Modern.az

O səs Azərbaycan!!! - Bravo, Elnur!!!

O səs Azərbaycan!!! - Bravo, Elnur!!!

19 Fevral 2015, 22:10

Ü.Hacıbəyli adınai Bakı Musiqi Akademiyasının müəllim

Azərbaycanın gəncləri, sənətçiləri, musiqiçiləri, ziyalıları, mediası – istedadlarımıza dəyər verən hər birimiz sevinc dolu qələbə, qələbə dolu fərəh içindəyik. Həmyerlimiz Elnur Hüseynov Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” musiqi yarışmasının qalibi oldu. Yarışmanın bütün mərhələlərini qələbə ilə keçə bildi, finala çatdı, finalda da sənət rəqiblərinə qalib gəldi, birincilik qazandı.

Yarışmanın iştirakçılarına tamaşaçılar bütün mərhələlərdə SMS-lə səs verirdilər. Münsiflər arasında yaşana bilən (yaşanan) hər hansı şəxsi münasibət, qara piar, qalmaqal, düzgün olmayan mövqe, həsəd milyonlarla tamaşaçının dəstəyinə və Elnurun qələbəsinə mane ola bilmədi. Yarışmaya hakimlik edən Türkiyənin sənət ulduzları, canlı əfsanələri, şoy-bisnes simaları Elnurun səsi-ifası-mədəniyyəti qarşısında hər dəfə əl çaldılar, alqışladılar, heyrət və tərif yağdırdılar. Bu Elnurun yüksək ifası qarşısında ulduzların etirafları idi. Bu yarışmada Elnur az vaxt ərzində Türkiyədə özünə fanatlar da qazandı. Həmyerlimiz böyük istedadı, səsi, oxumağı, ifası ilə yalnız münsifləri deyil, Türkiyə pop sənətini, yarışmanın fanatlarını ayağa qaldırdı. Türkiyə sənətçiləri, müğənniləri, mediası həmyerlimiz Elnuru ayaq üstdə alqışlamaqdadır.

Elnurun bu qələbəsinin dəyəri, əhəmiyyəti beynəxalq idman yarışlarında, beynəxalq idman olimpiadalarında qızıl medal qazanan və Azərbaycan bayrağını ucaldan idmançılarımızın qələbəsi ilə müqayisə oluna bilər.

Elnurun bu qələbəsi elmi əsəri nüfuzlu beynəxalq mükafat alan gənc alimin qələbəsi ilə müqayisə oluna bilər.

Elnurun bu sənət qələbəsi romanı nüfuzlu beynəlxalq ədəbi mükafata layiq görülən yazarın, tablosu xarici sərgilərdə ən baha qiymətləndirilən rəssamın, əsəri nüfuzlu beynəlxalq festivalda və müsabiqədə birinici mükafata layiq görülən bəstəkarın qələbəsi qədər qiymətlidir, dəyərlidir bizlər üçün.

Eşitdim ki, Elnura Moskvadan da, Türkiyədən, başqa ölkələrdən də dəstək verilib, ona qalmaq, layihələr, prodüsser xidmətləri təklif olunub. O, isə Türkiyəni seçib.  

Mən Elnurun Türkiyədəki budəfəki çıxışlarını mümkün qədər izləyirdim, hər dəfə onun professionallığından, istedadından heyrətə gəlirdim. Hər bir ifasının necə sürəkli alqışlara qərq olunduğunu görürdüm, hər dəfə də qürur duyurdum.

Bir haşiyə: Türkiyədə yalnız türklər yaşamır, bu ölkənin sənət, yaradıcılıq, bədii proseslərində başqa millətlərin peşəkarları da iştirak edirlər, onlar hətta bəzi sahələrdə aparıcı mövqe, güclü təsir imkanlarına da malikdirlər. Bu müsabiqədə güclü dəstəyə malik və şou-biznes ulduzlarının himayəsində olan musiqiçilər də iştirak edirlər və edəcəklər. Elnur – Türkiyənin yox, Azərbaycanın sənətçisi olan bu gənc məhz belə bir mürəkkəb sənət mühitinini və durumunun içində keçən yarışmanın birincisi, qalibi ola bildi. Nə dəyərli hadisə. Mən Elnurun sənət qələbəsini çox böyük fəxarətlə “QƏLƏBƏMİZ” adlandırıram.

Kim bu qələbəyə, hadisəyə nə yazır, nə deyir, hara yozur, nə bağlayır, necə daş atır – bütün bunlar qoy olsun. “Bar verən ağaca  daş atan çox olar” deyib müdriklərimiz. Amma dünyada bir aksioma da var: “Qaliblər mühakimə olunmurlar”.

Elnur – qalibdir! Bu həqiqətdir, faktdır. Elnurun istedadı, səsi, ifası, 80 milyonluq Türkiyədə milyonlarla fanatı – bunlar da həqiqətdir, faktdır.

Kimin Azərbaycanda, Türkiyədə, Avropada, Rusiyada, ya Ermənistanda bu həqiqətə, fakta yapışdırmaq istədiyi qərəzli, qara yarlıklar olsa belə, kim nə “söz qoşsa” belə, hamısı Elnurun istedadı, ifası, sənət qələbəsi və qələbəliyimiz   qarşısında bir qara qəpiyə də dəyməz.

Vətəni, istedadı, sənəti dəyərləndirən hər birimiz Elnurun sənət qələbəsini alqışlayırıq!


Elnur Samirlə birlikdə Azərbaycanı Avrivizion yarışmasında da yaxşı təmsil eləmişdi, bu müsabiqənin respublikamıza ilk qələbəsini gətirmişdi. Sonra bir-birinin ardınca çıxışlar, konsertlər...

Bəzən mediada yazırlar ki, Elnuru niyə qiymətləndirmirik, niyə tanımırıq? Görəsən, kimdən kimə şikayətlənirik? Görəsən, nə vaxta qədər belə... Amma Elnurun istedadı, səsi və ifası, son olaraq qələbəsi qarşısında belə şeylər gözə görünməyəcək qədər kiçikdirlər.

Bəli, ola bilsin Elnur öz yüksək ifaçılıq inkanlarının qarşılığında adekvat diqqət, həssaslıq görmədi. Ola bilsin ölkəmizin telekanalları onu lazımınca təbliğ etmədi, ola bilsin onun ifalarına kifayət qədər imkan verilmədi. Ola bilsin Elnur Avrovizion qələbəsindən sonra öz geniş sənət imkanlarını təqdim etməyə imkan əldə etmədi, kiçik bir fəxri adı belə almadı.

Bu da mümkündür ki, Elnur Türkiyədə ona olan ən gözəl təkliflərdən birini qəbul etsin, ona verilən ən geniş imkanlı vədlərdən birini seçsin.  

Olsun, təki olsun. Qoy sənət həyatını ürəyincə yaşasın, musiqi ilə döyünən qəlbi həmişə sevinsin, daha yüksəklərə ucalsın. Türkiyə də bizim deyilmi?  Azərbaycan – Türkiyə bir millət, iki dövlətdir. Elnur Türkiyəyə də doğmadır, əzizdir.   

Elnur sənət yarışmasında məhz Azərbaycan pop-musiqisini, caz-vokal sənətini sona qədər möhtəşəm təmsil etdi. Hər ifasını necə də alqışlayırdılar, salon bu alqışlardan titrəyidi... Və sonda qələbə! Qələbə! Qələbə! Həmyerlimizin, Elnur adlı gənc sənətçimizin, fəxrimizin qələbəsi, Vətənimizin gənc istedadının qələbəsi! Bu qələbəyə şərik olmağa, sevinməyə, ondan fərəh duymağa hər birimizin mənəvi haqqı var.

Kiçik bir haşiyə. 2006-cı ildə bir toy məclisinə dəvətli idim. Getdim. Toyda çox əla bir qrup oxuyurdu, estrada, bəstəkar mahnıları, xalq mahnıları, populyar xarici mahnılar... Toyun bir yerində gördüm, tanınmış caz musiqiçiləri, pop ulduzları toya gəlib və hamısı bir yerdə əyləşiblər, kofe içə-içə elə bil kimisə gösləyirlər. Təəccübləndim, görəsən doğrudanmı bunların hamısı növbə ilə oxuyacar? Aralarından bir cavan, arıq oğlan qalxıb oxumağa başladı. Cəmi iki mahnı oxudu. Amma necə oxudu. Oxuyadan sonra həmin musiqiçilər onunla sağollaşıb getdilər. Onun səsinə, ifasına heyrətimi, marağımı saxlaya bilmədim, foyedə yaxınlaşıb həyəcanla “sən kimsən, indiyə qədər harada idin, səsin niyə eşidilmir” deyə, suallarımı birnəfəsə yağdırdım. Təvazökarlıqla, sakit, utancaq bir təbəssümlə, o cür ifadan sonra heç nə olmayıbmış kimi, “adım Elnurdu, “Asəf Zeynallı”da oxumuşam” dedi. Onu da bildim ki, həmin musiqiçilər Elnurun oxuyacağından xəbər tutub, onun iki ifasını toyda dinləmək üçün gəliblərmiş.

Sonra Elnurun ifası ilə maraqlandım, Caz mərkəzindəki konsertlərini, ifalarını dinlədim. Biləndə ki Elnuru caz dinləyiciləri, modern təmayüllü musiqi fanatları tanıyır və dinləyirlər, doğrusu, özümü danladım və düşündüm ki, görəsən onun geniş musiqisevərlər arasında tanınmamasının, kanallarda təbliğ olunmamasının səbəbkarı kimdir, nədir...

İndi isə səbəbkar axtarmağın bir mənası yoxdur. Elnuru tanıyan tanıyır, sənəti dəyərləndirə bilənlər Elnura dəyər veriblər və bundan sonra da verəcəklər.

Bildiyimə görə, Türkiyədə Elnura güclü sənət dəstəyi, çox sərfəli layihələr təklif ediblər. Əla, nə gözəl. Bu da taleyin bir qismətidir. Nə qədər uğur qazanarsa, hamısına sevinəcəyik, bütün gözəl çıxılarını Azərbaycandakı fanatları, musiqisevərlər ürəkdən alqışlayacaqlar.

Qoy Elnur bilsin ki, onun bütün sənət uğurlarını ilk növbədə həmvətənləri dəstəkləyir, alqışlayır, sevinir və bundan sonra alqışlayacağıq.

Elnur “O səs Türkiyə” müsabiqəsinin birinciliyini qazanan ilk Azərbaycan sənətçisidir. Qələbən - Qələbəmiz mübarək, Elnur!

Elnur! O səs Azərbaycan! Bravo!!!

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI