Modern.az

"Əlif Hacıyevə zəng edib kömək istədim" - Üç kəndin əhalisini mühasirədən çıxaran döyüşçünün XATİRƏLƏRİ

"Əlif Hacıyevə zəng edib kömək istədim" - Üç kəndin əhalisini mühasirədən çıxaran döyüşçünün XATİRƏLƏRİ

12 Fevral 2015, 17:32

1992-ci ilin fevralında Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərini erməni işğalçı qüvvələrinin hücumlarından müdafiə edən, kənd əhalisini kütləvi soyqırım təhlükəsindən xilas edən polkovnik Azay Kərimov 23 il əvvəlki hadisələri xatırlayır.
Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı baş vermiş deportasiya və soyqırımı vəhşilikləri şəxsən mənim yaddaşıma fotolar, videolar və qışqırıq səsləri ilə həkk olunub. Hadisələrin şahidi olan, atasının qətlini, anasının təhqir edilməsini gözləri ilə görənlərin yaddaşları və psixi durumları hansı vəziyyətdədir?! O hadisələr haqda danışan polkovnikin arabir gözləri dolur, həmin günləri nifrət və şərəflə xatırlayır...

- Malıbəyli kəndinə ilk dəfə gəldiyiniz gündən sonra, yenidən qayıtdığınız zaman arasında nələr dəyişmişdi ?

- Ümumi mənzərəyə baxaraq gördüm ki, camaatın yüz faizi soyqırımı təhlükəsi ilə üz-üzədir. 1991-ci il dekabr ayının 9-da şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun cəsədini apardıqdan sonra kənd ağsaqqalları məni qayıtmağa qoymadılar. Şuşa rayon rəhbərliyi və rayon Daxili İşlər Şöbəsindən zəng etdilər ki, bu şəxs qalmalı və müdafiəni təşkil etməlidir. Kəndə gələndən sonra ermənilər bir neçə dəfə hücumlar təşkil etmişdi. 1991-ci il dekabrın 23-də Malıbəylidə 1 nəfər, dekabrın 29-da Malıbəyli, Kosalar, Qeybalı kəndlərində 16 nəfər dinc sakin, 1992-ci il  yanvarın 17-də Kosalar və Malıbəyli kəndlərinin hərəsində 1 nəfər  və 1992-ci il  yanvarın 25-də isə Xəlfəli və Malıbəyli kəndlərində 4 nəfər qətlə yetirilmişdi. Hər gün baş verən hücumlar nəticəsində kənd əhalisi vahimə içərisində idi. Bu vaxt eşitdim ki, müdafiə naziri Tacəddin Mehdiyev Şuşaya gəlib. Rabitədə danışıqlar aydın eşidildiyindən, Tacəddin Mehdiyevə helikopterlə məktublar göndərirdim. Bizə Şıxov batalyonunun ilk əsgərlərindən ibarət 46 nəfər kömək göndərdilər. Onların da komandiri Oktay adlı şəxs idi. Kəndin müdafiəsini təşkil etmək üçün səngərlər qazmağa başladıq. Lakin Daşaltı hadisəsindən bir həftə qabaq Tacəddin Mehdiyev və Şuşa rayon daxili işlər şöbəsinin rəisi rabitə ilə mənə açıq şəkildə bildirdi ki, Malıbəylidə nə qədər əlisilahlı adam var, hamısı helikopter gələndə ya Ağdam, ya da Şuşa istiqamətində kəndi tərk etsinlər. Onlara əsgərləri yalnız silahlarını alıb buraxacağımı bildirdim. Yeddi kəndin mühasirəsində yerləşən Malıbəyli ərazisi olduqca geniş idi. Kəndin müdafiəsi üçün nə şəxsi heyət, nə də silah-sursat çatırdı. Təbii ki, Tacəddin Mehdiyev inadından dönmürdü. Lakin Şıxov batalyonunun hərbçiləri ilə aparılan danışıqların nəticəsi olaraq silahlar bizdə qaldı. Az sonra həmin əsgərlərin hamısının Daşaltıda şəhid olması haqqında məlumatlar yayıldı.

- Ermənilər üçün Malıbəyli və Quşçular nə kimi strateji əhəmiyyət kəsb edirdi?

- Avtonəqliyyat müəssisəsi və “ÇTZ” zavodu burada yerləşirdi. Bu zavodlar müharibə şəraitində profilini dəyişib tank əleyhinə qumbaraatanlar və əl qumbaraları hazırlamağa yarayırdı, avadanlıq ona imkan verirdi. Oksigen zavodu da Malıbəylidə yerləşirdi və azərbaycanlıların nəzarətində idi. Bundan başqa, Şuşa-Ağdam şosse yolu, Xocavənd-Hadrut-Xankəndi yolunu birləşdirən mağıstral da Malıbəylidən keçirdi. Bütün bunlara görə Malıbəyli çox strateji əhəmiyyətə malik idi. Eyni zamanda, Əsgərandan Xankəndinə getmək üçün bizim kəndin daxilindən keçməli idin. Bütün istiqamətlərdə yollar nəzarətimiz altında idi. Qarabağ müharibəsi zamanı Malıbəyli, Kərkicahan və Quşçular qədər ağır artilleriya atəşinə məruz qalan heç bir ərazi olmayıb. Çünki Malıbəyli Xankəndidən avtomobil yolu ilə cəmi 2,5 kilometr məsafədə, Şuşadan 18, Ağdamdan isə 51 kilometr aralı yerləşirdi. Kəndin dörd bir tərəfi erməni kəndləri idi. Yəni hansı istiqamətdən oranı tərk etmək istəsəydin, mütləq erməni kəndlərinin içərisindən keçməli idin. 366-cı polk ağır texnika saxlanılan bokslarının qapılarını açıb, texnikanı, sadəcə boksdan 2-3 metr çıxardaraq birbaşa Kərkicahanı və Malıbəylini atəşə tuturdular. Mərmiləri qurtaran kimi boksda doldurub yenidən atəş açırdılar. Malıbəylidə bu atəş nəticəsində daş-daş üstündə qalmamışdı. 1992-ci il oktyabrın 10-da Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi vurulmuşdu. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olmuşdu. 1992-ci il fevralın 8-dən ermənilər Malıbəyli və Quşçuları mühasirəyə almağa başladılar. Fevralın 8-dən 12-dək ərazisi və əhalisi Xocalıdan heç də az olmayan, müasir infrastrukturuna görə Xocalıdan üstün əhəmiyyətə malik olan Malıbəyliyə 366-cı polk və Xankəndidə yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Hücum davamlı olaraq 5 gün çəkmişdi.

- Məlumatlara görə, Malıbəyliyə ermənilər hücuma keçməzdən öncə helikopterlərlə vərəqələr atırdılar? Məlumat nə dərəcədə doğrudur?

- Bəli, fevral ayının 5-də bu vərəqələri sərnişin helikopterləri ilə atırdılar. Yadımdadır, vərəqələrdə yazılmışdı ki, “sizə 3 gün vaxt veririk və kəndi tərk etməyiniz üçün dəhliz açırıq”. Dəhlizin istiqaməti Şuşa və Ağdam olaraq göstərilirdi. Təbii ki, ermənilərin bu addımı digərlərində olduğu kimi, hiylə xarakterli bir addım idi. Onlar bu tipli vərəqələri paylamaqla dünya ictimaiyyətinə deyirdilər ki, “onları qırmaq məqsədimiz olsaydı, niyə vərəqələr paylayırdıq...”. Çox təəssüflər olsun ki, bu siyasətlə bir çoxlarını yoldan çıxarmağı bacarırlar.


- Ermənilər Malıbəyliyə hansı istiqamətdən hücum etməyi planlaşdırırdı?

- Tez-tez xəritə götürərək Malıbəylinin vəziyyətini aydınlaşdırırdım. Yeddi kəndin ortasında bütün asfalt və torpaq yollar hamısı bu erməni kəndlərinin ortasından keçirdi. Hamı dedi ki, qırılacağıq. Deməli, fevral ayının 8-dən başlayan hücumlar artıq intensivləşmişdi. Fevralın 9-dan ermənilər Malıbəyliyə yalnız bir istiqamətdə hücum etdi. İlk hücum zamanı bir məktəbi, bir necə evi tuta bildilər. Həmin gün məktəbi və evləri götürən ermənilər həm kəndin özünü, həm də həmin ərazini texnikadan daimi atəşə tuturdu. Lakin bunlara baxmayaraq, elə həmin günü onları ərazidən çıxara bildim. 

- Təxminən neçə nəfərlik qüvvə ilə hücuma keçdiniz?

- 30 nəfərlə hücuma keçdik. Ermənilər itki verərək cəsədləri sürüyə-sürüyə aparırdılar. Müdafiəni möhkəmləndirməyimə baxmayaraq, bütün istiqamətlərdən atəş açmağa başladılar. 3 gün ərzində 366-cı polk atəş açır, ermənilər hücuma keçirdi, lakin daxil ola bilmirdilər. Vəziyyət çox gərgin idi. Şəhid verirdim, basdırmaq olmurdu. Kim harada vurulurdu, orda qalırdı. Məsələn, əmim oğlu taxıl sahəsinin ortasında, Rafiq adında döyüşçü isə səngərdə qaldı. Belələrinin adlarını çox çəkə bilərəm.
Fevral ayının 11-i saat 12-yə kimi vuruşduq, artıq səhər saatlarında iki BMP və bir tank birbaşa kəndin daxilinə hücum etdi.

Xankəndi istiqamətindən hücum edən ermənilərin əsas məqsədi Malıbəyli və Quşçular arasında dəhliz yaratmaq, bu iki kəndi bir-birindən ayırmaq və tələyə salmaq idi. O zaman Xankəndi dəmiryolu vağzalı xeyli aşağıda yerləşirdi. Onlar hərəkət edərək yuxarı qalxdılar ki, iki kəndin ortasına girsinlər. Hər iki kəndin ortasında təpəlik yerləşirdi, həmin yerin tutulması kəndlərin ayrı-ayrılıqda məhvinə aparacaqdı. Nəsə, gördüm ki, daha imkanım yoxdur. Hələ fevral ayının 10-da hiss edirdim ki, bu artilleriya atəşi əvvəlkilərdən kəskin şəkildə fərqlənir. Ona görə də kəndin ağsaqqallarını bir yerə yığaraq bildirdim ki, nə qədər adam varsa, xüsusilə qadınları, uşaqları və  qocaları,  Malıbəyli ilə Quşçular arasında Qulu dərəsindəki kahaya çıxardın. Müvəqqəti olaraq camaatı orada yerləşdirirdim ki, görüm sabah nə olacaq. Əvvəldə bildirdiyim kimi, fevralın 11-də artıq 366-cı polk və bütün erməni dəstələri hər tərəfdən hücuma keçdilər.

...Artıq 15 nəfər şəhid vermişdim. Nə bir qız, nə də bir qadın əsir verdim. Ermənilər tərəfdən də kəndə hücum edən zaman itkilər çox olub. Təxminən 36-38 nəfərlə döyüşməyimizə baxmayaraq, saat 11-də gördüm ki, imkan yoxdur,  bir-iki saat geciksəm, kütləvi sürətdə insanların qırğını baş verəcək. Malıbəylidən Şuşaya 18 km, Ağdama isə 51 km idi. Ən yaxın yer Xocalı şəhəri idi ki, o da bizdən 3 km aralı idi. Həmişə düşünürdüm ki, Xocalı şəhərini yaddan çıxmalıyam. Rəhim Qazıyevə zəng edib kömək istədim. Rabitə ilə Rəhim Qazıyev və Vahid Bayramova koordinatlar verərək onlara açıq şəkildə bildirdim ki, siz atəş açın, mən insanları ərazidən uzaqlaşdıra bilim. Lakin Rəhim Qazıyev bildirdi ki, heç bir şey ata bilməz, çünki yanında xarici jurnalistlər var.

SonraXocalı aeroportunun komendantı  Əlif Hacıyevə zəng edərək bildirdim ki, başqa çıxış yolum yoxdur, heç bir yerə də gedəsi deyiləm. Qarşıla və bir az mənə tərəf gəl ki, camaatı Xocalıya gətirə bilim. Danışığımı hər bir tərəf, həm ermənilər, həm də azərbaycanlılar eşidirdi.

Təbii ki, rabitə aparatları köhnə idi və hamı tərəfindən eşidilirdi. Əlif “gəl, qarşılayıram”, - dedi. Təbii ki, mən erməniləri aldadırdım. Hərbi hiylə işlətdiyimi bilməyən ermənilər dərhal üç kənddən BMP-ləri işə saldılar. Xocalı ilə Malıbəyli arasında vaxtilə azərbaycanlılar yaşayan, sonra ermənilər tərəfindən işğal edilən Həsənabad kəndi vardı. O istiqamətə gəldilər ki, biz Xocalıya gedəndə aramızı kəssinlər və orada kütləvi şəkildə qırsınlar. Əlif Hacıyevlə danışdıqdan sonra, yaranan boşluqdan istifadə edərək əhalini Ağdamın Abdal Gülablı kəndinə tərəf çıxarmağa çalışırdım. Ermənilərin heç ağlına da gəlməzdi ki, yeddi kəndin ortası ilə kimsə mühasirədən çıxa bilər. Bu qərarı Malıbəyliyə ilk dəfə gələn zaman vermişdim. Ona görə özümü heç itirmirdim. Yəni son məqsədim bu idi. 6000-6500 nəfər ortada hərəkət edir, ətrafda isə onları mühafizə edirdilər. Lakin kəndə daxil olan ermənilər anladılar ki, əhali hansısa yolla çıxmağı bacarıb. Qar izi və itlərlə yolumuzu axtarıb taparaq arxamızca gəlirdilər. Pirəməki kəndi yaxınlığındakı dağı keçərkən yüksəklikdən meşənin içərisinə güllələri səpələməyə başladılar. Çoxlu yaralı və şəhidimiz oldu. Axır ki, qarşımızı kəsdilər. Yenidən mühasirə vəziyyətinə düşdük. Sol tərəfimiz sıldırım qayalıq, sağ tərəfimiz isə yüksəklik idi. Soldan keçmək mümkün deyildi, sağımızı isə tutmuşdular. İşğaldan öncə bizim tərəfə keçmiş özbək millətindən olan birisini əlində ağ bayraqla onların yanına göndərdim ki, ermənilər keçməyimizə icazə versin. Bilirdim ki, ermənilər bizə keçməyə icazə verməyəcək. Əsas məqsədim əhalinin bizdən aralı düşən hissəsinin gəlib çatmasını gözləmək idi. Həm də vaxt lazımı idi ki, döyüşçüləri bir yerə yığıb qərar qəbul edim. Göndərdiyim özbəyə demişdilər ki, “qadınlar bir sıra olaraq ayrı bir şəkildə, kişilər isə silahlarını ataraq keçsinlər, toxunmayacağıq”. Cığır bir dənə idi. Mənə yenə əhalinin yığışması üçün vaxt lazım idi. İkinci dəfə özbəyi danışığa göndərəndə onu yarı yolda vurdular. O zaman artıq planı qurmuşdum, qarşıdan iki nəfərlə onların diqqətlərini özümüzə cəlb etməli, qalan 25 nəfər isə sağ və soldan ermənilərin mövqeyini məhv etməli idilər. Plan istənilən səviyyədə həyata keçirildi, 12 nəfər erməni məhv edildi və ərazi açıldı.

- Sizdən başqa komandanlıq edən şəxslər var idimi?

- Kənd daxilində Şuşa rayon Milis Şöbəsinin bölməsi vardı. Rəis Təvəkkül Hüseynov, həmçinin ondan sonra Şuşadan göndərilən milislərin çox hissəsi kəndi tərk etmişdi. Malıbəylidə yalnız yerli milislər qalmışdı, onlara da Əkbər Əkbərov rəhbərlik edirdi. O, Şuşa rayon milis şöbəsinin post-patrul xidmətinin komandiri idi. Bununla yanaşı, Malıbəylidən kəndin döyüşçüsü Bulud Əmiraslanov müavinim idi və ovçu olduğundan ərazini yaxşı bilirdi. Onun atası Hüseynalı kişi də ərazini yaxşı bilirdi. Məhz əhalinin meşənin daxilindən çıxarılmasında bu adamlar kömək etmişdi. Hüseynalı kişi öndə gedirdi.

- Abdal Gülablıya çatana qədər erməni postları və kəndləri daxilindən keçməli idiniz Hansı məhrumiyyətlərlə üzləşmişdiniz?

- Əlbəttə, Abdal Gülablıya getmək üçün erməni kəndləri daxilindən getməli idik. Ərazini keçməyimizə baxmayaraq, qarşıda Naxçıvanik kəndi vardı. Vəziyyətin çıxılmaz olması səbəbindən 11 nəfərlə Naxçıvanik və Daqras kəndinin arxasından hücum etdik. Gözlənilməz hücum zamanı ermənilərin 7 nəfəri öldürüldü və yaranmış panikadan istifadə edərək əhalini erməni postlarının çoxluq təşkil etdiyi ərazidən keçirə bildim. Abdal Gülablıya çatan zaman 5 dəqiqə atışma baş verdikdən sonra bir-birimizi tanıdıq. Bütün həyatım boyunca demişəm ki, bizim -Malıbəyli camaatının Ağdamın Abdal Gülablı kəndinə böyük bir can borcu var. Orada əhalini yüksək səviyyədə qarşıladılar, evlərinə apardılar, ayaqqabılarını dəyişdirdilər. Kəndlərin əhalisini Abdal Gülablıda Bulud Əmiraslanov, Məhiyyəddin Əmiraslanov və rəhmətlik Kərəm kişi ilə birgə təhvil verdik. Bizim tərəfə keçmiş özbək və tacik döyüşçüləri isə Moskvaya apardılar ki, baş vermiş hadisələri televiziya vasitəsilə dünyaya çatdırsınlar.

Şahin Qocayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI