Akif CABBARLI
Bakı – 11, Mehdi Hüseyn küçəsi-1. Hələ orta məktəb illərində bu ünvana məktublar göndərər, sonra da səbirsizliklə radio dinləyicilərinin yazdıqları əsasında hazırlanan icmallarda adımın çəkildiyini, üç-dörd cümləmin səsləndiyini eşidəndə, sonradan dostlarımın, tanış-bilişin bu barədə xatırlatmasına qulaq asanda necə sevinirdimsə, bu gün də Azərbaycan Televiziyası və Radiosunun uğurlarına bir o qədər şad olur, qürurlanıram.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndə o dövrün qaydalarına görə Mehdi Hüseyn-1 ünvanına təyinat alanların sırasına mənim də adım yazılmışdı. Təbii ki, Azərbaycan Radiosu ilə sıx əməkdaşlığımı nəzərə almışdılar və gənc jurnalist kimi fəaliyyət göstərməyim üçün buranı münasib bilmişdilər. Bioqrafiyamın ən yadda qalan hadisəsi 1973-cü ilin sentyabrında baş verdi və o vaxtan keçən qırx iki ilin bəzən çətin, ziqzaqlı, bəzən də rahat vərəqlənən səhifələri birər-birər yadımda, hafizəmdədir. Əvvəllər radioda, sonra televiziyada sıravi müxbir, böyük redaktor, şöbə müdiri, yaradıcılıq birliyinin rəhbəri kimi çalışdım, özümə çoxlu dost, müəllim qazandım, yazdıqlarımın, danışıqlarımın məsuliyyətini duydum, buradakı ab-havanın şirinliyindən ləzzət aldım.
Sabah – fevralın 14-də Ana Televiziyamızın ad günüdür. İstəkli, sevimli telekanalın 59 yaşı tamam olur. Əsl müdriklik dövrünə qədəm qoyur AzTV. Yaxşı yadımdadır, ötən əsrin 70-80-ci illərində video-texnikanın bu kanala ayaq açması bir çox yeniliklərə sitimul oldu. Mərkəzi Televiziyadan 3 il sonra-1973-cü ildə AzTV-də rəngli yayıma keçilməsi o dövr üçün əlamətdar hadisə idi. 1985 ci ildə kollektivin yaradıcılıq əzmi və təşəbbüsü sayəsində AzTV bütün parametrlər üzrə - xüsusən də texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi Televiziyadaki çıxışlarına görə SSRİ-də 4-cü yerə çıxmışdı. AzTV sədri Elşad Quliyev bu uğurları Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyəti, mədəniyyət və incəsənətə verdiyi yüksək qiymət və tükənməz qayğısı ilə əlaqələndirirdi.
O vaxtdan çox illər keçib. AzTV milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin yorulmaz təbliğatçısına, ana dilimizin qorunması, saflaşması yolunda mübariz əsgərə çevrilib. AzTV-nin Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirdiyi ardıcıl muğam müsabiqələri, bir-birinin ardınca efirə vəsiqə alan musiqili - əyləncəli proqramlar, tele-tamaşalar, sənədli filmlər, tok-şoular tamaşaçıların dərin rəğbətini qazanıb. Bu məqamda hansısa proqramın adını, hazırlayanların və aparıcıların kimliyini yada salmağı, xatırlatmağı hörmətli oxucularımızın ixtiyarına buraxıram. Çünki, həssas oxucuların həm də diqqətli və sədaqətli tamaşaçı olduğunu sübut etməyə ehtiyac yoxdur. Hələ baxçaya, məktəbə gedən uşaqlardan tutmuş ahıl insanlara qədər hər kəsin AzTV-yə olan inamının, etimadının, əsl tamaşaçı məhəbbətinin yaranması məhz bu qurumda çalışanların yorulmaz fəaliyyətinin, vətəndaş yanğısının ifadəsidir. Neçə-neçə adlı-sanlı ictimai-siyasi xadimin, yazıçı və şairin, elm adamının ürəklə qədəm basdığı, cəsarətlə addımladığı AzTV dəhlizləri həmişə saflığa, irfana və aydınlığa uzanan, üfüqlər qədər geniş, səma təki aydın yolları xatırladıb mənə. Kiçik fasilələrlə, dəvət çərçivəsində “ Xalq qəzeti” və “Azərbaycan” qəzeti redaksiyalarında çalışsam da yaradıcılıq bioqrafiyamın ən yaddaqalan səhifələri məhz AzTV-də yazılıb.
