Modern.az

“Bu gün Lamiyə Quliyeva ilə bağlı hökm dəyişdirilə bilər” - Vəkil

“Bu gün Lamiyə Quliyeva ilə bağlı hökm dəyişdirilə bilər” - Vəkil

13 Fevral 2015, 11:13

“Bugünkü məhkəmədə 2010-cu ildəki hökmün dəyişdirilməsinə baxılacaq. Qərar məhkəmədən asılı olacaq. Məhkəmədə Lamiyə Quliyeva və anası iştirak edəcək. Proses KİV nümayəndələri üçün açıq olacaq”.

Bunu Modern.az-a açıqlamasında Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində günlandırılan Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil mətbuatda Lamiyə Quliyevanın övladının atasının adının açıqlanmasına gəlincə qeyd edib ki, uşağın atasının məhbus olması bilinirdi, sadəcə, adı açıqlanmırdı: “Bəli, Lamiyə Quliyevanın uşağının atası Elnur Rəsulovdur”.

Məhkum Lamiyə Quliyevanın uşağı ilə bağlı müəmmaya gəlincə, Fəxrəddin Mehtiyev bildirib ki, uşaqla bağlı məsələyə Lamiyə özü aydınlıq gətirəcək: “Mən bu haqda nəsə deyə bilmərəm”.

Haqqin.az saytı uşağın kimliyi ilə bağlı məlumat yayıb. Məlumata görə, bu, 1984-cü ildə Ağsuda anadan olan Elnur Rəsulov dur. Onun özü də şübhəli şəxs qismində Kürdəxanı istintaq təcridxanasında saxlanılıb. Bildirilir ki, Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri də sübut edib.

Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Guya, Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb.

Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən Lamiyə Quliyeva 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilib.

Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Lamiyə Quliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyeva barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.  

Bir müddət əvvəl - 2014-cü ilin oktyabrında Lamiyənin həbsxanada nikahdankənar uşaq doğması cəmiyyətdə rezonans doğurub.

Bu səbəbdən də Lamiyə Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin hökmünün çıxardığı cəzanın ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib protestə bu gün fevralın 13-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir