yazıçı-publisist,
filologiya üzrə fəlsəfə doktoru
([email protected])
Gələcəyinə qonaq getmişdi. Xəyalatla ayıqlıq arasında ətrafı seyr edirdi. Qocalmış bulvarda çürüyüb torpağa qarışan güllərin fərqi qalmamışdı: hamısı qapqara torpaq rəngindəydi. Ətri də gəlmirdi.
Beli bükülmüş ağaclar Onu layiqincə qarşılaya bilmədiklərindən başlarını aşağı dikmişdilər. Ağacların seyrəlmiş saçları xəcalətdən yer süpürürdü.
Yollar da qocaldığından asfaltın üzü qırış-qırış olmuşdu. İllərin naxışını çöhrəsində gəzdirən qarı nənələrə oxşayırdı.
Qocalmış itlər də dilini çıxarıb tənbəl-tənbəl ağzının suyunu axıdırdı. Kimsəyə hürmür, irəli cummurdu.
Dəniz də qocalıb əldən düşmüşdü. Daha heyi yoxuydu dalğalanmağa. Məlul-məlul Onun üzünə baxırdı.
Bulvar qocalmışdı. Şəhər qocalmışdı.
Üşəndi bir anlıq. Ətrafına baxındı. Heçmi həyat eşqi qalmamışdı keçmişindəki tanış məkanlarda?! Hamısınımı israf edib tükətmişdilər? Can atdıqları gələcək onları beləmi qarşılayacaqdı?
Təbiətdən əlini üzüb insanlara diqqət yetirməyə başladı. Gələcəyində rastına çıxanlara. Gözlərini zilləyib sifətlərin cizgilərini saf-çürük edirdi. “Aaaa! Bunlar ki həmkarlarımdır...” Yerindən qımıldanmaq istədi. Xatirələrinin tozunu çırpmağa macal tapmamış cütlük ötüb keçdi. Heç dönüb Ona tərəf baxmadılar da. Məyus oldu: - “Məni tanımadılar. Yəqin...” Tez də özünə ürək-dirək verməyə başladı: - “Yadıma zorla saldığım gözlərdən, illərin yükünü daşıyan üzlərdən ilıq baxış ummaq ağılsızlıqdır. Heç öz qəlbim də çırpınmadı.”
Qocalmış sifətlərin altında Onun gəncliyi yatırdı. Bircə anlıq da olsa, oyada bilsəydi gəncliyini... Bu qoca şəhərdə Onu nə görən varıydı, nə axtaran, nə tanıyan. Yadplanetlilər kimi laqeyd keçirdilər yanından.
Elə təklənmişdi ki, gələcəyində. Kimsəsiz qalmışdı. Yaradan Onu niyə bu vaxta saxlamışdı? Hansı günahlarının cəzasını çəkirdi təkləndiyi bu məkanda? İstəmədi gələcəyini. “Allahım, qulyabanı kimi yaşatmaqdansa, məni də dost-tanışımın olduğu yerə apar”, - dedi sakitcə.
Həyat eşqinin qeybə çəkildiyi dünyadan pıçıltıyla söylədiyi ricası Yuxarılara tez yetişdi. Ondan başqa Bəndə qalmamışdı ki Yer üzündə. Keçmişində belə şanslı olsaydı, nə bəxtəvər idi! İndi, gələcəyinə qonaq getdiyi bu məqamdasa heç xoşbəxtlik də Ona gərək deyildi. Gəlsə, qovardı. Qapını açmazdı xoşbəxtliyin üzünə. Qocalmış üzlərin soyuq ifadələri doğmalıqdan çox uzağıydı. Çox. “Allahım, bu qoca maskaların altındakı həqiqi sifətlər kimə məxsusdur?” - düşüncəsindən əzab çəkirdi.
Yenə ətrafına baxındı. Quşlar da tənbəl-tənbəl oxuyurdu. Gümrah, şən, şaqraq heç nə yoxuydu buralarda. Xəyalları bir-bir suya düşürdü.
Qəfil öskürək səsi qonaqlığını alt-üst etdi. Onu indisinə qaytardı. Yan-yörəsi boşalmışdı. Deyəsən, O, qonaqlıqda olanda indisindəkilərin hamısı tərk etmişdi bu zamanı. Bircə öskürək səsi qalmışdı. Onun da yiyəsi gözə dəymirdi.
Durub bulvarın bu başından o başına yol aldı. Nə qədər axtardısa, qocalmış bulvarda cavan bir nəfəsə, hənirtiyə rast gəlmədi.
Birdən musiqi səsi qulaqlarını sığalladı. Sevindi. İçi güldü: - “Deyəsən, tapdım. Gələcəyimdə də həyat varmış!” Sevincək ətrafına baxındı. Kimsə yoxuydu. Görünür, gəncliyindən gəlirdi o səs – sevib-sevildiyi illərdən, sayıb-sayıldığı günlərdən... Qonaq gələndə özü ilə gətirmişdi. Hə. Yadına düşdü. Qəlbində gətirmişdi bu təranəni.
Qulağını sığallayan səsin sehrindən vücudunda həyat eşqi qaynamağa başladı. Bayaqdan məlul-məlul baxan Xəzər də canlanıb Onun üzünə gülümsədi.
Bulvarda meh əsdi. Ağacların budağından bərk-bərk yapışmış təkəm-seyrək yarpaqlar əl çalıb oynamağa başladılar. Torpağa qonub tənbəl-tənbəl oturmuş yarpaqlar da halay qurub yallı getdilər. Deyəsən, hələ canları suluydu.
29 may 2014