AzTV-nin yaradıcı kollektivi, texniki personalı daim öz üzərində işləyir, dövrün tələblərinə uyğunlaşmağa çalışır. Son illər çəkiliş paviliyonları, studiyalar, montaj otaqları ən müasir avadanlıqla təchiz edilib, gənc jurnalist və rejissorlara daha uğurlu fəaliyyət göstərmək üçün hər cür şərait yaradılıb. Gənclərə geniş meydan verildiyi kimi, həyatını bu quruma bağlamış insanların peşə vərdişlərindən, zəngin təcrübəsindən də geniş istifadə olunur. Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhimdar Cəmiyyətinin rəhbərliyi illərlə bu kollektivdə çalışan, televiziya işini incəliklərinə qədər mənimsəmiş insanların bacarığından, peşəkar idarəetmə qabiliyyətindən yerli-yerində istifadə edilməsini bu quruma uğur gətirən amillər kimi dəyərləndirir.
Ənənələrə sadiqlik, yeniliklərə “yaşıl işıq” yandırmaq bu kollketivin dəyişməz fəaliyyət prinsiplərindəndir. Təbii ki, AzTV Ana Televiziya kimi şərəfli adı havayıdan qazanmayıb. Neçə onillərdir ki, burada fəaliyyət göstərən insanlar hansı vəzifəni daşımasından asılı olmayaraq ilk gündən AzTV-ni özlərinə doğma bir ailə, isti ocaq, sözün əsl mənasında ana biliblər, bu kollektivdə özlərini lap evlərindəki kimi hiss ediblər. Çoxları burada özlərinə ömür-gün yoldaşı tapıb, ailə qurub, ev-eşik sahibi olub. Onlarla belə fakt göstərmək olar. Hələ 1941-ci ildə Azərbaycan Radiosunda diktor kimi çalışan Zəhra Salayeva ilə peşə yoldaşı Tofiq Zeynalov öz xoşbəxtliklərinə məhz burada imza atıblar. Sonralar Əlisa Məmmədovla Lidiya xanım, Aydın Qaradağlı ilə Gültəkin Cabbarova, Züleyxa Hacıyeva ilə Kamil Məmmədov, Fatma Cabbarova ilə Sabir Rüstəmov öz səadətlərinə qovuşublar. Bu siyahını yenə uzatmaq olar. Nahid və Ofeliya Hacizadələr, Ofeliya və Valid Sənanilər, Fəridə və Faiq Aslanbəyovlar, Səltənət və Hidayət Səfərlilər, Fərman və Həqiqət Nəbiyevlər, Rəhim Dərafərin və Firuzə xanım, Şəfəq və Vaqif Əlixanovlar... Azərbaycan Teleradiosunun xoşbəxt cütlüklərinə çevriliblər. Azərbaycan Televiziya və Radio verlişləri QSC Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımov bildirir ki, bu statistikanı dəqiqləşdirsək hələ çox ailənin adını çəkmək olar. Sərhəd müəllimin fikrincə, hər hansı qurumda belə ailələrin yaranmasına bəlkə də birtəhər baxar, dodaq büzərlər. Amma AzTV kimi mehriban, səmimi kollektivdə insanların bir-birinə inamı, dərindən bələdliyi, buradakı ilıq, səmimi münasibət, əsl yaradıcılıq atmosferi təbii olaraq bu cür izdivacların baş tutmasına, möhkəm təməlli ailələrin qurulmasına zəmin yaradıb. Təbii ki, bu ənənə davam etməlidir və Həmkarlar İttifaqı Komitəsi də yeni yaranan ailələrin xeyir işində yaxından iştirak etməyə həmişə hazırdır. Bu sözlər də Sərhəd müəllimindir.
AzTV-ni hər ailədə sevir, onu həmişə əziz qonaq kimi gözləyirlər. Ana Televiziyamız da qarşılığında hər bir tamaşaçının xoş sözünün, haqlı iradının və məsləhətinin, xeyir-duasının sorağındadır.
Bakı-Mehdi Hüseyn küçəsi, 1. Unutmayın ki, bu ünvanda hər birimizin ürəyindən xəbər verən, bizi sevindirən, düşündürən, gələcəyə səsləyən, verilişlərin həmişə axtarışında olan, yorulmaq bilməyən müəlliflər, çoxsaylı bir kollektiv gecə-gündüz xidmətinizdə, yanınızda, qəlbinizdədir.
Əlli doqquz yaşın mübarək, bizim əziz, Ana Televiziyamız!