gəzdirənəcən, doğanacan, böyüdənəcən. İyirmi il mən nə əziyyətlər çəkmişdim. Bilirsənmi? Yox, bilmirdin. Amma indi bilirsən. Qızını tez öldürdülər. Doğulan kimi. Anladım ki, səhv addım atmışam. Ona görə də oğluna o saat qıymadım. İstədim ki, analıq hisslərini tam yaşayasan. Düz bir həftə yanında saxladılar. Onu qoxuladın. Lap mənim kimi. İndi isə vaxtıdır.

Mehin bunu deyib, çağanı üzü üstə çevirdi. Cibindən mətbəx bıçağını çıxarıb uşağın kürəyinə sancdı. Lola bircə “Adilim” deyib özündən getdi. Ayılanda Mehin yenə yanında oturmuşdu. Körpə Adil də kürəyinə bıçaq sancılmış vəziyyətdə qucağında. Eyniylə istəklisi Adilin kürəyinə sancılan bıçaq kimi.

Lola ayağa dura bilmirdi. Əli-qolu bağlı idi. Yoxsa Mehini dişləriylə, dırnaqlarıyla dağıdıb didərdi. Mehin isə sakit-sakit körpənin ölüsünə baxıb dinməzcə durmuşdu. Bir vaxtlar oğlunun meyitinə baxıb durduğu kimi. Lola isə çırpınırdı, bağırırdı. Göz yaşları içində boğulurdu. Amma səsinə hay verən yox idi. Mehin isə sakit oturmuşdu. Sanki Lolanın fəryadı sakitləşdirirdi onu. Neçə illər ürəyində alovlanan intiqam hissinin üzərinə su səpirdi. Birdən çağanı kənara tullayıb Lolanın boğazından yapışdı:

- Neyləmişdi axı oğlum sənə. De də. Niyə qıydın ona? Niyə məni sonsuz qoydun? Axı o mənim bircəciyim idi. Gözümüzü ona dikmişdik. Niyə axı həyatımızı heçə döndərdin?

Lola boğula-boğula qalmışdı. Əli-qolu bağlı olduğundan müqavimət göstərə bilmirdi. Çətinliklə də olsa bircə “Adili mən öldürməmişəm” deyə bildi. Mehin bunu eşitcək əlləri boşaldı. Lolanın da xırıldamağı kəsildi. Öskürməyə, nəfəsi gəlib-getməyə başladı. Mehin isə stulda oturub gözləyirdi. Lola da yavaş-yavaş özünə gəlirdi. Nəhayət danışmağa başladı:

- Həmin gün Adil çox sevincək idi. Soruşanda dedi ki, bəs çıxış yolu tapıb. O, ağıllı oğlan idi. Bilirdi ki, varlı ailədəndir. Özü də evin tək uşağı. Biz isə kasıb ailə. Evimiz də ki, naxalstroy bir mərtəbəli daxma. Başa düşürdü ki, siz o evə elçi gəlməyəcəksiniz. Amma bir-birimizi çox sevirdik. Dəlicəsinə sevirdik. Amma sərhədi keçməmişdik.

Sevinməsinin səbəbini soruşdum. Heç nə demədi. Bircə onu dedi ki, “gedək pasportunu evdən götür”. Mən də o dediyi kimi elədim. Taksiyə mindirib gətirdi məni bir idarəyə. Söylədi ki, “bura ZAQS-dır. Biz də azad sovet vətəndaşı. Sən məni sevirsən, mən də səni. Heç valideynlərimizə deməyək, gəl rəsmi nikaha girək. Olaq ər-arvad. Ondan sonra özləri məcbur olub razılıq verəcəklər”. Girdk idarəyə, ərizə yazdıq. Dedilər ki, “gedin fikirləşin. Sizə bir ay da vaxt veririk. Sonra gəlin nigahınızı kəsək. Gələndə hərənizin yanında bir şahidiniz də olsun”. Adil nə hay elədisə nikahı tezləşdirə bilmədi. Amma sevinci yerə-göyə sığmırdı. Mənim də onun bu ideyasına qol qoymağım lap sevindirirdi onu. Siz varlı-hallı idiniz. Mən isə kasıb ailənin uşağı idim. Atam fəhlə, anam evdar qadın. Adillə bir kursda oxuyurduq. Qardaşım isə ali məktəbə daxil ola bilmədiyindən əsgər aparmışdılar. Yüz faiz əmin idim ki, Adil məni ürəkdən sevir. Amma sizdən, atasından yaman çəkinirdi. Bir-iki başqa gözaltı eləmişdiniz onunçun. Ona görə də sizi razı salmaq üçün bu yola əl atdıq. Elə mənim də valideynlərim razı olmayacaqdı. Ailələrimiz arasında yerlə-göy qədər fərq vardı. Atam razı olmayacaqdı. Qardaşımın da Adildən xoşu gəlmirdi. Bir-iki dəfə məni qapıyacan ötürəndə davaları da düşmüşdü. Amma qardaşım əsgərlikdə olduğundan Adil məni düz qapıyacan ötürürdü. Bu, özümün də ürəyimdən idi.

İkinci növbə oxuduğumuzdan qış vaxtları qaranlıqda evə gəlirdim. Atam işdən gec gəldiyi üçün qabağıma çıxa bilmirdi. Adil məni ötürəndə rahat olurdum. Yoxsa küçə itlərinin hürüşməsindən belə hürkürdüm. Həmin gün də həmişəki kimi məni qapıyacan ötürdü. Atamla-anam toya getmişdilər. Ona görə də Adili evə dəvət etdim. İstədim ki, evin içini də görsün. Günümüzü-güzəranımızı görsün. Bəlkə səhv edir mənimlə ailə həyatı qurmağına. Etiraz etmədi. Evə girdi. Amma sifətində, münasibətində hər hansı bir dəyişiklik görmədim. Çay dəmlədim. İçdik. Bu dəm işıqlar söndü. Qaranlıqda şamı axtarıb tapdım. Yandırdım. Xala, şam işığında insan daha da gözəl görükərmiş. Gözlərimiz bir-birinə dikildi. Sonra... İlk öpüşməyimiz idi bu. Bədənim ehtirasdan əsirdi. Hər şeyi unutmuşduq. Mən Adili bütün vücudumla hiss edirdim. Nəfəsi nəfəsimə dəydikcə xoşhallanırdım. Sərhədi keçmişdik. Amma qorxmurdum. Ona çox güvənirdim. Qulaqlarım heç nə eşitmirdi, gözlərim yumulmuşdu. Hətta işığın yanmasını da hiss eləməmişdim. Şam da əriyə-əriyə gedirdi. Adil məni öpüşlərə qərq eləyir, gah da başını sinəmə qoyurdu. Amma birdən başını qaldırıb bərkdən sinəmə çırpdı. Düzünü desəm məni ağrıtdı. Ağrıdan qışqırmaq da istədim. Amma səsimi çıxarmadım. Niyə belə etdiyini də bilmədim. Qapının cırıltısını eşitdim. Adilin başını əlimlə yana itələyib qapıya baxdım. Əsgər formalı şəxsin otaqdan çıxdığını gördüm. Üzünü görmədim. Qorxumdan Adilin qulağına pıçıldadım ki, deyəsən gələn var. Amma cavab vermədi. Bir təhər altından sivişib çıxdım. Adil üzüqoylu kürəyinə bıçaq sancılmış vəziyyətdə uzanmışdı. Bıçağı dartıb çıxartmaq, ilk yardım göstərmək istədim. Gücüm çatmadı. Artıq gec idi. Bıçaq ürəyinə sancıldığından Adil həmən keçinmişdi. Özümü itirmişdim. Nə edəcəyimi bilmirdim. Tez paltarımı geyindim. Qonşuları çağırdım. Onlar da milisə zəng elədilər. Məni şöbəyə apardılar. Bir sutka dindirdilər. Hələ də nə olduğunu anlaya bilmirdim. Sanki şokdaydım. Bilmirdim nə deyim. Qapıdan çıxan adamı qardaşıma oxşatmışdım. O isə əsgərlikdəydi. Hadisənin ertəsi günü qardaşımın əsgərlikdə özünü asdığı xəbəri gəldi. Atamla anamın başı ora qarışdı. Əmin oldum ki, Adili öldürən qardaşımmış. Qaçıb bir günlük evə gəlibmiş. İçəri girib bizi yataqda görüb. Mətbəx bıçağını götürüb sancıb kürəyinə. Sonra da hərbi hissəyə qayıdıb, özünü asıb. Təki məni də öldürərdi. Bıçaqda da ki,mənim əl izlərim. Təqsiri özümdə gördüm. Adil də mənim ucbatımdan ölmüşdü, qardaşım da. Qardaşımın ruhunu ləkələməmək üçün, atama, anama ikiqat əzab verməmək üçün bu ssenarini qurdum. Yalandan dedim ki, Adil məni zorlamaq istəyirdi, mən də özümü müdafiə etdim. Ərizəmiz də ZAQS-da eləcə saralıb qaldı.. İndi bircə arzum var. Təkcə o arzuma görə hər şeyə dözürəm. Burdan çıxıb Adilin qəbrini qucmaq və orda intihar etmək. Buna görə hər bir zülmə dözürəm. Məni gəlib burda zorlayan ərinizin də hər işgəncəsinə dözürəm. Ondan dünyaya gətirdiyim uşaqların edamına da. Sizin bu gün kürəyinə bıçaq sancdığınız Adilimin ölümünə də. Sadəcə Adilə olan sevgimdir məni yaşadan. Qardaşım da qatildir, siz də, əriniz də. Mən də qatil olacağam nə vaxtsa. Sizləri qatilə çevirən özümün qatili. Bircə bunun üçün dözürəm, yaşayıram.

***

Qəbiristanlıq. Məzarların arasıyla əlində bıçaq bir qadın dolaşır. Başdaşılardakı əkslərə, yazılara bir-bir baxır, oxuyur. “Bəlkə onu aldadıblar” deyə öz-özünə fikirləşir. “Adil bəlkə burda basdırılmayıb. Amma yox, buranı dedilər. Amma iyirmi ilə nə qədər dəyişib bura. Genişlənib. Onda balaca bir qəbiristanlıq idi. İndi ucu-bucağı görsənmir. Yox, axtarıb tapacam. Lap üç, beş, on gün də gəzsəm. Tapacam Adilimin qəbrini. Qucaqlayacağam başdaşını. Sanki boynunu qucaqlayan kimi. İyirmi il bunu arzulamamışammı? Deyəsən tapdım. Hə. Buradır. Ailəvi hamısı burdadırlar ki... Anasının qəbri bir tərəfində, atası isə o biri tərəfində. Bəs mən?”.

2015

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI