Modern.az

Məhkəmə Lamiyə Quliyeva ilə bağlı vəsatəti RƏDD ETDİ - Azadlığa buraxmadı

Məhkəmə Lamiyə Quliyeva ilə bağlı vəsatəti RƏDD ETDİ - Azadlığa buraxmadı

Təhsil

13 Fevral 2015, 13:28

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunun ölümündə təqsirləndirilmiş məhkum Lamiyə Quliyevanın işi üzrə hazırlıq iclası keçirilib.
İclasda Baş Prokurorluğun Lamiyə Quliyeva barədindəki apellyasiya protestinə baxılır.

Bu barədə Modern.az-a Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehtiyev məlumat verib. Prosesdə vəkil Lamiyə haqqında  həbs-qətimkanın tədbirinin dəyişdirilməsi, məhkəmə müddətində ev dustaqlığına buraxılması barədə vəsatət qaldırsa da, hakim vəsatəti təmin etməyib. 

Prosesdə uşağı ilə iştirak edən L.Quliyeva da çıxış edib və ölkə rəhbərliyindən kömək istəyib. O, həbsxanada dünyaya gətirdiyi nikahdankənar uşağını azadlıqda böyütmək istədiyini söyləyərək, hakimdən ədalət istəyib. L.Quliyeva bildirib ki, o cinayəti nahaqdan törətməyib və indi əməlindən peşmandır: "Mən artıq yorulmuşam. Xahiş edirəm, məni azadlığa buraxın".

Növbəti məhkəmə prosesi fevral ayının 20-də keçiriləcək. 

Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən Lamiyə Quliyeva 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilərək həbs edilib.

Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Lamiyə Quliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyeva barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.  

Baş Prokurorluq həmin hökmdən apelyasiya protesti verib. Növbəti məhkəmə prosesində Baş Prokurorluq apellyasiya protestinə baxılacağı gözlənilir. 

 Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir