“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Dövlət Neft Şirkəti ilə birgə İçərişəhər, M.Ş.Vazeh küçəsi, ev 6 ünvanında yerləşən üçmərtəbəli, 14 mənzilli yaşayış binasında iki ilə yaxın aparılan regenerasiya işləri tamamlayıb və tam təmir olunmuş mənzilləri bina sakinlərinə təhvil verib.
Sözügedən üçmərtəbəli yaşayış binası 2000-ci ildə Bakıda baş vermiş zələzələ nəticəsində zərərçəkmiş binaların siyahısına daxil edilmişdi. Uzun müddət təmir və bərpa işləri aparılmadığından, sakinlər tərəfindən özbaşına artırmalar edildiyindən, həmçinin təbii təsirlərdən güclü aşınmaya məruz qalmış bu bina öz dayanıqlığını itirmiş, tam qəzalı vəziyyətə düşmüşdü. İdarə tərəfindən 2012-ci ildə aparılmış monitorinqlər binanın hər an uçmaq təhlükəsi ilə üzləşdiyini müəyyən etmişdi.
Bütün bunları nəzərə alaraq, bina məhkəmə qaydasında qəzalı elan olunmuş, binanın təmir-bərpa işlərinin yerinə yetirilməsi isə mövcud qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin üzərinə qoyulmuşdu. Lakin, layihənin sosial baxımındın əhəmiyyətliliyi və mülkiyyətçilərin maddi imkanlarının aşağı olması nəzərə alınaraq regenerasiya işlərinin dövlət hesabına həyata keçirilməsi qərara alınıb. 2012-ci ilin ikinci yarısında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Dövlət Neft Şirkəti ilə birlikdə aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış layihə əsasında binanın regenerasiyasına başlayıb. Regenerasiya işlərinin aparılması müddəti ərzində bütün bina sakinləri İdarə tərəfindən dövlət vəsaiti hesabına müvəqqəti yaşayışla təmin edilib. Regenerasiyadan sonra binada bütün mənzillər tam təmir edilib, bina avtonom mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Modern.az-a bildirilib ki, son bir neçə il ərzində İçərişəhərdə 60-dan artıq qəzalı vəziyyətdə olan binaların bünövrələri möhkəmləndirilib, onların qəzalılıq vəziyyəti aradan qaldırılıb.
Modern.az