Ötən gün “Normand dördlüyü” ölkələri liderlərinin (Fransa, Almaniya, Rusiya, Ukrayna) Minskdə baş tutan görüşü hələ də davam edir. Lakin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı həll edici hesab edilən Minsk danışıqlarının nəticəsiz qalacağı görünür.
Ukrayna prezidenti Pyotr Poroşenko Minsk danışıqları ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, (14 saatlıq görüşdən sonra, danışıqlar yenidən başlayıb) aparılan müzakirələrdə ciddi irəliləyiş olmayıb. Ukrayna liderinin sözlərinə görə Rusiya tərəfinin irəli sürdüyü şərtlər, təkliflər qəbuledilməzdir.
Modern.az saytının məlumatına görə ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi də iddia edir ki, Minsk danışıqlarından sonra kövrək barışıq əldə ediləcək və ya müharibə daha da alovlanacaq. Nəşr yazıb ki, bundan sonra ABŞ və Avropa Ukraynaya münaqişənin gedişatında silah çatdıracaqlar.
Adının çəkilməsini istəməyən yüksək vəzifəli Rusiya diplomatı isə iddiaların əksinə olaraq söyləyib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı təkliflərin 70%-i razılaşdırılacaq.
“Bloomberg” qeyd edib ki, danışıqlarda razılıq əldə olunacaqsa belə, bu anlaşılmazdır. “Çünki razılaşmanın uzun müddətli olacağı bəlli deyil. Belə təqdirdə, bu, böhrana son qoya biləcəkmi?”.
Qeyd edək ki, Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri fevralın 9-da Brüsseldə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi məsələsini təsdiqləyiblər. Lakin Minsk görüşündə ümid edilən razılaşmalara görə Ukrayna tərəfinin xahişi ilə sanksiyaların tətbiqi fevral ayının 16-na qədər təxirə salınıb.
Buna görə də Fransa, Almaniya, Rusiya, Ukrayna liderlərinin Minskdə keçirilən görüşündə razılığın əldə edilməsi Moskva üçün iqtisadi cəhətdən xeyirli ola bilər.
Aqşin Kərimov