Modern.az

Əsl ziyalı mücəssəməsi

Əsl ziyalı mücəssəməsi

18 Fevral 2015, 12:24

Fevral ayının 18-də  elmi-ictimaiyyət, doğmaları, əzizləri, həmkarları, tələbərilə  birgə  Ədalət  müəlllimin  90  illiyini  qeyd edəcəklər.Təəssüf  ki, onsuz.  İnsanlarla  daim  sıx  ünsiyyətdə  olmağı  sevən, bu  mərd  insanın  maraqlı, elmi  əsaslara  söykənən  söhbətlərinin  də, mübahisələrinin  də, tələbə auditoriyalarında mühazirələrinin  də  bu  gün  yeri  görünür. 

 Ədalət  müəllimin çoxşaxəli  irsi  ölməzdir, əbədidir. Zamanından  asılı  olmayaraq, Ədalət  müəllim  daim  xatırlanır, yad  edilir.

 Anadan  olmasının  90  illiyi  münasibətilə  bir  daha  tanınmış  alim  və istedadlı  pedaqoq  Ədalət  Nəzərlinin  keçdiyi  şərəfli, həsəd  aparılası  ömür  yoluna  nəzər  salmaq  yerinə  düşər.

Azərbaycan  elmində, incəsənətində  və  mədəniyyətində, ictimai  fikrində  öz   yeri, öz  sözü  olan  Nəzərlilər  şəcərəsinə  mənsub  idi  Ədalət  müəllim. 1925-ci il fevralın 18-də Bakı şəhərində dövrünün  görkəmli  ziyalılarından  olan  Məhəmmədcavad  Nəzərlinin  ailəsində  dünyaya  göz  açan  Ədalət  müəllim  bu   narahat  dünyamızda 75 il  yaddaqalan, maraqlı, mənalı  bir  ömür  yaşayıb. Gərgin, əzablı, lakin  şərəfli  bir  ömür, əsl  kişi ömrü.

Orta  məktəb  skamyası  arxasından  birbaşa  Böyük  Vətən  Müharibəsinə yollanan  Ədalət  müəllim  cəbhədə  şücaət  və  qəhrəmanlıq  göstərdi, Vətənə keçdiyi  şərəfli  döyüş  yoluna  görə  orden  və  medallarla  döndü. Qayıtdıqdan  sonra  ali  məktəbə  daxil  oldu.1949-51-ci illərdə  Moskva  Dövlət  Universitetində  təhsil  aldı, 1954-cü  ildə  isə  Azərbaycan  Dövlət   Universitetinin  tarix  fakültəsini  bitirdi.

Ömrünün  50  ilini  gözəl  bir  işə-elmə  və  pedaqoji  fəaliyyətə  sərf  etdi, neçə-neçə  aspirant, gənc  alim  yetişdirdi. Bu  müddətdə  özü  də  elmdə  nailiyyətlər  qazandı, ictimai  fəaliyyətini  genişləndirdi.


ADU-nu  bitirdikdən  sonra  Tbilisiyə  aspiranturada  təhsil  almağa  yollandı.1962-ci  ildə  dissertasiya  müdafiə  edib  tarix  elmləri  namizədi  oldu. Müəyyən  müddət  Azərbaycan  EA  Tarix  İnstitutunda  elmi  işçi  kimi  fəaliyyət  göstərən  Ədalət  müəllim  pedaqoji  fəaliyyətə  başlayaraq, bir müddət  Bakı  Yeyinti  Sənayesi  Texnikumuna  rəhbərlik  etdi. Azərbaycan   Politexnik  İnstitutunda, daha  sonra  isə  İnşaat  Mühəndisləri  İnstitutunda  müəllim  işlədi.

1977-ci  ildə  ‘’XIX  əsrin  80-90-cı  illərində  Azərbaycanda  kustarçılıq  sənəti’’ mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  edərək,iqtisad  elmləri  doktoru  elmi  adını aldı. Bəzilərinin  bu  işdə ona mane olmağa   səy  göstərmələrinə  baxmayaraq, Ədalət  müəllim  cəsarəti, dərin biliyi, şücaəti  və  mətinliyi  ilə  bu  çətin  işdə  də  qalib  çıxdı. Ona  çətin  anlarında  yaxın  dostları – o zaman Azərbaycan   EA-nın müxbir  üzvləri  Teymur  Bünyadov  və  Mahmud  İsmayılov  dəstək  verdilər. Bu  bir  daha  təsdiq  etdi  ki, Ədalət  müəllimin  elmi  əsərləri  Azərbaycanın  elm  tarixinin  parlaq  səhifələrindəndir.

Ömrünün  son  20 ilini  o  Azərbaycan  Dillər  İnstitutunda   professor  kimi  çalışdı, qayğıkeş  pedaqoq  kimi  gənc  nəslin, dəyərli  kadrların  hazırlanmasında  böyük  əmək  sərf  etdi.

 Ensiklopedik  biliyə  malik   Ədalət  müəllim  bütün sahələrdən  xəbərdar  idi. O, tez-tez  müxtəlif  elmi  konfranslarda, ədəbi-bədii gecələrdə, tədbirlərdə  fəal iştirak  edir, gəncləri  hərbi vətənpərvərlik ruhunda  tərbiyəsinin  təbliğinə  çalışırdı.

Ədalətt Nəzərli Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub. O, ömrünün sonuna kimi YAP  Nəsimi rayon şöbəsinin idarə heyətinin üzvü kimi fəallıq göstərib.

Ədalət  müəllim  çox  ağır  təbiətli, yerini  bilən,özünə  və  ətrafdakılara  qiymət verən, sözü  mərdi-mərdanə  üzə  deyən, heç  nədən  çəkinməyən, təmiz, möhkəm  iradəli  bir  insan, bütöv  şəxsiyyət olub.

Mənsub  olduğu  şəcərənin  bütün  ailələrinin  ağsaqqalı, yol  göstərəni  olub. Həyatda  xoşlamadığı  yalnız  cahillik, savadsızlıq, xəbislik, yaltaqlıq, riyakarlıq olub. Təhsilə, elmə  böyük  diqqət  yetirər, təkcə  övladlarının  deyil, bütün  qohum-əqrəbanın, dost-tanışın,  qonşunun  uşaqlarının  da  oxuyub, savadlı olmasına  çalışardı. Hədsiz  dərəcədə  qohumlarını  sevərdi. Onlarla  görüş  onun  üçün  həm  də  xatirələrini  yaşamaq, onlarla  bölüşmək  olardı.

Azərbaycanın  müstəqilliyi  isə  onun  üçün  dünyada  ən müqəddəs  bir  nemət idi. O,  daim  Azərbaycanın   müstəqilliyini, istiqlalın  dəyərini  tələbələrinə, gənclərə  aşılayar, təbliğ  edərdi. Oğlu Şücaətin  doğum  günü   may  ayının  27-si  olmasına baxmayaraq  Ədalət  müəllim  bu  günü məhz  illər  uzunu, dünyasını dəyişənə qədər   mayın  28-də “Respublika  günü’’ndə  qeyd edərdi. Hətta Sovetlər  dönəmində  belə. Bu  isə  onu  səciyyələndirən  keyfiyyətlərdən, vətənpərvər  qəlbindən  xəbər  verirdi. O, əsl  vətəndaş, ziyalı  şəxsiyyət  idi.

Yaxşı  xatırlayıram, Ədalət  müəllim  danışardı  ki, o, Ulu öndər, ümummilli  liderimiz  Heydər  Əliyevi  hakimiyyətə  dəvət  etmək  üçün  Naxçıvana  gedən şəxslər  arasında  olub. O,bununla  fəxr  edərdi. Fəxr  edirdi  ki, Azərbaycanın  belə  bir  fövqəl  şəxsiyyəti, atası var. Heydər  Əliyev  Ədalət  müəllim  üçün  ideal  idi...

Qeyd  etdiklərimiz   Ədalət  müəllimin  həyatının  ən  üzdə  olan  səhifəridir. Onun  həyatını, gördüyü  işləri  qələmə  almaq  isə  tədqiqatçıların  işidir. Torpağına, xalqına, milli-mə’nəvi  dəyərlərimizə  bağlı  olan   Ədalət  müəllim  xalqımızın  iftixarı, akademik  Ziya  Bünyadovun  yaxın  dostu, məsləkdaşı  idi.

Ədalət Nəzərli 1999-cu il mayin 20-də omrünün 75-ci ilində dünyasını dəyişib.  

Zənnimcə, Ədalət müəllim haqqında tanınmış insanların xatirələri oxucular üçün maraqlı olar. Odur ki, bəzi xatirələri oxuculara təqdim edirəm:

Xalq   rəssamı   professor,  Kamil   Əliyevin   xatirələrindən:

«Ədalət  Nəzərlini  xatırlayanda   şəxsən  mənim  gəncliyimdə ən cəsur, ən qoçaq, ən  düz  danışan, ən  yaxşı oxuyan, bütün   hərəkətlərində   özünü  əsl Azərbaycanlı  oğluna xas  olan  bütün  keyfiyyətlərə, hərəkətlərə malik əsl   oğul  yadıma  düşür. Ədalət  müəllim  məndən  3-4  yaş  cavan  idi. Mən Seyfəddin  Dağlı  ilə oxuyurdum. Ədalət  müəllim isə bizdən  4 sinif  aşağı sinifdə  Cəfər  Cabbarlı adına  məktəbdə  təhsil  alırdı,biz  isə  48  N-li  məktəbdə. Ədalət  müəllim özündən  böyük, cəsarətli, qoçaq  adamlarla  ünsiyyətdə  olmağı xoşlayardı. O, daim bizim yanımıza  gələr,dostluq edərdi. O, özünü  aparmağı  bacarırdı, böyüklər  arasında hörmət  qazanmışdı. Biz onu  özümüzdən  ayırmırdıq.

Bakıda  o  zamanlar  bizim  yaşda  qoçaq, cəsur, cəld, mərd  uşaqlar  arasında  Ədalət  müəllim də vardı. Ədalət  kimi  oğlanlardan  kim  müharibəyə, cəbhəyə  getmişdisə  döyüşlərdə,  cəbhələrdə  fədakarlıq, qəhrəmanlıq  göstərib, öz  şücaətliyi ilə seçilib. ..Eh,  Ədalət  müəllimlə çox  gözəl  gəncliyimiz olub…

Ədalət  müəllim sənəti  sevən, duyan, bir ziyalı olub. O, böyük şəxsiyyət,yüksək  səviyyəli şəxs olub. Hər  bir  sahədən  xəbərdar  idi. Ədəbiyyatı, incəsənəti, mədəniyyəti  dərindən  bilir, onu məharətlə təbliğ edirdi.

Ədalət  müəllimin tövsiyələri,hikmətli sözləri mənim yaradıcılığıma da  müsbət təsir  göstərib. O, əsl kişi idi. Mərd,qorxmaz insan, bütöv bir şəxsiyyət olub.

Onun  övladları, nəvələri fəxr  etməlidirlər ki, Ədalət  Nəzərli kimi kişinin övladlarıdır.O,yüksək  intellekt, əxlaq sahibi  idi. Mən də fəxr edirəm ki, dostlarım arasında  Ədalət  müəllim  kimi  dəyərli şəxsiyyət olub.O, əbədi ehtirama  layiqdir.  Allah  rəhmət eləsin”.

AMEA-nın  həqiqi  üzvü  Teymur  Bünyadovun  xatirələrindən: «Azərbaycanın  tanınmış  ziyalısı Ədalət müəllimlə  bir neçə il  Az MEA-nın Tarix  Institutunda, bir şöbədə  işləmişik. 50-ci illərdə  Ədalət müəllim dissertasiya  üzərində  işləyirdi. Ömrünün  böyük  bir  hissəsini  bu mövzuya həsr etmişdi. O, ‘’XIX  əsrin sonunda, XX  əsrin  əvvəlində sənətkarlığın  tarixi’’ mövzusunda  Tbilisidə müdafiə  etdi, iqtisad elmləri doktoru oldu. Ədalət  müəllim  bu sahədə  ilk çığır açdı. Sonralar  bu sahədə  çox sayda namizədlik, doktorluq  dissertasiyası müdafiə  olundu.

Ədalət müəllimin  bəzi  şəxsi  keyfiyyətləri üzərində  dayanmaq  istəyirəm.O, son  dərəcə  sadə, səmimi,ötkəm,açıq fikirli,sözü üzə deyən,bəzən də sərt  adam  idi. Çox  insanpərvər, istiqanlı, bir az da çılğın adam idi. Amma bu çılğınlığına baxmayaraq, onun böyük ürəyi vardı.Kim Ədalət müəllimə müraciət edərdisə,heç kimə  yox  deməz, onlara bacardığı  qədər dəstək durardı.

Qardaşı  əməkdar  rəssam  Hacığa  Nəzərlinin yaradıcılığında onun da  böyük  rolu olub. Belə ki, əgər Hacığa  müəllim düşüncələrini  fırçası ilə tablolara köçürürdüsə, Ədalət  müəllimin bu əsərlərin təbliğində,insanlara çatdırılmasında xüsusi payı olub.

Xatırlayıram,70-ci illərin  sonunda  xalq  artisti  Şövkət  Ələkbərovanın  xeyir-duası  ilə  Azərbaycan estradasında  yeni bir  gənc müğənni parladı—Dəyanət Nəzərli. O, televiziya ekranlarında, radio dalğalarında  tez-tez  çıxışlar edərdi.O, Ədalət müəllimin  böyük  oğlu  idi. Ədalət  müəllim Dəyanətlə daim fəxr edərdi. Sevincini daim biz dostları ilə paylaşmaqdan  xüsusi zövvq alardı.

Ədalət Nəzərli kimi şəxsiyyətlər çox  nadir simalardandır. Ruhu şad olsun”.

Fəlsəfə  elmlər  doktoru,  professor Məhəmməd  Teymurlunun  xatirələrindən:    «Ədalət  Nəzərli  Azərbaycanın  şərəfli  alimi, iqtisadçısı, mədəniyyətimizin,  dinimizin  tarixini, elmimizi  dərindən  bilən alim, professor, vətənpərvər idi. Uzun müddət  Dillər Universitetində birgə  işləmişik. O,auditoriyalarda  gəncləri  daim  vətənpərvərliyə çağırırdı, bu  ruhda  tərbiyə olunmalarını aşılayırdı. Hətta o zaman  tələbələr, xüsusən də qızlar  ərizə verib cəbhəyə  getməyə  can  atırdılar. Bu, Ədalət  müəllimin  şəxsiyyətindən  irəli gəlirdi.

Azərbaycanın  müstəqilliyi  Ədalət  müəllimi  çox sevindirmişdi.Amma Qarabağ  dərdi  onu  sözün əsl  mənasında üzdü.Qarabağın işğaldan  azad  olunmasını çox gözlədi. Bundan  əlavə, Ədalət  müəllimin  ölümünü  tezləşdirən bir amil,onun  ən yaxın dostu,akademik Ziya  Bünyadovun  namərdlər  tərəfindən  qətlə  yetirilməsi  oldu.  Ədalət  müəllim  bu  hadisədən  xeyli  sarsılaraq  deyirdi  ki, kaş  Ziyaya  dəyən  güllə  mənim qəlbimə  dəyərdi, ona yox. Dostluqda  hədsiz  sədaqətli  idi, comərd  adam  idi. O, Həsən bəy  Zərdabinin  bu  sözlərini daim  təkrar  etməkdən  xüsusi zövq alardı:»Elmsiz, biliksiz, maarifsiz  xalq azadlıq  iddiasında  ola  bilməz’’. Odur  ki, o, ömrünün  sonuna kimi  mütaliə  edirdi. Hər  tərəfli  alim  idi.

Ədalət  müəllim  xalqımızın  adət-ənənələrini, folklorunu da bilən, təbliğ edən  məhsuldar  alim idi.

 O, çox  möhkəm türkçü  idi. O, canı  ilə, bütün  varlığı  ilə  türkçü  idi. Damarlarında  türk qanı axırdı. O, Azərbaycanı  əbədi  müstəqil  görmək, dünyanın  ən çox sevilən, seçilən  ölkəsi  kimi  görmək arzusu ilə  bu dünyadan  köçdü.

Dağ  vüqarı, dağ  ucalığı  vardı  Ədalət  müəllimdə. O, kişi adam idi. Sözü üzə deyən, qorxu-hürkü bilməyən  adam  idi.O, həmişə çalışırdı  ki,  ümumiyyətlə,  insanlar  qorxaq olmasın. O, deyirdi  ki, türklər  heç  vaxt qorxaq olmayıb. O, türk  obrazını  sanki  öz  şəxsində  görürdü.Bu həqiqətdə də belə idi.

Ədalət  Nəzərli  qibtə  olunası  bir  şəxsiyyət, dəyərli  ziyalı  kimi  qəlblərdə daim  yaşayacaq”. 

Həkim Zöhrə Hüseynzadənin xatirələrindən: “Sevilən, əzizlənən, adı başa çəkilən, hörmət göstərilən müəllimlərdən biri də sağ qalsaydı bu il 90 yaşı tamam olacaq Ədalət Nəzərli idi. Əsl ziyalı ailəsində dünyaya göz açan Ədalət müəllim Azərbaycan xalqının neçə-neçə ziyalı nəslinin yetişməsində əvəzsiz iz qoyub getmişdir’’. Mən onu  ilk  və son dəfə qardaşı xalqımızın görkəmli rəssamı Hacıağa Nəzərlinin yubiley tədbirində görmüşəm. Surətinə ağır xəstəliyin sarılığı çöksə də, dizlərinin taqəti azalsa da, gözlərinin nuru  zəifləsə də Ədalət müəllimin həyat eşqi, insanlara olan böyük sevgisi  sönməmişdi. O, Hacıağa müəllimin həyat və yaradıcılığından, onun fırça dostlarından, eləcə də Azərbaycan xalqının ədəbiyyatı, mədəniyyəti və incəsənətindən gözəl sözlər, müdrik fikirlər söylədi ki, bu gün də o kəlamlar xatirimdən çıxmır. Nə qədər ki, Ədalət müəllimin yetişdirdiyi alimlər yaşayır, nə qədər ki, onun müqəddəs ocağında layiqli övladları  yaşayır Ədalət müəllimin gözəl xatirəsi yaddaşlardan heç vaxt silinməyəcək:

Nə can əsirgədi, nə kamal, nə söz,
Könlünün çırağı gözündə yandı.
Neçə gənc alimin tutub qolundan,
Neçə kimsəsizə arxa dayandı.
Yaşadı, qüvvəti bada vermədi,
Düşündü ülfəti bada vermədi.
Yaratdı zəhməti bada vermədi,
Bircə təsəllimiz budur həyatda. 

Respublikamızın  elmi və  pedaqoji  ictimaiyyətinin  Ədalət  Nəzərlinin  90  illiyini  qeyd  etdiyi  bir  vaxtda  onun  adının  əbədiləşdirilməsi  məqsədəuyğun olardı. Bakıdakı  küçələrdən  birinə  Ədalət  Nəzərlinin  adının  verilməsi, vaxtilə  yaşadığı  binaya  və  işlədiyi  Azərbaycan  Dillər  Universiteti  xatirə  lövhəsinin  vurulması, onun  90 illiyi  ilə  əlaqədar  elmi-praktiki  konfrans  keçirilməsi, milli  televiziyada  haqqında   veriliş  hazırlanması  Ədalət  müəllimin  ruhuna  verilən  yüksək  qiymət  sayılardı.  

Ümid  etmək   istəyirik  ki, Bakı  şəhər  İcra  hakimiyyəti,Təhsil  Nazirliyi  və  Azərbaycan  Dillər  Universiteti  və  milli  televiziyamız  bu  xeyirxah missiyaya  müsbət  yanaşacaqlar.

Azərbaycan  Jurnalistlər Birliyinin üzvü,
Pedaqogika üzrə  fəlsəfə  doktoru

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI