Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ötən gün baş tutan iqtidar-müxalifət dialoquna münasibət bildirib. Modern.az saytının məlumatına görə, o, Milli Məclisin bugünkü iclasında bildirib ki, bu cür görüşlər cəmiyyət, mətbuat və siyasi partiyalar üçün əhəmiyyətlidir. Onun fikrincə, iqtidar-müxalifət görüşü dövlət əhəmiyyətli məsələdir.
Siyavuş Novruzov bəzi siyasi partiyaların həmin tədbirdə iştirak etməməsinə də münasibət bildirib: “Təəssüflər olsun ki, bəzi partiyalar xaricdən idarə olunduğundan dövlət əhəmiyyətli iqtidar-müxalifət dialoqunda iştirak etmirlər. Həmin siyasi partiyaların maraqlarına xidmət edən mətbuat orqanları bu görüşə kölgə salmaq istəyirlər. Halbuki, bu partiyaların nümayəndələri dəfələrlə ATƏT-in tədbirlərində iştirak edirlər, amma belə dövlət əhəmiyyətli görüşlərə qatılmırlar. Bu görüşlərdə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilir və dövlətimiz üçün bu baxımdan əhəmiyyətlidir”.
Aqşin KƏRİMOV