Modern.az

“Firidun Şuşinskiyə ermənipərəst deyənlərə xatırlatmaq istərdim ki...” - Araşdırmaçıdan tənqidçilərə CAVAB

“Firidun Şuşinskiyə ermənipərəst deyənlərə xatırlatmaq istərdim ki...” - Araşdırmaçıdan tənqidçilərə CAVAB

17 Fevral 2015, 11:19

Aslan Kənan
Araşdırmaçı

İlk növbədə mənə geniş oxucularla fikrimi bölüşdürmək üçün şərait yaratdığı üçün Modern.az saytına dərin təşəkkürümü bildirirəm.

Saytınızın istedadlı jurnalisti Elmin Nuri ilə dərc olunan müsahibənin belə rezonans yaratması məni çox sevindirdi. Hər bir diqqətli oxucuya mənə tutduğu iradlarına görə dərin təşəkkürümü bildirirəm. Lakin mən həmin oxucuların nəzərinə bəzi məqamlara aydınlıq gətirmək istərdim. Bu aydınlıq elə bilirəm ki,  nəinki müsahibəyə  fikrini bildirənlərin, həm də bütün musiqisevərlərin ürəyincə olardı.

Hörmətli Modern.az-ın oxucuları, nəzərinizə çatdırım ki, Firidun Şuşinski Habil Əliyev, İslam Rzayev, Arif Babayev kimi sənətkarların ifalarını hər zaman təqdir edirdi. Tərifdən başı gicəllənənləri, sənətlərinə xor baxanları tənqid atəşinə tuturdu. Onun qələmi sənətkarın ad-sanına baxmırdı. Əgər həmin ad-san sahibi olan sənətkar ifasında səhv edərdisə, ekran və yaxud səhnə qarşısında hər hansı bir xoşagəlməz hərəkətə yol verərdisə, o zaman F.Şuşinskinin qələmi həmin sənətkara güzəşt etməzdi. Yuxarıda adı çəkdiyimiz sənətkarlara da F.Şuşinski tərəfindən güzəşt olunmadı. Nəticədə adlarını xalq sənətkarı qoyanlar, sənətdə yenicə “addım” atan zaman musiqişünas tərəfindən vaxtilə müdafiə olunduqlarını unudub, ona qarşı sərt mövqedə durdular. Tutduqları mövqenin nəticəsi olaraq, qoca, haldan düşmüş, xəstə, haqsızlıqlara cavab verməyə taqəti qalmayan Firidun bəyə qarşı düşünülmüş şəkildə məhkəmə iddiası qaldırdılar.  İd­dia­çı­lar bə­zən məq­səd­dən kə­nara çı­хıb 30 ildən çox Azər­baycan mu­si­qi sənə­ti­nin əvəz­siz təd­qi­qat­çı­sı olan F.Şu­şin­ski­ni “icti­mai-fay­da­lı əmək­lə məşğ­ul olmay­an, özü-özü­nə musiqişünas, mu­si­qi təd­qi­qat­çı­sı adı­nı ve­rən ide­o­lo­ji təх­ri­bat­çı, mə­nə­vi terror­çu” ki­mi təqdim ediblər.

F.Şuşinski yeganə insanlardan idi ki, sözü üzə deyərdi. Yeganə tədqiqatçılardan idi ki, onun amalı yalan tərif yox, doğru tənqid idi. Tənqid etdiyi şəx-sin kimliyindən asılı olmayaraq, ona qarşı qələmini itiliyərdi. O, Azərbaycan xalqının dünya şöhrətli musiqi xadimlərindən Fikrət Əmirov, Zeynəb Xanlarova, Cahangir Cahangirov və başqalarını repertuarlarını təzələmədikləri, müğənnilərə yeni-yeni mahnılar bəstələmədikləri üçün qınayardı. Rəşid Behbudov kimi dünya şöhrətli sənətkara repertuarının köhnəldiyinin, Azərbaycanın rayonlarında az olduğunun, gənclərin yığıncaqlarında çıxış etmədiyinin bağışlanmaz olduğunu deyirdisə, başqa bir tərəfdən bu sənətkarları Azərbaycan xalqının mirvarisi hesab edirdi.

 Azər­bayca­nın qüdrət­li bəs­tə­ka­rı, Fik­rət Əmi­rov yazır­dı: “Mən iki Fi­ri­dun tanıyı­ram. Bi­rinci ziy­a­lı­la­rın 95 fai­zi­ni lağa qoy­an, sa­ti­ra qır­mancı­na do­lay­an Fi­ri­dun­u-muz­dur. İkinci Fi­ri­dun alim, və­tən­daş, böyük əməl­pər­vər mu­si­qişü­nas və jur­na­list qarda­şı­mız­dır. Əs­lində bu iki, Fi­ri­du­nu bir-bi­rin­dən ayır­maq ol­maz”.

F.Şuşinski ömür boyu istedadlı gənclərin qayğısına qalmış, onları həvəsləndirmək üçün haqlarında məqalələr yazıb, radioda aparıcısı olduğu veirlişlərə dəvət etmişdir.  

O,1964-cü il fevralın 27-də Habil Əliyevi müəllifi və aparıcısı olduğu “Gözəl çalğıçı” konsert-oçerkə dəvət etmiş, 1964-cü il aprel ayının 17-də isə ona həsr etdiyi “Habil segahı” məqaləsini “Azərbaycan gəncləri” qəzetində dərc etdirmişdir. Məqalə tanınmış musiqişünasın qələminin məhsulu olduğundan, H.Əliyev tez bir zamanda şöhrət tapır. Onu tez-tez xarici səfərlərə dəvət edirlər. Dövlət tədbirlərində iştirakı üçün şərait yaradılır. Bir söz-lə, Habil Əliyev üçün hər yerdə “yaşıl işıq” bərq vururdu.

İstedadlı kamança ustası, Azərbaycanın xalq artisti Şəfiqə xanım Eyvazova televiziya ekranında görünəndə Firdun müəllimin sevincdən gözləri yaşarmışdı. O zaman “qadınlarımız kişilərimizdən qeyrətli çıxdı. İndi inanıram ki, ulularımızın qoyub-getdiyi bu qiymətli mirasımızı xalqımız yaşadacaq” –– demişdi.

Çox təəssüf hissi ilə qeyd etmək istərdik ki, xalq artisti Habil Əliyev bu vaxta qədər nə hər hansı bir kamança çalana yol göstərmiş, nə də xeyir-dua vermişdir. Ondan müsahibə götürən jurnalistlərə verdiyi qəribə cavab “bu kamança çalanlar hamısı mənə qulaq asıb öyrəniblər” - deməklə bir növ özünə haqq qazandırmağa çalışmışdır.

 Nəzərinizə çatdıraq ki, Azərbaycanda kamança çalanların əksəriyyəti ermənilər idi. Buna görə də F.Şuşinskinin respublikamızın rayonlarından birindən yenicə gəlmiş, musiqi sahəsində hələ tanınmamış Habil Əliyevi təbliğ etməkdə məqsədi, həm gənc ifaçını respublikada tanıtmaq, həm də xalqımıza məxsus olan kamanı ermənilərin əlindən almaq idi.

Vaxtilə Firidun Şuşinskiyə ermənipərəst deyənlərə xatırlatmaq istərdim ki, mətbuatın, televiziyanın və yaxud respublikanın arxivlərində saxlanılan keçən əsrin şəkillərinə nəzər yetirsələr mütləq onların yaltaq sifətləri ilə rastlaşacaqlar. Unutmasınlar ki, respublikamızın televiziya ekranlarında hər hansı bir sənətkardan söhbət açılırsa, onun ifası verilirsə, orada kamança, balaban çalan, ya da dəf vuran erməni olacaq. Bizim “Segah”, “Şur”,”Mahur”, “Uzundərə”,“Tərəkəmə”, “Vağzalı” və digər oyun havalarını erməni millətindən olan B.Məlikov, A.İoannisyan, S.Oqanezaşvili incə zövqlə və böyük məhəbbətlə çalıblar. Elə bir musiqi üçlüyü yoxdur ki, orada tarzən, kamançaçı, dəf vuran erməni və yaxud gürcü olmasın. Elə bir orkestr yox idi ki, orada erməni millətindən olmasın. Bu faktlara o dövrdə fəaliyyətdə olmuş ansambl və orkestrlər haqqında yazan və çıxış edən müəlliflərin məqalələrində rast gəlinir. Məqalə müəllifləri onların azərbaycanlı sənətkarlarla birgə çəkilmiş şəkillərini də nümayiş etdirirlər. Heç kəsə gizli deyil ki, bu cür hallar son illərə qədər davam etmişdir. Hal-hazırda statiskaya görə Azərbaycanda 30 mindən çox erməni yaşayır. Məgər bu da Firidun bəyin günahıdır? Heç kəsə gizli deyil ki, keçən əsrin sonlarına qədər Azərbaycanın ən gəlirli yerlərinə ermənilər başçılıq ediblər. Məgər bu da Firidun bəyin günahıdır? Nazirlərimizin, idarə rəhbərlərimizin bir çoxlarının həyat yoldaşları, katibələri, nə bilim nələri bu millətin nümayəndələri olub, onların əlləri ilə ermənilər bütün işlərini asanlıqla həyata keçiriblər. Bu da Firidun bəyin günahıdır? Xanəndələrimizi, tarzənlərimizi çox zaman erməni kamança çalanları, dəf, bəzən nağara vuranlar müşayət edib. Bu da Firidun müəllimin günahıdır? Məgər toylarda onları müşayiət etməyə azərbaycanlının yerinə ermənini aparan xanəndələrimiz, tarzənlərimiz olmayıblarmı? Bu da Firidun bəyin günahıdır? Dövlət tədbirlərinə azərbaycanlını siyahıdan silib, erməninin adını yazanda fikirləşmişdilərmi nə günah edirlər. Bəlkə bu da Firidun bəyin günahıdır? Vaxtilə ermənilərlə qucaqlaşıb şəkil çəkdirən sənətkarlar, keçmiş günlərini bir daha vərəqləsin. Kimin haqlı, kimin haqsız olduğunu özü müəyyənləşdirsin. F.Şuşinskinin kölgəsini qılınclayanlar vax-tilə etdikləri hərəkətlərinə diqqət etsinlər, toydan sonra pulu kiminlə bölüşdürüblərsə, o günləri xatırlasınlar. Ermənipərəst onlardır, yoxsa, Firidun Şuşinski?


70-ci illərdə “armyanskie muqamı” ifadəsi mətbuat-da özünə yer tapmışdı. Etinasızlıq gör nə yerə çatmışdı ki, həmin ifadəni bəzi üzdəniraq “musiqişünaslar”ımız da işlədirdilər. Firidun müəllim bu ifadə ilə qəti razılaşmazdı. O qətiyyətlə həmin ifadənin əleyhinə çıxaraq yazılarında göstərirdi ki, sənətkar milliyyətcə erməni olsa belə, o, Azərbaycan musiqisini ifa edir. O. 1978 və1983-cü  illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziu-munda  danışan Tahirə Kərimova kimi ermənipərəstin yazılarına sərt cavabı yalnız F.Şuşinski vermişdir. Lakin ona “ermənipərəst” yarlığı yapışdırmaq istəyənlər bu məqamda ağızlarına su alıb dururdular.

“Şuşa” 1968-ci ildə rus dilinə tərcümə ediləndən sonra müəllif kitabın bir nüsxəsini SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü və SSRİ Ali Sovetinin deputatı olan A.İ.Mikoyana göndərir. F.Şuşinski bu nadürüst dövlət xadimini şəxsən tanıyırmış, həmçinin münasibətləri də pis deyilmiş. Əsəri oxuyandan  sonra maskalanmış daşnakın müəllifə qarşı münasibəti kəskin dəyişir. Mikoyan Moskvada vəzifədə oturan bir qrup erməni ilə birgə “Şuşa” əsərinə görə respublikanın rəhbərliyindən F.Şuşinskinin cəzalanması üçün ciddi tədbir görülməsini tələb edir. Səbəb isə Azərbaycan xalqının qatı düşmənləri, daş-nak partiyasının köpəklərindən general Andronik, Dro, Netde, Tevana qarşı F.Şuşinskinin sərt və barışmaz mövqeyi idi. Bununla da  kitab böyük hay-küyə səbəb olur.

Bu barədə F.Şuşinski yazırdı:

“...Şuşa” kitabının üstündə mənim başım nələr çək-mədi. O zaman mən ermənilərin əlindən üç ay Şuşaya gedə bilmədim. Küçədə, hər yerdə məni daşa basdılar. Dəfələrlə evimin küçə qapısını və pəncərələrini sındırdılar, telefon xəttini kəsirdilər. Bir neçə dəfə mənə sui-qəsd etdilər...

Qaldı ki, dəyərli oxucumuzun Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operası haqqındakı fikrinə, xatırladım ki, mənə elə gəlir, əsər 1937-ci ildə yazılsa da, lakin Moskvada ––1938-ci ildə, Azərbaycanın ongünlüyündə  oynanılıb. Tamaşadan sonra Stalin Üzeyir bəyə məsləhət görüb ki, bir yox, iki belə opera yazmaq lazımdır.

Bir məsələni də xatırlamağı özümə borc bilirəm. Hörmətli Modern.az-ın diqqətli oxucuları, bir anlığa görkəmli musiqişünas-alim Firidun bəy Şuşinskinin bu vaxta qədər yazmış olduğu kitabları bir kənara ataq, o zaman klassik muğamlarımız və yaradıcıları haqqında hansı əsərlərimiz var? Gör nə qədər bədbəxtçilikdir ki, indiyə qədər bu böyük tədqiqatçının əsərləri hökumət səviyyəsində latın qrafikasında nəşr olunmayıb.

Sonda Firidun Şuşinskinin yaradıcılığını daim diqqət mərkəzində saxlayan dünya şöhrətli bəstəkar Fikrət Əmirovun sözləri ilə bitirmək istəyirəm: “Firidun Şuşalı həm bir alim, musiqişünas, həm də şəxsiyyət kimi aləmdir, əvəzsiz və bircədir. Misilsizdir. Deyir və düşündürür. Biz Azərbaycan millətinin inkişafı və sağlamlaşması naminə Firidundan muğayat olmalıyıq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI