Hərbi ekspertlər Azərbaycanda orduna inamla bağlı Modern.az saytına danışıblar.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, əhalinin Azərbaycan ordusuna inamı çox yüksək səviyyədədir. Hərbi ekspert Müdafiə Nazirliyinin orduya ayırdığı diqqətlə yanaşı, diqqətdən kənarda qalımış bir sıra mövzulara da toxunub.
“Ordumuzun nüfuzunun artması təbii ki, dövlət budcəsindən ayrılan vəsaitlərlə birbaşa bağlıdır. Bu vəsaitlər həm silah-sursatın alınması, həm də sosial şəraitin yaxşılaşdırılması üçün nəzərdə tutulur. Bütün bunları görürük və alqışlayırıq, eyni zamanda özümüz-özümüzü aldatmamalıyıq ki, hər şey yaxşıdır, hər şey gözəldir. Çox təəssüflər olsun ki, bəzi “işbazlar” baş ucalığı gətirməyən neqativ hərəkətlərini davam etdirirlər. Ümidvaram ki, Müdafiə Nazirliyinin rəhbərliyi onlara qarşı ən sərt addımları atacaq”.
Son keçirilən hərbi təlimlərə münasibət bildirən ekspert bildirib ki, ordunun güclü olmasına baxmayaraq, görülən işlər heç də lazımı səviyyədə işıqlandırılmır.
“Şəxsən bu son görülən işlərlə bağlı iradımı bildirim. Bundan əvvəlki 30 min şəxsi heyətlə keçirilən təlimləri elə bir şəkildə təqdim etməliydik ki, düşmənin canına vəlvələ düşsün. Müharibə yalınız silahla aparılmır, eyni zamanda informasiya ilə aparılır. Düşmənə göstərmək lazımdır ki, baxın görün Azərbaycan əsgəri hansı bir səhra şəraitində təlimlər keçir və ən müasir silahlardan istifadə edir. Nədən biz bunu lazım olan formada təbliğ etməyək, lazım olan formada dünyaya göstərməyək? Bu, dünya dövlətlərini və bədnam qonşularımızı narahat edəcək və onları bir qədər də dərindən düşündürəcək.”
Üzeyir Cəfərov telekanalların mövqeyini belə şərh edib:
“Ordumuzun nüfuzunun qaldırılması üçün telekanallarımız, o cümlədən radiostansiyalarımız bu istiqamətdə lazım olan işləri həyata keçirməlidir. Müdafiə Nazirliyinin İcimaiyyətlə əlaqə və mənəvi pisixoloji hazırlıq idarəsinin rəisi polkovnik Rüfət Əmirovun elə dünən, bundan əvvəl də mətbuatda söylədiyi fikirləri tam dəstəkləyirəm. Çox təəssüflər olsun ki, müharibə aparan bir ölkənin televiziya kanalları bu məsələyə çox vaxt ayırmırlar. Ümumilikdə götürdükdə müsbət işlər çoxdur. İnanıram ki, görülən işlər Azərbaycan Silahlı Qüvvələrində qulluq edən əsgərlərin, zabitlərin həyat şəraitini daha da yaxşılaşdıracaq, ordu ətrafında fikrlərin daha da yüksək səviyyədə formalaşmasına böyük təkan verəcək”
Azərbaycan əhalisi arasında orduya yüksək inamın olduğunu vurğulayan hərbi ekspert Azad İsazadə Silahlı Qüvvələr daxilində aparılan islahatları müsbət qiymətləndirib:
“Ordu rəhbərliyinin apardığı hazırki siyasəti təqdir etmək lazımdır. Azərbaycan vətəndaşları öz ordusuna güvənir. Azərbaycan ordusu ötən ilin avqust ayından etibarən mövqelərini daim gücləndirməkdədir. Sonuncu dəfə erməni hərbi vertolyotunun, pilotsuz uçuş aparatının məhv edilməsi və hər gün düşmənin verdiyi itkilər əhali arasında ordunun gücünə inamın yüksək səviyyədə formalaşmasına səbəb oldu”.
Şahin Qocayev