Modern.az

“Metroda qəzet satışı da bərpa olunmalıdır”

“Metroda qəzet satışı da bərpa olunmalıdır”

23 Fevral 2015, 09:45

Aqil Camal:Mətbuat ictimaiyyətinin bu yöndə təşəbbüslər göstərməsinə ehtiyac var”

2013-cü ilin sonundan Bakı Metropoliteninin stansiyalarında qadağa qoyulan ticarət, gül dükanı, kitab mağazası qismində yenidən canlanır. “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Modern.az saytına bildirib ki, kitab satışı üçün nəzərdə tutulan köşklərdə qəzetlərin də satılması mümkündür:“Qəzetlərin metroya qayıtması həm qəzetlər, həm də oxucular üçün gözəl sürpriz ola bilər. Mətbuat ictimaiyyətinin bu yöndə təşəbbüslər göstərməsinə ehtiyac var. Məsələn, Mətbuat Şurası bu missiyanı öz üzərinə götürə, metropoliten rəhbərliyi ilə, eyni zamanda dövlətin müvafiq qurumları ilə təmaslara başlaya bilər”.

 Baş redakrorun fikrincə, metroda qəzet satışına icazə verilmədikcə, qəzetlərin vəziyyəti ağır olacaq, oxucu ilə təmasın qırılması davam edəcək: “Çünki metro zonası oxucu ilə qəzet arasında ən strateji görüş nöqtələrindən biridir. Metroda qəzet yayımının yığışdırılmasından mətbuata böyük zərbə dəydi. Hazırda çap mediasının qarşısındakı ən ciddi problem oxucu ilə təmas nöqtələrinin getdikcə azalmasıdır.  Ötən müddət göstərdi ki, paytaxda yeni quraşdırılan "press-köşklər" metrodakı qəzet satışını əvəz edə bilmədi. Bu köşklərdə işləyənlərin qırımından görünür ki, onlar qəzet yox, xırdavat satmaqda maraqlıdırlar”.

A.Camal hesab edir metro ərazisində mətbuatın satışının bərpası dövlət büdcəsinə də öz töhfəsini verə bilər: “Bu satışdan həm qəzetlər, həm dövlət qazana bilər. Xeyli insan iş yeri ilə təmin olunar. Ümumiyyətlə, metro stansiyalarında heç nə satılmasa da, məhz mətbuatın və kitabların satılması gərəklidir. İnsanların metro ərazisində - perronlarda, vaqonlarda qəzet, jurnal, kitab oxuması Bakının, Bakı Metropoliteninin müasir görkəminə bir mədəni-intellektual şəkillənmə verə bilər”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI