Bu gün “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2014-cü ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edib. A.Fərzəliyev qeyd edib ki, 2014-cü ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib və bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 632,4 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 35 faiz artım əldə edilib. İstehlakçılara 2 milyard 626,8 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,8 faizi qədər sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,7 faiz təşkil edilib. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 4206 daimi iş yerləri yaradılıb.
Ölkə başçısının Nərimanov rayonu ərazisində açılışında iştirak etdiyi obyektlər haqqqında da məlumat verilib.
Tədbirdə digər çıxış edənlər rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlət başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2014-cü ildə çox böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini nəzərə çatdırıb, eyni zamanda, 2015-ci il üçün nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə edib.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və Milli Məclisin deputatı Rasim Musabəyov iştirak ediblər.
Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Modern.az