Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
publisist, Pedaqogika üzrə fəlsəfə doktoru
Tanınmış şair, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü Atif Əbdülbağı oğlu Zeynallı 1927-ci ildə Bakı şəhərində anadan olub. 132 saylı Bakı şəhər orta məktəbini bitirib.1944-1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb.1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi “Azərbaycan” adlı şeirlə ədəbiyyata şair kimi daxil olub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, “Azərnəşr” də redaktor kimi çalışıb. 1953-cü ildı Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. 1957-ci ildə “C.Cabbarlının dramaturgiyasında yeni insan surətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. C.Cabbarlı, S.Rüstəm və S.Vurğuna həsr edilmiş üç iri monoqrafik əsərin müəllifidir. Bədii əsərləri SSRİ xalqlarının dillərinə çevrilib. “Keçilməmiş yollarla” monoqrafiyası rus dilinə çevirilib, çap olunub. Özünün də tərcümələri vardır.1991-ci ildə vəfat etmiş və Bakıda Yasamal qəbiristanlığında dəfn edilib.
Atif deyər , ürəyimin söz qanadlı duyğuları
Öz yurduma , öz xalqıma kiçik bir yadigarımdır -deyərək söz xəzinəsini bizə vəsiyyət edən kövrək qəlbli , həyat sevər , həm də küskün, narahat bir şairimiz, ədəbiyyatşünasımız vardı -Atif Zeynallı.
1989-cu ilin yayı idi. Azərbaycan Televiziyasında Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin xatirəsinə-ölümünün 40-cı gününə veriliş hazırlanırdı. S.Rüstəmin fanatı olduğumdan mərhum Firudin Ağayev məni də o verilişdə çıxış etməyə dəvət etmişdi. Çəkilişə bir az erkən getmişdim. Studiyada tanıdığım , tanımadığım simaları gördüm. Onların arasında orta boylu , bığlı-saqqallı bir nəfəri gördüm. Baxmayaraq ki, çox öskürürdü, amma siqaret damağından düşmürdü. Hiss olunurdu ki, xəstəliyi vardı. Hədsiz narahat, səbirsiz idi. İlk görüşümüzdən söhbətimiz alındı.Şeir-qəzəl haqqında , sənət haqqında fikir mübadiləsi apardıq. Maraqlı oldu mənimçin onunla söhbətlərimiz . Çəkiliş zamanı öyrəndim ki , bu şəxs Atif Zeynallı imiş. Sonra çəkilişə getdik.Mən S.Rüstəm haqqında xatirərimi söylədim, onun qəzəlini səsləndirdim.Çəkilişdən sonra Atif müəllim mənə yaxınlaşıb, qəzəli yaxşı söylədiyimi vurğuladı və dedi ki, mənim də qəzəllərim var, çox istəyirəm gələcəkdə sən onlardan da nümunələr oxuyasan.Təbii ki, çox sevindim. O, mənə sözün əsl mənasında stimul verdi.Razılaşdım. Ona söz verdim.
Lakin...Bu görüşdən az bir zaman keçdi. Bir gün eşitdim ki, Atif Zeynallı dünyasını dəyişib. Çox pərişan oldum.Sözümü tuta bilmədiyim üçün heyfisləndim. Bir müddət sonra mərhum Firudin Ağayev mənə zəng vurub, Atif Zeynallıya həsr olunmuş verilişdə iştirak etməyə dəvət etdi.Bu zəng sanki qəlbimə su çilədi. Mən o verilişdə çıxış etdim və Atif Zeynallının ‘’Niyə yoldan keçənə sərvü-xüraman deyirik ‘’ qəzəlini söylədim. Az da olsa onun ruhu qarşısında mənəvi borcumu verə bildim. Çəkiliş zamanı qızı, o zaman Milli radiomuzda diktor işləyən Esmira Zeynallı ilə tanış oldum və ilkin olaraq bu xatirəmi onunla bölüşdüm...
Bu yaxınlarda S. Rüstəmə həsr olunmuş kitabın hazırlıq prosesində bir daha Atif Zeynallını xatırladım. Onun 1990-cı ildə ‘’Yazıçı’’ nəşriyyatında çapdan çıxmış, ‘’Dünya arxayındır etibarıma’’ adlı kitabını vərəqləməyə başladım , xatirələr yada düşdü...
Azərbaycan poeziyasında ədəbiyyatşünaslıq elmində, ədəbi tənqidimizdə Atif Zeynallının öz yeri, öz sözü, öz çəkisi olub. Klassik və çağdaş Azərbaycan ədəbiyyatına, dünya ədəbiyyatına, şifahi xalq ədəbiyyatına, yazılı mənbələrə dərindən bələd olan Atif Zeynallı təbii ki, ədəbiyyatda, poeziyada cəsarətlə öz sözünü deyə bilib, oxucu məhəbbəti, sevgisi qazanıb.Onun poetik nümunələrində heca və əruz vəznində yazılan nümunələrə,sərbəst şeirlərə rast gəlinir.
Şair əsərlərində Vətən təranələrinə, ümumbəşəri, qlobal münasibətlərə yer ayırır, oxucunu düşündürməyə, nəticə çıxarmağı vadar edirdi.Şair üçün öncə Vətən, xalq , millət daha önəmli idi. Əsərlərində bu müqəddəs kəlmələri böyük ustalıqla, sevgi ilə tərənnüm edirdi.
A.Zeynallı doğma Bakınızı çox sevirdi. Bakı ədəbi mühiti, məclisi-şüara, məclisi-üns onun yaradıcılığına köklü surətdə təsir etmişdir.
Yenə də seyr etdim doğma Bakımı,
Üfüqdən üfüqə uçdu nəzərim.
Misralar tərpətdi dodaqlarımı,
Döndü bəstəkarı mavi Xəzərim.
Şair Xəzəri vəsf etməkdən doymazdı. Onu böyük coşqu ilə sevərdi. Xəzər onun ilham pərisi idi.
Şeirinin, misralarının ilk mayası da Xəzər idi. Xəzərin qumlu sahillərini, qağayıların səs-səsə verib baş vurduqları şıltaq dalğalarını tamaşa etməkdən, pıçıltılı su səslərini duymaqdan xüsusi zövq alardı.Xəzərə olan bu sevgi , bu doğmalıq şairə bir sevinc də bəxş etmişdi. Evində, ailəsində yeni bir Xəzər dünyaya gəlmişdi. Oğlu Xəzər Zeynallı. Kim bilir, bəlkə də neçə-neçə şeiri, qəzəli, ürək döyüntülərindən, duyğularından yaranan misralar Xəzər sahilində bərqərar olub, sirayət edib:
Günəş boylanırdı doğma Xəzərdən,
Qızıl tellərini öpürdü sular.
Bakımın qoynundan qanadlanırdı,
Durna qatarıtək göyə arzular.
Atif Zeynallı riyakarlıqdan , yaltaqlıqdan, xəbislikdən, yalandan uzaq olan biri olub. Onun üçün vicdan, haqq-ədalət , səmimilik daha böyük önəm daşıyıb. Sadəlik, mehribanlıq, yaxşılıq, əl tutma ,dəstək vermək həyat meyarlarından olub. Sözü yerində, çəkinmədən üzə deyər, ağa-ağ, qaraya-qara deyərdi. Kimsənin qəlbinə dəyməyə, ürəyini bulandırmağa imkan verməzdi.Onda bir ağayanalıq vardı. Əsl ağsaqqaldı. Özünün ‘’Xasiyyətnaməm’’ şeirində bəzi fərdi keyfiyyətlərini məharətlə qələmə alıb:
Mən zamanın arxasında,
Kölgə kimi sürünmürəm.
Döyüş günü gözdən itib,
Zəfər günü gözdə bitib,
Ön cərgədə görünmürəm...
...Amalımı, mətləbimi
Dalda yerdə haqlamıram.
Duyğularım boğazımda
ya dilimdə
Ahəngini dəyişərək,
kəyişərək,
Sınıq-salxaq misralara çevrilməyir.
Lakin yenə öz vicdanım,
Mənliyimə sipər olub.
Aydan arı,
Sudan duru
Söz vicdanım,
El gözündə yekələnib,
Aqibətim zəfər olub.
Budur yolum!
Budur andım!
Şairin şeirlərində S.Rüstəm, M.Müşfiq, S.Vurğun, R.Rza dəst xəttinə, ruhuna rast gəlinir. Görünür, A.Zeynallının bu şairlərə, onların sənətinə olan sevgidir ki, şeirlərinə işıq saçıb. A.Zeynallı şeirlərində çox böyük ustalıqla bənzətmələrdən istifadə edib:
Məhəbbət qocaya, cavana baxmaz,
Bunu hər yetənə qandır, a zalım!
Qəlbi yanmayanın göz yaşı axmaz,
Göz yaşı şöhrətdir, şandır, a zalım!
Burada şairin yazdığı “Qəlbi yanmayanın göz yaşı axmaz” misrası, ölməz Mikayıl Müşfiqin şeirindəki “Gözdən yaş çıxarmı könül yanmasa” misrasına olan gözəl bənzətmədir, deyilmi?
Şair Atif Zeynallının yaradıcılığında satirik şeirlər, təmsillər də diqqət çəkir. O öz satirik şeirlərində M.Ə.Sabir, C.Cabbarlı, S.Rüstəm məktəbindən bəhrələnərək böyük ustalıqla, məharətlə bu sahədə maraqlı, yadda qalan əsərlər ərsəyə gətirib. Onun satirik qamçısına riyakarlar, namərdlər, nadanlar, tənbəllər, naqislər, satqınlar, məmurlar, yaltaqlar, xainlər, mövqeyi olmayanlar və s. tuş gəlir:
Tərifin, nifrətin bilin yerini,
Tez-tez dəyişməyin hədəfləri siz.
Gözləyin hər yerdə ədəb-ərkanı,
Hörmətdən salmayın sələfləri siz.
Və ya
Xəbislikdən
və pislikdən
Niyə ləzzət alırsınız?
Kölgəsində yatdığınız
Dibində boy atdığınız
Çinarlara, qovaqlara
Niyə balta çalırsınız?
Guya zəfər çalırsınız?
Axı kimə?
Bir ağacın budağıyıq!
Ünvanımız birdir bizim!
Azərbaycan torpağıyıq
Bir dəfəlik bunu qanın!
Şairin “Eşşəyin eşşəkliyi”, “Qara pişiyin hiyləsi” və s. təmsilləri də böyük maraq və məna kəsb edir. Oxucuda həm istehza, həm də düşünmə hissini artırır:
Keçdi yavaş-yavaş o, iş başına,
Qohum-əqrəbanı yığdı başına,
Əlini uzatdı özgə aşına,
Dəvəni yüküylə yeyəndi eşşək.
Bir azdan piylənib döndü bir dağa,
Qoydu canavarı, pələngi lağa,
Dayandı şir ilə qabaq-qabağa,
Hər yerdə özündən deyəndi eşşək!
Atif Zeynallının yaradıcılığında qəzəl janrı xüsusi yer tutur. Əruzun mahir bilicilərindən olduğu üçün bu janrda əsər yazmaq şairə heç bir çətinlik yaratmayıb. Çox sadə, şux, yadda qalan qəzəlləri ilə oxucunu sevindirə, heyrətləndirə bilib. Qəzəllərində Əliağa Vahid, Süleyman Rüstəm, Mirmehdi Seyidzadə ruhu sezilir. O, böyük ustalıqla ustad sənətkarlara nəzirələr də yazıb. Sevgi qəzəlləri xanəndələrimizin ifasında çox şirin səslənir:
Dağ çəkib sübhə kimi sinəmə hicran gecələr,
Bu səbəbdən qaradır gözləri giryan gecələr.
Könlümün pərələri göydə ocaq tək közərir,
Ona səyyarə deyir bir parə nadan, gecələr.
Bülbülün aşiqi – şeyda kimi çox şöhrəti var,
Niyə olmur, o mənim tək belə nalan gecələr.
Yaxşı ki, təb məni canan sayağı tək qoymur,
Qoparır fikri xəyalımda o, tufan gecələr.
Atifin can evi viranə idi, lakin onu
Alışan duyğuları etdi çıraqban gecələr.
Atif Zeynallı gənclik şairi, məhəbət şairi idi. Sevgi, məhəbbət, gözəllik, sədaqət, vurğunluq, həyat eşqi, həyat sevgisi şeirinin əsas leyt-motivini təşkil edirdi. Gözəllik vurğunu, eşq-məhəbbət məcnunu idi. Bunu qəzəllərində də, sevgi şeirlərində də görmək mümkündür.
Şairin “Eşqin məbədi”, “Sən olmasaydın”, “A zalım”, “Sənmisən?”, “Ay məni yaşadan”, “Gül kimi qızsan”, “Gözlər” və s. şeirləri öz rəngarəngliyi, məna çalarları ilə diqqət çəkən saf, pak, müqəddəs eşq duyğuları ilə zəngin olan sənət incilərindəndir:
Dağda çəmən, düzdə lalə sənmisən?
Məni salan qeylü qala sənmisən?
Bəbəyimdən gecə-gündüz axan yaş,
Dodağımdan qopan nalə sənmisən?
Mənim ömür yollarımda çənmisən?
Buludların kürəyindən enmisən?
Duyğularım, misralarım, bəndlərim
De sənmisən, de sənmisən, sənmisən?
Poeziya ilə yanaşı, Atif Zeynallı dram əsərləri də yazıb, yardıcılığına yenilik gətirib. “Sirlər yuvası ”, “Nəriman ata”, “Məmmədli kurorta gedir”, “Ləkə” və s. pyesləri Bakı, Gəncə teatrlarında səhnəyə qoyulub. Ədibin bu pyesləri əsasən komik-dramatik üslubda olub.
Atif Zeynallının Azərbaycan ədəbiyyatşünaslıq elmində də müəyyən xidmətləri olub. Ədəbi tənqidimizdə Akademik Məmməd Arif Dadaşzadə məktəbini ləyaqətlə davam etdirə bilmişdir.
Gənc alimlərin, şairlərin yetişməsində, püxtələşməsində, inkişafında böyük rolu olmuşdur. Bir ağsaqqal kimi, öz ağayanalığı, təmkini və xeyirxahlığı ilə ünsiyyətdə olduğu insanların dərin hörmət və rəğbətini qazanmışdır.
Ömrünün son illərində səhhətindəki problemlər onu rahatsız edirdi, əsəb sistemini tarıma çəkirdi. Bəzi şeirlərində bu halını da şair qələmi ilə oxucusuna çatdırırdı. Bunu tibb bacısına xitabən yazdığı “Bir ürək ki” şeirində görmək olur:
Axtarıb şah damarımı,
Çıxarırsan aharımı,
Bacım, bil ki, bu iynə-zad
Daha qəddar düşmən edir,
Mənə qarlı azarımı.
II
Qoy taleyim qaralana,
Can bədəndən aralana.
Dava-dərman kömək etməz.
Bir ürək ki, səhər-axşam,
Neçə yerdən yaralana.
Şair ölümünü hər an gözləyirdi. Nigaranlığını da şeirlərində bildirirdi. Övladlarından, xüsusilə də oğlu Xəzərdən nigaranlıq şeirində açıq-aydın özünü biruzə verirdi:
Axı kimdir yada salan?
Məzarımı xəbər alan?
Məni tək bir bu yandırır;
Millət deyil, Vətən deyil,
Xəzərimdir yetim qalan.
Bədnam əcəl öz kamına yetməsəydi, vaxtsız ölüm Atif Zeynallını aramızdan erkən aparmasaydı, kim bilir nə qədər yeni şeir, qəzəl və s. ilə oxucularını hələ uzun müddət sevindirəcəkdi.
Ustad, şeirinizdəki “Axı kimdir yada salan” sözlərinizlə razı deyiləm. Çünki, məhz bu gün əlimə qələm alıb Sizi yada saldım, ruhumuzu şad etdim. Yazının oxucuları isə bu tanışlıqdan, həsrətdən sonra bir daha, təkrar-təkrar Sizi yad edəcək, şeirlərinizi böyük sövqlə oxuyacaqlar. Əminəm ki, qəzəlləriniz xanəndələrin, mahnıya köklənən şeirləriniz isə müğənnilərimizin repertuarını bəzəyəcək. Latın qrafikası ilə seçilmiş əsərləriniz çap olunacaq, yeni-yeni teleradio verilişləri Sizin həyat və yaradıcılığınıza həsr olunacaq, pyesləriniz tamaşaya qoyulacaqdır. Çünki, Siz Azərbaycan ədəbiyyatının sədaqətli, məhsuldar fədailərindən olaraq xalqımızın mədəniyyətinin inkişafına xidmət eləmisiniz.
Ruhumuz şad olsun ustad.
Şairin parlaq xatirəsini yad etdik...