Modern.az

Geniş məkanda işlənən dil də ziyan çəkə bilər

Geniş məkanda işlənən dil də ziyan çəkə bilər

18 Fevral 2015, 12:54

filologiya elmləri doktoru, professor

21 fevral bütün dünyada Beynəlxalq  Ana Dili Günü kimi qeyd olunur

Dünyada olan ölü dillər barədə düşünərkən dövrümüzə qədər mövcud olan saysız-hesabsız hadisələri xatırlamalı oluram. Əlbəttə bu hadisələrin hamısını yox. Çünki bu, imkan xaricindədir. Tarixdə elə xalqlar olub ki, dilləri də özləri də nüfuzlu olub. İndi tarix səhnəsindən yoxa çıxıblar. Məsələn, şumer, akkad, xurrit, elam dilləri kimi. Tarixdə Hun imperiyası olub, ancaq indi hun dili yoxdur. Tarixin belə analogiyaları olub və olacaqdır. Bəlkə də, bunu hazırda ən nüfuzlu dil olan ingilis dili barədə də düşünmək olar. Mənim bu fikrimi 1983-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Uilyam Qoldinqin Nobel nitqi də təsdiq edir. Daha doğrusu, Uilyam Qoldinqin Nobel nitqi məni öz mövqeyimdə daha da israrlı edir. O, Nobel nitqində deyirdi: “Mənim dilim ingils dilidir və inanıram ki, bu dili qədim və müasir dillərlə müqayisə etməkdən qorxmayan kifayət qədər şair və yazıçı hələ də var. Amma bu gün palıd kimi qol-budaq atıb çox geniş yayılmış bu dil zanbaq kimi kiçik və zərif olan, dar bir məkanda işləyən dilə nisbətən daha çox ziyan çəkə bilər. Bu dil reklam, naviqasiya, elm, rəsmi danışıqlar və konfranslar üçün vasitəyə çevrilərək öz əhatə dairəsini genişləndirib bütün dünyaya yayılır. Yüzlərlə siyasi partiya hər gün bu dildən istifadə edir. Hər tərəfə baş vurub çox böyük gərginliklər dəf eləyən bu dil olsun ki, bəzən bir qədər də cılızlaşır. İnsan ingilis dilində fikirləşə bilər ki, o, kiçik, amma məşhur auditoriyaya, yaxud da, olsun ki, öz ailəsinə, ya da dostlarına müraciət edir; bərkdən danışaraq fikirləşir, yaxud yuxuda sayıqlayır. Sonradan isə ona əyan olur ki, özü də fərqinə varmadan dünyanın böyük bir hissəsini təşkil eləyən auditoriyaya müraciət edirmiş. Bu, qorxulu fikirdir. Həqiqətən də, mən bu il çoxsaylı amerikalı laureatların əhatəsində belə bir müzakirədən zövq alıram ki, Avropanın qərb sahillərində yaşayanlardan dəfələrlə çox olan insan kütləsi mənim ana dilimin müxtəlif çalarlarında danışa bilər, amma hər halda, onlar hamısı əsas ingilis dilinin dialektlərində danışırlar. Şəxsən mən deyə bilmərəm ki, çoxsaylı dialektləri televiziya və süni peyklərin köməyi ilə olduğundan daha böyük sürətlə uzaq məsafədən toplayıb məcmu halında təmsil eləmək ağlasığan işdir, amma müəyyən məqamda ingilis yazıçısını milyonlarla insan ya birbaşa, ya da əsasən başa düşür”. (Uilyam Qoldinq. Seçilmiş əsərləri. Bakı, “Şərq – Qərb”, 2010, s.18)

Dillərin dialektal variantlarının yaranması həmin dillərin ədəbi dil normalarının unifikasiyası prosesinə mənfi təsir göstərir. Onda normanı müəyyənləşdirmək də çətinləşir. Bu mənada ingilis dilinin dialektal variantları ingilis dilinin vahid ədəbi dil normalarının sabitləşməsinə, anlaşılmasına maneçilik edir. Bu gün ingilis dilinin bazası əsasında amerikan dili yaranmışdır. Sabah və gələcəkdə ingilis dilinin bazası əsasında digər dillər də yarana bilər və yaranacaqdır. Yəni ingilis dilinin işlənmə arealının genişlənməsi bu dilin digər variantlarının yaranmasına geniş şərait yaradır. Nəticədə ingilis ədəbi dilinin vahid normaları da itir. Bundan başqa, dünyanın indiki mənzərəsində ingilis dilinin nüfuzuna heç bir şübhə yoxdur. Ancaq gələcəkdə ingilis dili indiki nüfuzunda qala biləcəkmi? Bu suala birmənalı cavab vermək mümkün deyildir. Ola bilsin ki, dilin nüfuzlu olmasını şərtləndirən bir sıra amillər elə dəyişə bilər ki, bu da nəticədə ingilis dilinin nüfuzuna xələl gətirər. Hər halda gələcəkdə dillərin nüfuzu, daha doğrusu, dillərin nüfuzunun mənzərəsi dəyişə bilər. Bəlkə də, gələcəkdə sosial bazası güclü olan çin dili başqa dillərin nüfuzunu üstələyəcəkdir. Hər halda gələcəkdə dünyadakı dillərin nüfuzu ilə bağlı mənzərə, heç şübhəsiz ki, dəyişəcəkdir. Dünyanın özü dəyişdikdə dünya dillərinin də nüfuzu dəyişir. Bizcə, “...bu gün palıd kimi qol-budaq atıb çox geniş yayılmış bu dil (ingilis dili – B.X.) zanbaq kimi kiçik və zərif olan, dar bir məkanda işləyən dilə nisbətən daha çox ziyan çəkə bilər” fikri doğrudur. Həm də ona görə doğrudur ki, dil inkişaf etmirsə, onda həmin dil məhvə məhkumdur. Ancaq bu tərəfini də fikirləşək ki, inkişafın və tərəqqinin alternativi vardır. İnkişaf və tərəqqinin alternativi ölümdür. Əbədi olan inkişaf və tərəqqi yoxdur.

1950-ci ildə “müasir Amerika romanının inkişafına verdiyi özünəməxsus yaradıcı töhfələrə görə” Nobel mükafatına layiq görülmüş Uilyam Folknerə belə bir sual verirlər: “Hesab edirsinizmi ki, amerikan dili öz inkişafında getdikcə ingilis dilindən daha çox uzaqlaşır?” Uilyam Folkner bu suala belə cavab verir: “Heç şübhəsiz. Onun neçə nəsildən, yaxud neçə əsrdən sonra tamamilə başqa bir dilə çevriləcəyini demək çətindi, amma əgər dil inkişaf etmirsə, o, məhvə məhkumdu. İnkişaf və tərəqqinin yeganə alternativi ölümdü. Hərçənd bunun əksi də baş verə bilər: müasir sürət sayəsində dünyada hər şey bir-birinə yaxınlaşır, yəni bizim dillərimiz arasındakı fərq də azala bilər. Amma hər halda, düşünürəm ki, dəyişmə prosesi davam edəcək və müəyyən vaxtdan sonra Böyük Britaniya ingiliscəsi ilə Amerika ingiliscəsi arasındakı fərq qədim və yeni yunan dilləri arasındakı fərq qədər böyük olacaq. Əlbəttə, əgər hər iki dil məhv olmasa, bir-birinə qarışıb vahid dilə çevrilməsə, belə olan təqdirdə isə həmin dil, öz növbəsində, daim inkişaf edəcək və təkmilləşəcək”. (Uilyam Folkner. Seçilmiş əsərləri. “Şərq-Qərb”, Bakı, 2011, s.69-70)

Deməli, amerikan dili inkişafı ilə ingilis dilindən (Böyük Britaniya ingiliscəsindən) uzaqlaşır. Həm də getdikcə daha çox uzaqlaşır. Vaxtilə qədim və yeni yunan dilləri arasındakı fərq də belə baş vermişdir. Getdikcə bu fərq Böyük Britaniya ingiliscəsi ilə Amerika ingiliscəsi arasında da böyük olacaqdır. Beləliklə, geniş məkanda işlənən ingilis dilinin (Böyük Britaniya ingiliscəsinin) Amerika ingiliscəsi ilə yanaşı, digər ingiliscələri də yaranacaqdır. Nəticədə Böyük Britaniya ingiliscəsindən fərqli ingiliscələr formalaşacaqdır. Məhz bu cür fərqli ingiliscələr Böyük Britaniya ingiliscəsindən get-gedə kəskin şəkildə fərqlənəcəkdir. Bu da geniş məkanda işlənən Böyük Britaniya ingiliscəsinə ziyan gətirəcəkdir.

Beynəlxalq Ana Dili Gününün təsis edilməsi dar məkanda işlənən dillərin hər birinin inkişafına geniş imkan yaradır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI