Modern.az

Manat ucuzlaşır, nə baş verəcək? - EKSPERTLƏR: “Pensiyaların, əmanətlərin dəyəri azalacaq”

Manat ucuzlaşır, nə baş verəcək? - EKSPERTLƏR: “Pensiyaların, əmanətlərin dəyəri azalacaq”

16 Fevral 2015, 17:35

“Reallıq bundan ibarətdir ki, Mərkəzi Bank manatın məzənnəsinin stabilliyinin saxlanması üçün əlindən gələni edir. Bu, sosial baxımdan əhəmiyyətlidir, amma nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın intervensiya xərcləri 1,5 milyard dollardır və hər ay pul dövriyyəsinə 1,5 milyard dollar vəsait çıxararaq manatı strelizasiya edir. Mövcud şərait göstərir ki, Mərkəzi Bankın valyuta ehtiyatları uzunmüddətli dövrdə manatın məzənəsinin stabilliyini qoruyub saxlamağa imkan verməyəcək”.

Bu fikirləri Modern.az-a iqtisadçı Vüqar Bayramov manatın məzənnəsi ətrafında cərəyan edənlərə aydınlıq gətirərkən deyib.

O qeyd edib ki, birmənalı şəkildə manatın məzənnəsinin aşağı düşəcəyini də söyləmək çətindir: “Mərkəzi Bank hələ ki faktiki olaraq çalışır ki, manatın məzənnəsindəki stabilliyi qoruyub saxlasın. Devalivasiya ilə bağlı qərar kifayət qədər ölçülü olmalıdır. İndiki halda məzənnənin necə olacağını proqnozlaşdırmaq çox çətindir.

Biz əslində manatla olan əmanətlərin indefikasiya sistemini  təklif edirdik. Ümumiyyətlə, Mərkəzi Bank dollara olan tələbatın qarşısını almaq üçün addımlar atmalıdır. Dollara olan tələbat eyni zamanda kommersiya banklarında əmanət kimi saxlanılan manatın və onların dollara çevrilməsi nəticəsində yaranır. Mərkəzi Bank ən azı sığortalanan manatla olan əmanətləri indefikasiya edərsə, bu praktik olaraq dollara olan tələbatın kəskin azalmasına və Mərkəzi Bankın intervensiya xərclərinin hiss edilən qədər azalmasına gətirib çıxara bilər. Hələlik Mərkəzi Bank dollara olan tələbatın azaldılması üçün real addımlar atmır.

Bu gün ölkə prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bankın valyuta səbəti prinsiplərindən istifadə etməsi müəyyən qədər fikir formalaşdırmağa imkan verir ki, Mərkəzi Bank ən azı avroya nisbətən məzənnənin müəyyənləşdirilməsində mövcud dəişiklikləri nəzərə alacaq. Səbət prinsipinin tətbiq edilməsi hələlik devalivasiyanın olacağı anlamına gəlmir”.

Ekspertin fikrincə, Mərkəzi Bankın iki yolu var: ya dollara tələbatın azalması üçün addımlar atmalı, ya da manatı yumşaq devalivasiya etməklə valyuta bazarındakı gərginliyin müəyyən qədər azalmasına nail olmalıdır.

Manatın məzənnəsini qoruyub saxlamaq mümkün olmazsa, nə baş verəcək?

İqtisadçı bildirib ki, bunun həm müsbət, həm də mənfi tərəfləri var: “Manatın məzənnəsi aşağı salınarsa, Azərbaycanın qeyri-netf ixracatı stimullaşacaq, ölkədaxili məhsulların daha rəqabətli olmasına, həmçinin büdcə daxilolmalarına gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, ölkədə ixracatının 95 faizi strateji məhsullardan ibarətdir. Məhsullar dollarla satılır, bunun üçün də manatla devalvasiya büdcəyə daxilolmaların həcmini artıracaq.

Mənfi cəhətlərinə gəldikdə, sosial baxımdan arzu olunan deyil. Xüsusilə də manatla ifadə olunan əmək haqqı, pensiyaların dəyərinin azalmasına səbəb olacaq.

Digər tərəfdən, nəzərə alsaq ki, kredit portfelinin bir qismi manatladır, bu bank gəlirlərinə mənfi cəhətdən təsir göstərəcək. Çünki banklar krediti manatla verir. Vətəndaşların banklarda əmanətləri var. Əmanətlərin dollara nisbətdə dəyəri azalacaq. Eyni zamanda, vətəndaşlar manatla kredit götürüblər. Nəzərə alsaq ki, əmanətlərin 63 faizi manatla saxlanılır, bunların dollarla ifadəsi ucuzlaşmaya səbəb olacaq”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da Modern.az-a deyib ki, mümkün qədər manatın məzənnəsini stabil saxlmağa davam etmək lazımdır, amma qorunmasa daha yaxşıdır: “Manatın məzənnəsinin saxlanması üçün müəyyən təkliflər irəli sürülür. Məzənnənin qorunub saxlanmasının iki tərəfi var: birincisi, Azərbaycan əhalisi üçün böyük əhəmiyyət kəsb etdiyindən bunu maksimum qoruyub saxlamaq lazımdır. Amma yumşaq metodla məzənnəni bazar səviyyəsinə gətirib çıxarmaq lazımdır.

Yaxud, dəhliz müəyyən etmək lazımdır ki, manatın məzənnəsi qorunub saxlanılsın.

Düzdür, məzənnənin saxlanılmasına külli miqdarda vəsait sərf edilir. Bu baxımdan qorunmaması daha yaxşı olardı. Amma əhalinin alıcılıq vəziyyətini nəzərə alaraq maksimum qorumaq lazımdır. Əgər məzənnənin aşağı salınmasına qərar verilsə, bunu da yumşaq şəkildə etmək lazımdır ki, əhali zərər görməsin”.

İqtisadçı-deputat gec-tez manatın məzənnəsinin aşağı salınacağını da istisna etməyib: “Manatın məzənnəsinin aşağı salınması gec-tez olmalıdır. Çünki qonşu dövlətlərdə gedən proseslər bunu diqtə edir. MDB məkanında manat yeganə valyutadır ki, nəyin hesabına olmasına baxmayaraq stabilliyini qoruyub saxlayır. Digər valyutaların hamısı 30, 40, hətta 70 faiz dəyərdən düşüb”.

Mərkəzi Bankın İdarə Heyəti fevralın 16-dan etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

Qərara əsasən məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi