“Azadlıq” qəzeti yeni kampaniyaya başladı. Qəzetin kollektivi oxuculara müraciət edib. Müraciətdə deyilir : “Dövlət yayım şirkəti olan “Qasid” vasitəsilə “Azadlıq”a maliyyə təzyiqləri davam etdirilir. Bu şirkət “Azadlıq” qəzetinin nüsxələrinin satışından əldə olunan 69 min manatdan artıq maliyyə vəsaitini mənimsəyib, onu ödəmək fikrinin olduğu da görünmür. Amma məsələn, təkcə “Qasid”lə məhdudlaşmır. Metro stansiyalarında qəzet satışının qadağan edilməsi hər ay “Azadlıq” qəzetinə 45 min nüsxənin satılmaması bahasına başa gəldi. Əl yayımının sərt şəkildə məhdudlaşdırılması hər ay 60 min nüsxənin satılmamasına səbəb oldu. Müəyyən müddətdə əməkdaşlıq etdiyimiz KIV-ə Dövlət Dəstəyi Fondu bizimlə əməkdaşlığı dayandırmaqla, qəzetin maliyyə vəziyyətinə ciddi zərbə vurdu. Bu, qəzet üçün hər ay 10 min manatdan məhrum olmaq demək idi.
Son 5 ay ərzində əməkdaşlar, faktiki olaraq maaşsız işləməkdədirlər. Sizləri “Azadlıq” naminə geniş abunə kampaniyasına qoşulmağa çağırırıq! Hər bir oxucumuzun da bu kampaniyanın təşkilatçısı olacağına qətiyyən şübhə etmirik!”
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Modern.az saytına bildirib ki, bu vəziyyət aylar öncə yaranıb: “Nəticəsi bu olub ki, redaksiya altı aydır maaşsız çalışır. Amma bütün mərhələlərdə bir son var. Həm metroda satışın sıradan çıxması, həm “Qasid” yayım firmasının qəzetə olan 70 min manat pulun bir manatının belə ödəməməsi, aylarla yığılan problemlər çıxılmaz vəziyyət yaradıb. Yayım arialı məhdudlaşıb. Təzə köşklər satışa müəyyən qədər stimul yaratsa da, qəzet satmaq təcrübələri “Qasid” qədər deyil. Günün pik saatında - səhərlər qəzetlər vitrinə gec qoyulur. Vəziyyətdən çıxış yolu kimi abunə kampaniyası başlatdıq ki, bəlkə vəziyyəti yüngülləşdirə bilər. Çalışacağıq ki, abunə istiqamətində işimizi genişləndirək. Gün ərzində kampaniyaya qoşulmaq istəyən abunəçilər olub”.
Sücəddin Şərifov qəzetin nəşriyyata əhəmiyyətli məbləğdə borcu olduğunu da vurğulayıb: “Bu sahədə irəliləyişimiz yoxdur. Sadəcə, əvvəlki kritik həddə çatmaması üçün abunə kampaniyasına da baş vururuq. “Qasid” yayım firması tək bizə deyil, az qala bütün çap mediasına borcludur. Səhmləri dövlətə məxsus olan bir müəssisəyə dövlət özü sahib durmalıdır. Sabah bu firmanın binasına, texnikasına sahib durmaq istəyən ilk növbədə o borcun qaytarılması öhdəliyi götürməlidir. Dəfələrlə müraciət etsək də, piketlər keçirsək də “Qasid” pulumuzu vermir”.
Yeganə OQTAYQIZI