Modern.az

“TV-lərdə müğənnilərin bayağı davranışları, ikrah doğuran şəxsi həyatı təbliğ olunur” - AÇIQLAMA

“TV-lərdə müğənnilərin bayağı davranışları, ikrah doğuran şəxsi həyatı təbliğ olunur” - AÇIQLAMA

Media

17 Fevral 2015, 10:42


“Bu gün telekanallarda özünü göstərən mənfi tendensiyalardan biri kimi, müğənnilərin və teleaparıcıların ekrandakı bayağı davranışı ilə bağlı verdiyim açıqlamanın rezonans doğurması yaxşıdır, sadəcə, bu açıqlamanın konkret bir müğənniyə, yəni Röyaya və onun iştirak etdiyi verilişə şamil olunmasını istəməzdim”.

Modern.az xəbər verir ki, bu açıqlama ilə telejurnaslit Qulu Məhərrəmli çıxış edib.

O bildirib ki, müğənni Röyanı bəyənir: “Özlüyündə bu müğənninin səsini və ifa tərzini bəyənirəm, radioda ona məmnuniyyətlə qulaq asıram. ATV-nin “Gündəm”i isə populyar əyləncə proqramları hazırlamaq ənənəsi olan bu televiziyanın ən baxımlı verilişlərindəndir, struktuca formalaşıb, yaxşı mövzular tapır, çox vaxt maraqlı qonaqlar dəvət edirlər. Amma mən açıqlamadakı mövzunun miqyasca bir az geniş qavranılmasını istərdim, çünki burada bütövlükdə bizim teleməkanı uçuruma aparan, ictimai əxlaqa ziyan vuran, sözü və ekranı nüfuzdan salan bir tendensiyadan söhbət gedir”. 

Telejurnalistin fikrincə bizim gənclər müğənniləri yamsılayır: “Artıq 5-6 ildir ki, müğənnilər telekanallarımızın əvəzolunmaz qəhrəmanlarına çevrilib, onların çoxunun səviyyəsizliyi, ekranlardakı danışıqları, düşük və bayağı davranışları, əksəriyyətinin ikrah doğuran şəxsi həyatı və bu həyatın bəh-bəhlə ekranlarda, saytlarda və qəzet səhifələrində təbliğ olunması ciddi narahatlıq doğurur. Məsələ heç də kiminsə qısa ətəklə efirə çıxmasında (hərçənd ki, burada da bir ölçü hissi olmalıdır), yaxud yaxasının açıq qalmasında deyil, məsələ bayağı davranışların arxasındakı niyyətdədir, mənəvi dəyərlərə hücumdadır, yeniyetmələrin dünyagörüşünə mənfi təsirdədir, ictimai-milli problemlərə biganəlikdədir. Nəticə yavaş-yavaş görünür, auditoriyanın çox hissəsi bu müğənnilərin iştirak etdiyi verilişlərə baxır, ölkənin tarixindən və mədəniyyətindən bixəbər olan gənclərin çoxu üzdəki müğənniləri özlərinə ideal seçir, çoxları danışıq və davranışlarında bu müğənniləri yamsılayırlar... Bu hələ başlanğıcdır!”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi