“Düşünürəm ki, bütün idxal məhsullarında qiymət artımı müşahidə olunmağa başlayıb. Azərbaycana xaricdən gətirilən məhsullar dollar və avro ilə alındığından artım qaçılmazdır. Bu təbii ki, avtomobillərin də qiymətinə təsirsiz ötüşməyəcək”.
Bunu Modern.az-a açıqlamasında ekspert Ramil Osmanlı manatın məzənnəsinin aşağı salınmasından sonra avtomobillərin qiymətində artımı ola biləcəyi ehtimalını şərh edərkən söyləyib.
Ekspertin sözlərinə görə, qiymət artımı kəskin olmayacaq: “Artımın gündəlik tələbat məhsullarında olduğu kimi, 35-40 faiz olacağını düşünmürəm, amma hər halda ən azı 10-15 faizlik dəyişiklik gözləniləndir”.
Ramal Osmanlı “Mercedes-Benz” şirkətinin öz avtomobillərini geri çağırmasının Azərbaycana şamil edilib-edilməyəcəyinə də aydınlıq gətirib: “Problem yarananda istehsal olunmuş markaların hamısı geri çağırılır, ölkələr arasında fərq qoyulmur. Azərbaycanın da əsas Almaniya istehsalı olan avtomobillərin alıcıları sırasında olduğunu nəzərə alsaq, bu vəziyyətin bizdə də baş verməsi gözlənilə bilər”.
O qeyd edib ki, sözügedən “Mercedes” avtomobillərinin sedan və universal modelləri bizim ölkədə də var: “Sedan markaları daha çox istifadədə olan avtomobillərdəndir. Universal modellər sedanlar qədər kütləvi olmasa da var”.
“Mercedes-Benz” şirkəti 147 min avtomobilini geri çağırır. Buna səbəb 2013-2015-ci illərdə buraxılan sedan və universal modellərinin mühərriklərində alışma riskinin olmasıdır
Gülşən RAUFQIZI