Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” mahnı yarışmasında azərbaycanlı müğənni Elnur Hüseynov yenə uğurlu çıxışını davam etdirib.
Modern.az saytı xəbər verir ki, fevralın 18-nə keçən kecə Elnur Hüseynov yarışmanın yarımfinal mərhələsində bir neçə ifa ilə tamaşaçıların rəğbətini qazanıb.
Belə ki, Elnur öncə musiqisi Tofiq Quliyevin, sözləri Rəsul Rzanın olan "Yalqızam yalqız" mahnısını oxuyub. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk səsvermədə 6-lığa daxil olub.
Şərtlərə əsasən, ən az səs yığan iki nəfər yarışmanı tərk etdikdən sonra digər ifaçılar növbəti dəfə çıxış ediblər.
Bu dəfə isə E.Hüseynov Serab Erenerin repertuarından "Vur yüreğim" mahnısını səsləndirib. Azərbaycanlı iştirakçı növbəti səsvermə nəticəsində final dördülüyünə vəsiqə qazanıb. O, fevralın 19-na keçən gecədə TV8 kanalında canlı yayımlanacaq final mərhələsində qalib olmaq üçün yarışacaq. Filalda 4 iştirakçı çıxış edəcək.
Qeyd edək ki, bütün iştırakçılar və münsiflər heyəti bir neçə gün əvvəl qətlə yetirilən Özgecan Aslanın xatirəsinə hörmət olaraq qollarında sarğı ilə çıxıblar.
TV8 telekanalında Acun İlicalının aparıcı olduğu “O səs Türkiyə” mahnı yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.
Modern.az