Modern.az

“El” hərəkatından çıxan Eldəniz Quliyev Tağıyev haqqında film ssenarisi yazıb - AÇIQLAMA

“El” hərəkatından çıxan Eldəniz Quliyev Tağıyev haqqında film ssenarisi yazıb - AÇIQLAMA

Qarabağ

23 Fevral 2015, 16:40

““El” hərəkatından uzaqlaşmağıma heç də peşiman deyiləm. “El” passiv siyasi fəaliyyətlə məşğul idi. Hərəkatdan getməyimə nə “El” uduzdu, nə də Eldəniz”. Bunu Modern.az saytına Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Kordinasiya şurasının üzvü, tanınmış kinorejissor Eldəniz Quliyev deyib.

O bildirib ki, hərəkatdan uzaqlaşmağının əsas səbəbi yaradıcılıqla məşğul olmaq olub: “Hərəkatdan uzaqlaşandan sonra bir neçə kinossenarilər yazmışam. Bundan əlavə esse, publisistika, hekayələr, kinossenarilərdən ibarət iri həcmli kitabımı da hazırlamışam. Hazırda Hacı Zeynəlabdin Tağıyev haqqında iki serialı bədii filmin ssenarisini tamamalamışam. O cümlədən, siyasi triller janrında yazılmış “Bir ovuc günəş işığı” filmin ssenarisini bitirmişəm. Bu filmin istehsalına üç ölkə, Siriya, İran eləcə də Azərbaycan qoşulmalı idi. Bəzi texniki səbəblərdən, eləcə də Azərbaycan kino iqtidarının siyasi əqidəmə olan münasibəti ucbatından bu iş qeyri-müəyyən vaxta qədər təxirə düşüb.

Qəribə bir ənənə yaranıb. Kim hansısa partiyadan və ya təşkilatdan gedirsə, çönüb oranı pisləyir. Eləcə də, orada qalan da başlayır gedən barəsində aşağılayıcı sözlər işlədir. İstəməzdim kiminsə hardansa getməsi, polemikaya bəzi hallarda təhqiramiz ifadələrlə müşayyət olunsun. Milli Şuranın Kordinasiya mərkəzində təmsil olunuram. Orda da kifayət qədər iş var. İmkan dairəsində oranın tədbirlərinə qatılıram. Uzun müddətdir öz təşkilatım, Azərbaycan Ziyalılar Birliyi fəaliyyətsiz qalıb. “El”dən uzaqlaşmağıma kifayət qədər səbəblər var idi ki, yarım qalmış işlərimi görüm”.

Eldəniz Quliyev siyasətdən uzaqlaşmadığı qənaətindədir: “Azərbaycanda heç kim siyasətdən istəsə də, aralaşa bilməz. Tərəfdarıyam ki, siyasətdən mümkün qədər uzaq olmaq lazımdır. İmkan olurmu ki, insan siyasətdən uzaqlaşıb öz sahəsi ilə məşğul olsun. Bu, qeyri-mümkündür. Mən heç vaxt özümü siyasətçi saymamışam, indi də saymıram. Obrazlı şəkildə desəm, dənizin suyu duzlu olur. Balıqlar da o dənizdə kürü töküb çoxalır. Amma hansı balığın əti duzdu olur?! Siyasətlə məşğul olmaq, içində olmaq lazımdır. Amma mümkün qədər siyasiləşməmək lazımdır. Siyasətlə bağlı prinsiprim budur. Əgər Azərbaycanda yeganə ictimai-siyasi qurum olan Milli Şurada təmsil olunuramsa və aktiv fəaliyyət göstərirəmsə, bu, Eldəniz Quliyev siyasətdən uzaqlaşıb fikrini ehtiva edə bilməz”.

Eldəniz Quliyev fevralın 21-də Qubad İbadoğlunun təsisçiliyi ilə yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatına da toxunub: “Mənim Qubad İbadoğluna simpatiyam olub, indi də var, çox güman ki, bundan sonra da olacaq. Müsavatçılıq ideallığını əsas götürərək bəzi lazımsız iddialardan, hikkələrdən uzaq bir hərəkatın yaranmasını ancaq alqışlayıram. Hərəkata qoşulub qoşulmamağım müzakirə məsələsi deyil. Çünki mən Milli Şurada təmsil olunuram. Buna baxmayaraq həm Qubad bəyə, həm də onun başçılığı ilə yaranan hərəkata uğurlar diləyirəm”.

“Qarşıdan parlament seçkiləri gəlir, hansısa formada iştirak edəcəksinizmi” sualına Eldəniz Quliyevin cavabı birmənalı olmayıb: “Qədim Romada belə bir məsəl var, içtimai-siyasi məslələrlə maraqlanmayan insan ancaq axmaq ola bilər. Təbii ki, Milli Şura qarşıdan gələn parlament seçkilərində iştirak etmək fikrindədir. Amma Seçki Məcəlləsi, seçki komisiyası və seçkinin demokratik keçirilməsi ilə bağlı bəzi mütərəqqi fikirlərimiz də var. Əgər onlar nəzərə alınacaqsa, təbii ki, Milli Şura seçkidə blok kimi iştirak edəcək. Mən də həmin seçkidə aktiv iştirak edəcəyəm. Öz namizədliyimimi verəcəm, yaxud namizədlərdən birinimi dəstəkləyəcəm, hələ ki bu forma məlum deyil.

Milli Şuradan kimin namizədliyini irəli sürülməsi haqda dəqiq məlumat yoxdur. Hər bir Azərbaycan vətəndaşı kimi məni də narahat edən məqamlardan biri də Azərbaycanda saxtakarlıqdan, mandatın satılmasından, bülletenin atılmasından, təyin olunmadan yox, xalqın səsi ilə demokratik prinsiplər əsasında şəffav ədalətli bir seçki olsun”.

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu