Modern.az

"Sultan" mərəzi... Xabi-qəflətdə yatan ümmət...

"Sultan" mərəzi... Xabi-qəflətdə yatan ümmət...

12 Fevral 2015, 22:05

Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı

Əhməd Şoiqi  təmsillərindən  tərcümələr    


Xoruz, tülkü və dovşanın hekayəsi
           

Bir gün səhər çağında
Qızıl quyruqlu  xoruz 
Çıxıb hündür  hasara
Səhranı seyr edirdi.
Birdən gözü sataşdı
Yaxınlıqda  dayanan,
Ona  iştahla  baxan
Ağzının  suyu  axan
Xain,  xəbis  tülküyə.
Elə  bu  dəm  xoruzun 
Yadına  düşdü  bir-bir
Düşməni  bic  tülkünün 
Etdiyi  bütün  pislik.
Yuxarıdan  aşağı
Xoruz  baxaraq  dedi: 
Vicdansız, əclaf  tülkü
Səndə  yoxdu  mərhəmət,
Ətrafdakı  quşlara 
Vermisən  çox  əziyyət.
Sözlərimə  qulaq  as:
Çox  qanlar  axıtmısan,
Günahlara  batmısan,
Girəvə  gözləyərək,
Xəlvət  hinə  girərək
Günahsız  toyuqları 
Boğaraq  öldürmüsən,
Qırmızı  tac  quşlarla
Qarnını  doldurmusan.
Bəd  əməllər  sahibi,
Lənətə  gəlmiş  tülkü
Çəkdirmisən  çox  acı,
Tanrı  versin  bəlanı!
Xoruzun  qəzəbinə
Tuş  gələn  qurnaz  tülkü
Başını  yerə  dikib
Sakit-səssiz  durmuşdu,
Rəqibin  qarşısında
Zəif, gücsüz  olmuşdu,
Çünki  ona  küfr  edən
Xoruz   güvəncdə  idi.
Qalmışdı  yana-yana,
Əli  çatmırdı  ona.
Siyasətcil  bic  tülkü
Axı  hardan  biləydi
Gözləmədiyi  anda
Daş  qayaya  rast  gələr,
Polad  belə  əriyər
Həqiqətin  gözündə,
Haqqın  sözü  önündə.
Daima  qalib  gələn
Kələkbaz  tülkü  lələ
Bu  dəfə  uduzmuşdu.
Qənimət  zənn  etdiyi
Qırmızı  taclı  xoruz
Çox  yüksəkdə  durmuşdu.
Yaxınlıqda  dayanan,
Olaya  şahid  olan
Dovşan  girdi  araya
Xoruzun  qarşısında
Məğlub  olan  tülküyə
Dedi  qalibcəsinə:
Lənət  olsun, ey  cəllad,
Sənin  kimi  dinsizə,
Mürtədə, şərəfsizə!
Eşitdiyi  tənqiddən,
Məzəmmət  və  təhqirdən
Heç  özünə  gəlməyən, 
Əsəbindən  zənciri
Dayanmadan  çeynəyən,
Hündürlükdə  dayanan
Xoruzdan  qisasını
Ala  bilməyən  tülkü
Dovşanı  qurban  seçdi.
Qabardıb  sinəsini
Onun  önünə  keçdi.
Hirsini, hikkəsini
Dovşana  tökən  tülkü
Elə  ilk  həmləsində
Onu  boğub  öldürdü.
Yazıq  dovşanın  dili
Başına  bəla  oldu.
Ey  insanlar, bilin  ki,
Gör-götür  dünyasıdır.
Xoruz, tülkü, dovşanın
Hekayəsi  hər  kəsə
İbrətamiz  nəsihət,
Görüləsi  məsləhət,  
Müdrik  dərs  olmalıdır.
Ariflər  yaxşı  deyib:
İnsana  fayda  verməz
Vaxtsız, yersiz  danışmaq.
Yadında  möhkəm  saxla
Hər  şeyin  öz  vaxtı  var.
Səbr  eylə, sən  tələsmə
Zamanı  gəlməyincə,
Məqam  yetişməyincə
Nə  danış, nə də  dillən,
Sus, dilinə  hakim  ol.
Amma  lazım  gələndə,
Əlverişli  məqamda
Əldən  vermə  fürsəti
Qəbul  etmə  zilləti. 
Kimsədən  çəkinmədən
Gördüyün  gerçəkləri,
Doğru  və  həqiqəti
Aşkarca  deməlisən.
Yalan, iftiraları
Simasız  mənfurları
Sən  ifşa  etməlisən.
Haqqın  yanında  olub
Sənə  daş  atanların
Həqarət,  böhtanların
Qarşısında  sədd  qurub
Cavabın  verməlisən.
Siyasət  elə  budur
Lazım  olan  məqamda
Susma, söylə  düzünü,
De  kəsərli  sözünü
Hər  kəsə  açıb  göstər
Düşmənin  iç  üzünü!

***  ***  ***  ***                    

Qoca uzunqulağın nağılı

Biri  vardı, biri  yoxdu
Kənddə  qoca  eşşək  vardı.
Əldən  düşüb  qocalmışdı,
Saç-saqqalı  ağarmışdı
Heç  bir  işə  yaramırdı.
Lakin  buna  baxmayaraq
Birdən-birə  müştəbehlik 
Mərəzinə  yoluxaraq,
Soy-kökünü  unudaraq
Ağlı  dayaz, məriz  qoca
Özunu  "Sultan"  sayırdı.
Padşah  olmaq, taxta  çıxmaq
İstəyi  ilə  yaşayırdı.
Arpa, saman  yeyən  eşşək
İpə-sapa  da  yatmırdı.
Səsi  özünə  xoş  gələn
"Cahanşümal"  uzunqulaq
Gecə-gündüz  anqırırdı.
Bir  gün  cümə  səhər  çağı  
Yelbeyin,  xudbin  qocanın 
Hay-küyündən  təngə  gələn
Kəndin  bütün  canlıları
Anqırtısı  qulaq  dələn,
"Burda  mənəm, 
Bağdadda  kor  xəlifə" - deyən
Heç  nə  olub,
Özünü  zirvədə  görən
Həyasız  arsıza  qarşı
Böyük  qiyama  qalxaraq
Cəng-üsyan  eylədilər.
Hər  kəsdən  narazı  qalan,
Dodaqaltı  donquldanan
Şöhrətpərəst, xudbin  eşşək
Çürük, iyrənc  dişlərini
Acıqla  bir-birinə  sıxdı,
O, daşın  üstünə  çıxdı
Natiq  olub  nitq  söylədi:
Atam,  babam  xan  oğludur,
Anam  tərəf  bəy  soyludur,
Uzaq  tarixə  baxsanız,
Arasanız, axtarsanız,
Görərsiniz  əcdadımdır
Hökmdarlar  hökmdarı
Sahibi-Sultan  İsgəndər.
Bu  səbəbdən  şah  tacına
Layiq  olan  "O"  kəs  mənəm,
Hakimlərin  ən  aqili, 
Vicdanlısı,  düzü  mənəm,
Alimlərin  üləması,
Divanın  qəzəl, qoşması
Mümtazların  səsi  mənəm,
On  barmağı  qızıl  olan
Görkəmli  sənətkar  mənəm
Şairlərin  təbi  mənəm 
Nəğmələrin  sözü  mənəm,
Məclislərdə  ali  qonaq,
Büsatların  gözü  mənəm.
Yazılmayan  qanunları 
Hər  aləmdə  yazan  mənəm,
Öz  mərzindən  çıxanların 
Qəbrlərin  qazan  mənəm,
Tarixə  ismin  yazacaq
O  dahi  şəxsiyyət  mənəm,
Məşhuri  seyyidi-cahan
Məmləkətin  fəxri  mənəm,
Cahangir  Zülqərneyn  
Sultan  İsgəndər  mənəm.
El-obanın  dar  günündə
At  üstündə  nərə  çəkən
İgid, cəsur, ərən  mənəm,
Savaşlarda, olaylarda
Etibarlı  sərkərdəniz
Cümlə-cahanda  bayraqdar 
İxtiyar  sahibi  mənəm.
Dünyanıza  işıq  saçan
Dan  ulduzu  Ülkər  mənəm.
Mənim  kimi  bir  cövhərin,
Qiymətsiz  bir  xəzinənin
Siz  qədrini  bilməlisiz.
Məmləkətin  ortasında
Mənə  layiq,  qol-budaqlı
Qədir  ağacı  əkməlisiz,
Məni  "Sultan"  seçməlisiz.
Eşşək  sözün  bitirməmiş
Kənd  əhlini  gülmək  tutdu.
Dünyadakı  təzada  bax,
Bir  aynada  özünə  bax
Atalar  yaxşı  deyiblər:
Qarnı  boş, yalavac  toyuq
Yuxusunda  darı  görər.
Sənin  kimi  əsilsizlər
Özünü  böyük  sərkərdə
İsgəndər, Teymurləng   bilər.
Ömrü  boyu  kötək  yeyən,
Kürəyində  yüklə  gedən,
Arpanı  bölə  bilməyən
Ələyi  çoxdan  ələnən,
Xəlbiri  göydə  fırlanan
Sarsaq  qoca  uzunqulaq
Özünü  xan  oğlu  sayıb,
Xanədanda  Sultan olub
Taxtda  oturmaq  istəyər.
Son  sözümüz  budur  dinlə:
Özündənrazı  sərsəri
Əl-ayağımız  dəyməmiş
Yığışdır  şələ-küləni 
İtil  burdan  cəhənnəmə
Gözümüz  görməsin  səni!
Təkəbbürlə  özün  öyən,
Heç  kimi  də  bəyənməyən
Müştəbehlik  azarından, 
Sultan  olmaq  mərəzindən
Əziyyət  çəkən  qoca  eşşək
Dayandı  yol  ayrıcında,
Xəyalların  ümmanında,
Çox  düşündü, çox  daşındı,
Sağına, soluna  baxdı,
Axırda  qərar  verərək
Qorxunc  kölgələr  dolaşan
Dağa  gedən  yola  çıxdı.
Ayın  görünməsi  ilə
Bəsirət   gözü  açılan
Qoca  eşşək  bixəbərdi
Bu  gediş  son  gediş  idi...
Gecə  xəlvətdə  ulaşan,
Şikar  dalınca  dolaşan
Ac-yalavac  çaqqallara 
Göydən  düşmə  sovqat  olan
Mərəzə  tutulan  eşşək
Gecənin  dərinliyində
İzsiz-tozsuz  gözdən  itdi.
Bax beləcə  nəql  etdiyim
Əhvalat  burada  bitdi.
Söz  sərrafı  ariflərə
Deyiləcək  son  sözüm  var:
Aqil  şəxsin  zinətidir
Onun  əqli, dərrakəsi
Düşüncəsi, iradəsi.
Vay  o  gündən  məmləkətdə
Boşboğaz  meydan  sulaya
Ədalət  nədir  bilməyən
Xəbislər  məhkəmə  qurub
Ortada  tonqal  qalaya.
Əxlaqdan  dəm  vuran  naqis
Öz  gözündə  tir  görməyib
Başqasında  çöp  axtara.
Dəli  quyuya  daş  ata,
Min  əqli  bəlaya  sala.
Nuri-elmdən  bixəbər
Alim  olub, kəşflər edib
Aşımıza  zəhər  qata.
Fəqirlərin  haqqın  yeyən
Boğazında  haram  tikə,
Marağında  pul, vəzifə
Dinsiz-imansız  acgözlər 
Nəfsini  şeytana  sata.
Bir  qarnı  ac, bir  qarnı  tox
Qəpik-quruşla  dolanan
Ümmət  isə, cahil  olub
Xabi-qəflətdə  yata... 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI