Modern.az

Divarın qulağı

Divarın qulağı

Ədəbiyyat

22 Fevral 2015, 21:37

Uşaqlıqda atamdan, böyüklərdən bir sözü tez-tez eşidirdim – “Divarın da qulağı var”. Uşaq ağlımla fikirləşirdim ki, bunlar nə danışır? Divarın da qulağı olar? Zaman keçdi. Böyüdüm. Bu ifadənin məcazi mənada işləndiyini anladım. Amma başa düşmədim ki, bəs sovet vaxtı divarın “qulağı” vardısa, bəs “gözü” necə, var idimi? Sonra başa saldılar ki, demə “göz” də varmış. Əvvəllər beş-altı otaqlı mənzilin hərəsinə bir ailə yerləşdirirlərmiş ki, qonşular bir-birinə həm “göz”, həm də “qulaq” olsun. Hamam, tualet, mətbəx məsələlərinəcən. Adına da “kommunalka” deyirlərmiş.

Sonralar isə hər ailəyə inkişafın göstəricisi olaraq ayrı-ayrı mənzillər verilməyə başladı. Amma binaları tikəndə mənzilə girişi balkonlardan qoyurlarmış ki, həyətdən hər şey görsənsin. Qoca babuşkalar da bekar-bekar həyətdə oturub bütün mərtəbələri güdürlərmiş. Kimin evinə kim gəldi, kim kiminlə dalaşdı, kim evə nə qədər bazarlıq etdi. Hətta qabağına torba, qoyub, tində əyləşən semiçka satanlar da “göz” sayılırmış. Bu cür insanlar da sahə müvəkkilləri ilə dost imişlər. Binada nə baş verdi milisin ovcundaymış.

Onda uşaq ağlıyla maraqlandım ki, bəs ağız necə, o da var? Dedilər ki, varmış. Ciddi bir pozuntu olanda milis NKVD-yə xəbər verirmiş. Onlar da gəlib gecəylə həmin adamı udurlarmış. Sümükləri isə ya Sibirdən, ya da Nargin adasından tapılırmış.

Vaxt keçdi Stalinka layihəli evlər tikməyə başladılar. Qalın divarları “qulağ”ı, qapalı bloku isə “göz”ü yığışdırdı. Amma Leninqrad və Kiyev layihələri panel binaları tikəndə xüsusi beton divarlar fikirləşdilər ki, qonşu mənzilində asqıranda divarın o tayında aydın eşidilsin. Qonşuya lazım olsa da, olmasa da. Xırda dinləmə çihazları, balaca fotoaparatlar isə yalnız xüsusi xidmət orqanlarına, yəni ki, KQB-yə məxsus idi.


İndi isə vəziyyət tam dəyişib. Qeybət, dedi-qodular erası başa çatıb. Rəfiqə əgər rəfiqəsinin ərini başqa qadınla restoranda, ya da kafedə görürsə, cib telefonunu götürüb rəfiqəsinə zəng edir. O da cavabında azərbaycansayağı buna inanmır. “Ola bilməz. Mənim ərim məni çox sevir. O mənə xəyanət etməz”. Rəfiqə isə nə and içir, nə də bir şey. Telefonun fotoaparatını götürüb xalxın ərinin o başqa qadınla şəklini çəkir, ordan da ötürür ya “vatçap”a, ya da “feys”ə. 20 saniyədən sonra kişinin telefonuna zəng gəlir. O da nə desə yaxşıdır? “Arvad, işdəyəm. Gəlirəm”. Yox, söhbət bununla bitmir. Ərin dediyi yalanları rəfiqə səsiylə çəkir telefonun kamerasına. O saniyə də göndərir xəyanətkar ərin arvadına. Sözümün canı budur ki, bizim insanlara bu çevikliyinə görə dünyanın ən güclü detektivləri, casusları belə həsəd apara bilərlər.

Biz jurnalistlərə də bu lazımdır da. Ölmürük belə xəbərlərçün? Məsələn: “Kişi arvadının başını kəsdi - DANQ”, “Boşanmaların sayı artır - DANQ”, “Arvad əri yatarkən onun cinsiyyət orqanını kəsib - DANQ”. Danqıldadırıq özümüzçün nə qədər istəyirsən. Ona görə də hamı başlayıb özünü yaxşı aparmağa. Evdə də, eşikdə də...

Çünki müasir dövrümüzdə gözlə qulaq birləşib. Hər tində, evdə , binalarda, obyektlərdə, keçiddə, metroda , bir sözlə hər yerdə quraşdırılan müasir kameralar həm gözdür, həm qulaq. Qalmışdı bircə avtomobil. Ona da çarə tapıldı. Eşitməmiş olmazsınız, bu yaxında yeni DYP maşınları gətiriblər. Nəinki kompüteri var, hətta digər avtomobilin yanından keçəndə şəklini çəkir. Çəkmək bir yana fotonu cəriməsinin məbləğiylə birlikdə göndərir telefonuna. Ona görə də maşında “levi mal” gəzdirmək zamanı da bitdi.

Çox maraqlıdır “divarın” “qulağ”ı da, “göz”ü də, “ağzı” da var. Bəs “burnu”? Nə vaxtsa yəqin ki, bu da olacaq. Amma inanmıram ki, bizimkilər bunu aparatlara həvalə edə. Çünki bir çoxları “havanı yaxşı iyləyir”, bir çoxları isə sürücülərin ağzını.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI