İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli düşünür ki, peşman olmaq çarəsiz, zəif adamların işidir: “Jurnalist olmurlar, jurnalist doğulurlar. Necə ki, şair olmurlar, şair doğulurlar, jurnalistika da elədir. Çünki bu da yaradıcılığa aid məsələdir. Hələ uşaqlıq illərimdən qəzet oxumağa ciddi maraq göstərmişəm. Bu düşünülmüş, məqsədli bir məsələ deyildi... İnşa yazılarımda müəllim hər zaman soruşardı ki, bunu sənin üçün kim yazıb. Bəzən özüm yazdığıma əmin olması üçün dərsdə bir mövzu verib, yazmağımı istəyirdi, təbii ki, dərhal oturub yazırdım. Amma o zamanlar ağlıma gəlməzdi ki, jurnalist ola bilərəm. Çünki jurnalistika mənə görə asanlıqla əl çatılan bir sahə deyildi. Sonra universitetdə oxuyanda (Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsini bitirmişəm) bir neçə qəzetə yazı apardım, dərc etdilər və beləcə həvəslənib ara-sıra yazdım. Universiteti bitirəndən sonra qısa bir müddət müəllim işlədim, gördüm ki, məndən müəllim olmaz. Ondan sonra jurnalistikanı özümə əbədi peşə seçdim və bütün uğurlarım jurnalistika ilə bağlıdır. 2001-2003-cü illərdə “Hürriyyət”qəzeti, 2003-2006-ci illərdə “Bakı-Xəbər” qəzetində işləmişəm, 2006-cı ildən bugünədək isə “Yeni Müsavat” qəzetindəyəm. Reportyorluqdan redaktorluğa gəlincə 11 il yol keçmişəm. Çox gözəl peşədir, amma gərək üzərində çox işləyəsən, ölkədə, dünyada baş verənləri ciddi-ciddi izləyəsən, çox oxuyasan. Təbii ki, peşəmi sevirəm və peşman olmaq çarəsiz, zəif adamların işidir”.
Jurnalist Şəfiqə Muradqızı bəxti üzünə güldüyü üçün çox xoşbəxtdir: “Azərbaycan Dövlət Pedoqoji Kollecin İbtidai sinif müəllimi fakültəsini bitirmişəm. Amma bu peşə üzrə işləməmişəm. Çünki hər zaman arzum jurnalist olmaq olub. Jurnalistikaya hələ kiçik yaşlarından həvəsli idim. Sadəcə evin bir uşağı olduğum üçün ailəmin istəyini yerinə yetirib pedaqoji sahəyə üz tutdum. Mən özümü heç zaman bu sahədə görmürdüm. Məqsədim yalnız jurnalist olmaq idi. Şükür arzuma çatdım. Kiçik yaşlarda xəyal kimi baxdığım jurnalistikaya 2009-cu ildə, 16 yaşım olarkən gəldim. İlk işlədiyim kanal AzTV olub. O vaxtlar rejissor assistenti kimi çalışırdım, həm də birinci kurs tələbəsi idim. 2012-ci ildə, üçüncü kursda oxuyarkən “Lider” TV-də işləməyə başladım. Burada bir çox dostlar qazandım. Və bu kanalda sözün əsl mənasında məni yetişdirirdilər. Bu sahəni mənə öyrətdikləri üçün 3 nəfərə borcluyam. Biri tanınmış jurnalist, çox hörmət bəslədiyim müəllimim, tanınmış teleaparıcı Rövşən Məmmədov bu sahənin sirlərini, əsl jurnalist olmaq üçün nələri bilmək lazım olduğunu mənə öyrətdi. Nitq müəlliməm Aygül Qaradağlı rus bölməsini bitirdiyimə görə düzgün oxunuş qaydasını mənə öyrətdi. Və mənə dəstək olan, jurnalistika sahəsində öz dəst-xətti ilə seçilən Elnur Niftəliyev- “Xəbərlər” departamentində ilk qədəmlərimi atanda bu insan mənə çox kömək və dəstək olub. Hər üçünə çox sağolumu bildirirəm. Jurnalistikanı mənə daha çox sevdirdilər. Əvvəllər “Xəbərlər” departamentində çalışırdım. Sonra bu departamentdə bölgü oldu və mən “İdman və vətənpərvərlik” redaksiyasında işləməyə başladım. O departamentin rəhbəri müəllimim Rövşən Məmmədov idi. Bir müddət idman jurnalisti kimi işlədim. Sonra idman xəbərlərinin aparıcısı oldum. Hətta bir çox idman tədbirlərinə gedəndə hamı mənə təəccüblə baxırdı: qız və idman (gülür). Daha sonra fəaliyyətimi İTV-də davam etdirdim. Hazırda İctimai Televiziyada idman sahəsində çalışıram.
Mən jurnalistikanın vurğunuyam, hətta dəlisiyəm demək olar. Jurnalistika mənə çox şey verdi. Çox xoşbəxtəm ki, bəxtim üzümə güldü və arzum həyata keçdi. Artıq 6 ildir ki, bu sahədəyəm və peşman deyiləm”.
“APA Holding” in əməkdaşı Əlibəy Zeynallı sandığı dolu olan adamdır: “Mən Memarlıq və İnşaat Universitetini bitirmişəm. Hidrotexnika mühəndisiyəm, yəni su qurğularının tikinitisi və sair. Uzun müddət tikinti bankında bu sahənin maliyyələşməsi ilə məşğul olmuşam. Yəni mühəndis işləmişəm. SSRİ vaxtı.
Təbii ki, jurnalistika və hidrotexnika mühəndisi bir-birinə uyğun gəlməyən, heç yaxın da gəlməyən sahələrdir. Mühəndislikdən jurnalistikaya gəlişim təsadüfən oldu. Bir-iki məqaləm oldu. APA da mənə müraciət etdi. Elbrus Ərud Şirvana gəldi. Və mənə “bizlə işləyə bilərsən?” təklifini verdi. Mən də razılaşdım. Əvvəlcə sınaq müddəti oldu. Sonra sınaq müddəti 8 ilə çevrildi. Daimi işçi oldum.
Mən sandığı dolu olan adamam. Jurnalist olmaq xoşuma gəlir. Amma bura çox gec gəlmişəm. Və jurnalistikada xaos var. Kim oldu bu peşəyə yiyələnir. Başa düşürəm ki, mənim peşəm jurnalistika deyil. Amma hesab edirəm ki, oxuduğum kitablar və öz üzərimdə daim çalışmağım mənə bu sahədə baş çıxarmağa imkan verir. Hələ 7-ci sinifdə oxuyanda özüm üçün kitabxana düzəltməyə başladım. Kitabxanamda 1500-ə qədər kitabım var. Yarısından çoxunu oxumuşam. Amma təəssüf ki, kitablarımın əksəriyyəti rus dilindədir. Elələri də var ki, latın qrafikası ilə yaza bilmir, amma cibində jurnalist vəsiqəsi gəzdirir.
Hal-hazırda səmimi deyəcəm, APA-da çalışdığımdan çox məmnunam. Bu kollektiv çox gözəl kollektivdir. İşimdən çox razıyam. Jurnalistikaya gəldiyim üçün peşman deyiləm. Əvvəlki işim üçün də darıxmıram. Çünki indi tələblər dəyişib. Artıq mən orda keyfiyyətli mühəndis ola bilmərəm. Həm də xaraktercə o işdə 130 rus manatı və rüşvət var idi. Bu, SSRİ reallığı idi. Amma indi mən yaxşı əmək haqqı alıram və azad bir insanam.
Xəbərçi jurnalist olmaq kəşfiyyatçı olmaq kimi bir şeydir. Yəni mütləq sənin də xəbərçilər şəbəkən olmalıdır. Yaxşı mənada. Heç bir rəsmi qurum istənilən xəbəri sənə könüllü vermir. Ona görə bu şəbəkəni artıq bu 8 ildə qura bilmişəm. Həm də burada APA brendi də mənə kömək edir”.
AzərTAc İnformasiya Agentliyinin əməkdaşı Ülviyyə Məmmədli özünü öz qabında hiss edir: “Bakı Slavyan Universitetinin filologiya-tərcümə fakültəsinin məzunuyam. İxtisasca filoloq, tərcüməçiyəm. Heç vaxt öz ixtisasım üzrə işləməmişəm.
Əslində həmişə yazmağa marağım olub. Lap uşaqlıqdan nələrsə yazırdım- gah şeir, gah hekayə, gah məqalələr, amma heç vaxt dərc olunmurdum. Hətta saatlarla güzgünün qarşısında dayanıb mətnlər oxuyurdum, diktor, aparıcı olmaq həvəsiylə məşq edirdim. Amma məktəb illərində içimdə başqa bir hiss də vardı- diplomat olmaq (gülür). Və bu minvalla elə tələbəlik illərindən nazirliklərin birində işə başladım. Orada da demək olar ki, elə informasiya ilə işləyirdim. Sonra monotonluq məni bir az yordu və müxtəlif sahələrdə özümü sınamağa çalışdım: direktor köməkçisi, iqtisadi işlər üzrə menecer, kiçik sahibkar və s. Bəlli bir yaşa çatanda anladım ki, yox, mən jurnalist olacağam. Qəti qərar verdim və elə məhz AzərTAc-da işləyəcəyəm. Bu inad və istəklə AzərTAc-a gəldim, baş direktorun qəbuluna düşüb, istəyimi, xahişimi və bu sahədə üzərimə götürəcəyim öhdəlikləri dedim. Sağ olsun, Aslan Aslanov mənə inandı, işə qəbul etdi. Ən böyük arzuma çatmama səbəb oldu. Burada Siyasət və rəsmi xəbərlər şöbəsində çalışmağa başladım. Bu işim həm siyasətə olan marağımı ödəyir, həm də jurnalistikaya. Bu işlə məşğul olduğuma çox sevinirəm. Bir söz var, deyirlər, özümü öz qabımda hiss edirəm.
İçimdə jurnalistikaya böyük həvəs olsa da təhsilimi politologiya sahəsində almaq istəyirdim. Düzü, test imtahanı zamanı heç filologiyanı da seçməmişdim. Amma mexaniki bir səhv nəticəsində filologiya-tərcümə fakültəsinə daxil oldum. Sonra fikirləşdim ki, bu da görünür, bir qismətmiş, elə bu yoldan keçib jurnalistikaya gələrəm, yəni heç təəssüflənmədim.
Jurnalistikaya gəldiyim, bu sahədə işlədiyim üçün qətiyyən peşman deyiləm. Və düşünürəm ki, yaxşı ki, müxtəlif sahələrdə çalışdıqdan sonra jurnalistikaya gəlmişəm. Bu təcrübə indi mənə işimdə çox kömək edir. O fikirlə də razıyam ki, hər şey öz vaxtında gözəldir. Yaxşı ki, mən də vaxtında gəldim bu sahəyə”.
Misranə Həsənzadə