Modern.az

Dördüncü hakimiyyətin gücü

Dördüncü hakimiyyətin gücü

21 Fevral 2015, 14:51

Ümumiyyətlə, yazmaq, yaratmaq, dilsiz, boş vərəqələri gözəl misralarla bəzəmək, könül oxşayan, üzdə təbəssüm və eyni zamanda kədər hissi oyadan həyatdan mənzərələrə ədəbi dil ilə qulaq asmaq-bu, həm şair, həm yazar, həm də dinləyici üçün başqa bir aləmdir. Sevinc də , kədər də, qüssə də, qəm də hamısı insan üçündür. Kimisi bu hissləri içində saxlayır, kimisi də bunları başqaları ilə bölüşür. Başqa sözlə desək, bu hissləri içərisində yaşayanlara işıq tutub tərcüman olurlar.Bu ilahidən gələn bir vəhdir. Hər kəsin istəsə də sahib ola bilməyəcəyi bir istedaddır.

Siyasətdə, iqtisadiyyatda, təbiətdə baş alıb gedən böhranlar, aşınmalar xeyli vaxt idi ki, mənəvi dəyər olan əxlaqa da keçmişdi. Şüurlu surətdə düşünülmüş imperiya siyasəti, nəhayət ki, Azərbaycan türkünün psixologiyasına, durumlu ailə-məişət ənənələrinə təsir etmişdi. Şərqliliyi özündə ehtiva edən xalqımızın demoqrafik vəziyyəti təhlükə qarşısında qalmışdı. Belə ki, ərsəyə çatan oğlanlarımız bir ucdan təbliğatın, bir ucdan da sosial təzyiqin vasitəsilə şimala “repressiya” olunurdular. Onları getdikləri yerlərdə gəlirli bazarlar, yüksək maaşlı iş yerləri, əcnəbi qızlarla ucuz başa gələn toy mərasimləri gözləyirdi. Qızlarımıza qismət olunasılar yad ellərdə beləcə əriyib “yoxa” çıxırdılar.

Azərbaycandan başlanan və hələ də davam edən sosial münaqişələr qələm adamlarımız tərəfindən oxucuların nəzər-diqqətinə çatdırılmışdır. Belə yazarlardan biri də hörmətli qələm dostumuz Camal Zeynaloğludur. Mən onun xeyli kitablarını çap etmişəm. Ümumi şəkildə bildirmək istəyirəm ki, onun bədii dili rəvan, canlı və səlisdir. O, təfərrüata, sözçülüyə uymaq azarından uzaqdır.

 Adətən  deyirlər  ki,  qəzetin  bir  günlük  ömrü  olur. Doğrudur,  hətta  elə  qəzetlər,  elə  məqalələr  var  ki,  heç  bir  gün, bir  saat  yaşamır, oxucunun  diqqətini əsla  cəlb  eləmir.   

Ancaq  söhbət  əsil  jurnalistikadan, ictimai  məna  daşıyan,  oxucuya  yol  göstərən,  cəmiyyəti  kamilliyə   səsləyən  sanballı  məqalələrdən  gedir. Elə məqalələr  olur ki, elin  qayğılarından  yaranır,qəlblərə  yol  tapır, əsil  hadisəyəçevrilir, əldən-ələ gəzir, müvafiq  qurumları  tərpədir, konkret  tədbir  görülməsinə  yol  açır. Bax, belə  hallarda  mətbuat   dördüncü  hakimiyyət  rolunu  görür və dördüncü hakimiyyət adalnır.


Camal Zeynaloğlunun “Ağrılı düşüncələrim” kitabında ölkənin  ictimai-siyasi  həyatına  fəal  təsir  edən,  müəyyən   sahələrdə  sistem  halında  kök  salmış   qüsurları,   yanlış  iş üslubunu   açıb  göstərən  yazılar  geniş  rəğbət  qazanır   və  bu  zaman  jurnali­stika   əslində  dördüncü  hakimiyyət  rolunu  oynayır.

Bəllidir  ki, üç   hakimiyyət  növü  mövcuddur. Qanunvericilik, icra  və  məhkəmə  hakimiyyəti. Onların  hər  birinin  rəsmi    statusu,  konkret   təsir  sahəsi  vəüsulları  vardır.  Dördüncü  hakimiyyət  saydığımız  jurnalistikanın  isə  belə  statusu yoxdur. Mətbuatın   rolu    ictimai-siyasi  dəyəri  və   cəmiyyətə  təsir   gücü  ilə əsaslanır. Jurnalistikaya  dördüncü  hakimiyyət  anlayışını  ilk  dəfə on  səkkizinci  əsrdə -1776-cı ildə  ingilis  filosofu  və  publisisti  Edmund  Bek  gətir­miş­dir. E.Bek  dördüncü  hakimiyyət  deyiləndə   jurnalis­tikanın  hakim  dairələrə  nəzarət  funksiyasını  nəzərdə   tuturdu.

Sonralar  bu  barədə  bir  sıra   fikirlər  söylə­nilmiş,  hətta   “xalqdan  sonra  birinci  hakimiy­yət  mətbuatdır”   deyənlər  də  var  idi. Mətbuata  dördüncü  hakimiyyət  funksiyası  rəsmi  qaydada  verilmir,  dərin  ictimai məna  daşıyan  sanballı  yazı­larla bu  mərtəbəni   özü  qazanır. Axı  mətbuat ictimai  rəyin  formalaş­masına ən güclü təsir  edən bir  qurum­dur. Əbəs   demirlər  ki,  mətbuat  həyatın  güzgüsüdür. Məhz  buna  görə  də  müdrik  H.B.Zərdabi  yazırdı  ki, “hər  bir   vilayətin qəzeti gərək o vilayətin aynası   olsun... yaxşı-yamanlığın aşkar  eləsin”,  xalqın  “hər   bir  dərdi  və  xahişi  o  qəzetdə çap  olunsun  ki,  o  qəzetə   baxan  xalqı  aynada  görən kimi  görsün”.

Hələ ötən  əsrin  əvvəlində, xüsusən     əsrin  ikinci  yarısında  ictimai  mahiyyət  daşıyan  belə  yazılar  istər  oxucunun, istərsə  də  müvafiq  rəhbər  orqanlarının  diqqətini  cəlb  edir,  bir qayda olaraq  irəli  sürülən   nöqsanların  aradan  qaldırılması üçün konkret  tədbirlər  görülürdü. Bu  sahədə  ulu  öndər  Heydər  Əliyev  çoxcəhətli  fəaliyyəti  ilə hamıya  nümunə  göstərirdi.

Gözəl  bir  ənənə  var idi. Mətbuatın   dəyərli  çıxışları  iləəlaqədar  konkret  tədbirlər  görülür,  müntəzəm  surərdə  redaksiyaya cavablar  verilirdi.  Bu  kitabı  tərtib  eləməklə   demək  istəyirik  ki, bizdə  jurnalistikanın  dördüncü  hakimiyyət  dövrü  olub  və  bu  da  ölkəyə  heç  də az  fayda  gətirməmişdir . 

Jurnalist  sadəcə  məqalə  yazan  mirzə  deyildi. Öz  dəyərli  axtarışları  ilə  müəyyən  problemlərin  həllinəçalışır, məhz  dördüncü  hakimiyyət   rolunda   ölkənin  ictimai-siyasi  həyatında  fəal   iştirak  edir,  kitaba  toplanan  yazıları  nəzərdən  keçirir, mövzuların, məqalələrin  istiqamətinə  verilən  cavabların, görülən  tədbirinin  mahiyyətinə  baxırsan. Jurnalistin  fəaliyyət  dairəsi  necə  də  genişdir!

Jurnalist - yollar  boyu  ağaclar  əkir.
Jurnalist  - yarımçıq  obyektlərin  inşasını   sürət­ləndirir. 
Jurnalist - İstehsalatdakı  cinayətin  üstünü  açır.
Jurnalist - Teatrın  repertuarını  təmizləyir,
Jurnalist - Mənzil  bölgüsündə  hərc -mərcliyi  ifşa  edir.
Jurnalist - Qədim  abidələr  aşkarlayır.
Jurnalist - Qəhrəman Mübariz İbrahimova mənzil  muzeyi  düzəldir.
Jurnalist -  Partizan Tahir  İsayevə  abidə  qoyur.           

Bütün  bunlar  və  onlarca digər  yazılar  barədə  nüfuz  sahibləri   tərəfindən   verilən  cavabları  oxuduq­ca  iftixarla  deyirsən. Jurnalistika  öz  dövründə dördüncü  hakimiyyət  rolunu   necə  cəsarətlə, ləyaqətlə   yerinə  yetirirdi!

Görünür  kütləvi   mətbuat  haqqında  qanunlara  yenidən  baxılmalıdır. Demokratik  cəmiyyətdə    jurna­listikanın  rolunun   yüksəldilməsi, ona  rəsmi  qaydada   dördüncü  hakimiyyət   funksiyasının   verilməsi   çox   yaxşı  olardı.

Oxuculara  təqdim  olunan  “Ağrılı düşüncələrim”  kitabındakı  materiallar  və ötən  əsrin  sonlarında   fəaliyyət  göstərmiş  onlarca   jurnalistin,  mətbuat  orqanının   nümunəsi  buna  əsas  verir. Yaxşı ənənələri  isə  yaşatmaq,  inkişaf  etdirmək  lazımdır.

Camal Zeynaloğlunu xeyli vaxtdı tanıyıram. 90-cı illərin ortalarından. Qəzetdə işləyirdi, özü də müxbir kimi. Mən onu ciddi, təvazökar, işinə inamla yanaşan, yeri gələndə mübarizə aparan bir jurnalist kimi, qələm adamı kimi tanımışam. Və bu gün də belədir.

Tale elə gətirdi ki, Camal müəllimlə mən haradasa 5-6 il bir-birimizi görmədik. Yəni hər birimiz öz işimizlə məşğul idik. Mən İçəri Şəhərdə Azərbaycan Ensiklopediyasında işləyirdim. Ara-sıra kitablar çap eləyirdik. Günlərin bir günü ensiklopediyanın qabağında Camal Zeynaloğlu ilə görüşdüm. Hal-əhval tutduq. Məlum oldu ki, sən demə, o, elə ensiklopediyaya bitişik binada işləyirmiş. Beləcə münasibətimiz yenidən bağlandı. O, biləndə ki, mən yenə kitablar çap eləyirəm, çox sevindi. Dedi ki, mənim çapa hazırlanmış çoxlu kitablarım var. İnşallah, biz görüşəcəyik. Sonralar iş birliyimiz başladı. Və mən Camal müəllimin Aqata Kristinin Baş nazirin oğurlanması” adlı tərcümələr toplusu, “Tanrı cəzası”, Ölüm doğmalığı”, Nakam məhəbbət”, “Həqiqət işığında”, “Talelər dünyası”, “Gecikmiş sevgi”, “Qarabağ dərdi - erməni vandalizmi”, “Xeyirxah əməllər yolçusu” kitablarını çap elədim. Onu da qeyd edim ki, Camal müəllim çox zəhmətkeş, öz üzərində işləyən bir qələm adamıdır, jurnalistdir. Mən onun kitablarını işləyəndə şahid oldum ki, o, bir jurnalist kimi hər şeyi ölçüb-biçən, reallığa dəqiq qiymət verən adamdır. C.Zeynaloğlunun yaradıcılığı çox rəngarəngdir, çox sahəlidir. O, hər şeydən yazır: Qarabağdan, ağrılı yerlərimizdən, kasıbçılıqdan, məhəbbətdən, insan münasibətlərindən, cəmiyyətin sosioloji və psixoloji həyatından, günümüzün reallıqlarını əks etdirən ağrılı-acılı problemlərindən və s.

Tanışlığımız zamanı məlum oldu ki, Camal müəllim həm də gözəl pedaqoq və psixoloq olub. O, gənc nəslin təlim-tərbiyəsi yolunda gecə-gündüz işləyib, şagirdlərinin gələcəkdə cəmiyyət üçün layiqli bir vətəndaşkimi formalaşmasında bütün bacarıq və səylərini əsirgəməyib. Biz bunu onun vaxtilə yazdığı pedaqoji və psixoloji elmi məqalələrində də aydın görürük. Belə ki, Camal müəllimin hələ orta məktəbdə işlədiyi dövrlərdə yazdığı, “Sinifdənxaric oxu və onun aparılması”, “Xarici dil tədrisinin məqsədi”, “Şagirdlərin yaş xüsusiyyətləri və qabiliyyətlərin formalaşması”, Şagirdlərə fərdi yanaşma prinsipi”, “Şagirdlərin şüurlu intizam tərbiyəsi”, “Şagirdlərin əmək tərbiyəsi”, “Mənfi emosiyalar və onların aradan qaldırılmasında özünüələalmanın rolu”, “Təlim fəaliyyətinin psixoloji cərəyanı” və s. kimi məqalələri buna sübutdur.

Mən Camal müəllimin demək olar ki, bütün yaradıcılığına bələdəm. Özünü isə daha yaxşı tanıyıram. O, alicənab, humanist, yaxşı və etibarlı dost, yaxşı ailə sahibi və nəhayət gözəl insandır. Mən 20 ilə yaxındır ki, qələm adamları ilə işləyirəm. Hələ Camal müəllim kimi öz üzərində gərgin çalışan, yazı-pozudan qorxmayan, işini dəqiq bilən insan görməmişəm. Mən onun haqqında humanist sözünü elə-belə işlətmirəm. Çünki C.Zeynaloğlu həmişə bütün qələm adamlarına əlindən gələn köməyi təmannasız eləyir. O, olduqca çox sadə bir adamdır. Onun iş yerində də böyük hörməti var. Bir insan kimi hamı onun haqqında yaxşı fikirdədir.Amma, Camal Zeynaloğlu jurnalistdir, dördüncü hakimiyyətin nümayəndəsidir. Eşq olsun belə ziyalılarımıza, qələm dostlarımıza.

Allah hər adama qələm tutmağa istedad verməz, şükür qüdrətinə. O elə kəramət sahibidir ki, hər kəsə elə qəlbinə görə verir.

Nə isə, əziz qardaş, elə olduğun kimi də ol, belə daha yaxşıdı, ömrün uzun, canın sağ, qələmin iti, sözün kəsərli, işin asan, əlin qazanclı olsun ki, arvad-uşağın içində, dost-tanışın yanında utanmayasan. Çünki indi “dünya, zamana dəyişib” deyirlər, bu da mənim arzumdu, amma deyəsən adamlıq dəyişib, nə isə təki sən dəyişmə.

Onu da qeyd edim ki, bu kitab Camal müəllimin dəyərli oxucuları ilə on dördüncü görüşüdür.

Mənim çox adam tərifləməkdən xoşum gəlmir, amma sən tərifini özündə gəzdirən kişisən, göz qabağındasan, ömrünə bərəkət.

Adam var gözləri zülmət içində,
Adam var xəyalı nur işığıdır,
Adam var təbiət bezib əlindən,
Adam var həyatın yaraşığıdır...    

Camal müəllim, siz həqiqətən də həyatın yaraşığısız. Tanrı amanında! 

Süleyman Mustafaoğlu,
naşir-publisist

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI