Dolların məzənnəsinin qalxması və manatın məzənnəsinin 3 ildən bəri qorunub saxlanan məzənnəsinin kəskin devalvasiya edilməsi əhali arasında ciddi narazılıq və panikaya səbəb olub. Vəziyyətə aydınlıq gətirmək üçün Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Modern.az saytına müsahibə verib:
- Əli müəllim, manatın devalvasiyası nəyə səbəb olacaq?
- Aydın məsələdir ki, manatın kəskin devalvasiyası, yəni onun dollara və avroya nisbətdə ucuzlaşdırılması əhalinin və biznes strukturlarının manatla olan əmanətlərinə və bankdan kənar digər yığımlarına mənfi təsir göstərəcək, yəni həmin kateqoriyadan olanlar bundan ziyana düşdülər. Devalvasiya əhalinin və biznes strukturlarının dollarla əmanətlərinə və bankdan kənar digər yığımlarına isə müsbət təsir göstərəcək.
- Bəs, dövlət səviyyəsində nəticəsi nə olacaq?
- Dövlət makroiqtisadi sabitliyin gözlənilən pozulmalarını önləyəcək, manatın məzənnəsini süni surətdə sabit saxlamağa çəkdiyi xərclərin bir hissəsinə qənaət edəcək. Manatın devalvasiyasının yaradacağı inflyasiya hesabına büdcəyə əlavə vəsait daxil olacaq. Həm də manat-dollar kurs nisbəti qədər Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfer manat ifadəsində 10,4 milyard manat qalmaqla, dollar ifadəsində kursa mütənasib sürətdə azala bilər.
- Manatın məzənnəsinin dollara nisbətdə 96 qəpik olacağı deyilir? Bu gözləniləndirmi?
- Konkret rəqəm demək çətindir. Amma 1 dollar - 1 manat nisbətindən hər iki tərəfə doğru kənarlaşmalar gözləniləndir. Manatın məzənnəsinə dolayı yolla olsa da, dünya bazarında neftin qiymətinin kəskin surətdə enməsi, qlobal valyuta bazarında dolların təzyiqi, qonşu ölkələrin milli valyutalarının devalvasiyasının, maliyyə bazarındakı problemlərin, yaranmış panik vəziyyətin psixoloji təsiri var. Ona görə də manatın məzənnəsi inzibati yolla 1 dollar – 1 manat 5 qəpik nisbətində müəyyənləşdirilsə də, sadaladığım və üstəgəl bu qəbildən olan digər amillərin təsiri ilə məzənnədə müəyyən qalxıb-enmələr gözləniləndir. Onun hansı trayektoriya çərçivəsində olacağı isə həm neftin qiymətinin hərəkət trayektoriyasından və sadaladığım digər amillərin təsirindən, ölkə iqtisadiyyatının real, maliyyə və sosial sahələrində gedən proseslərin məntiqindən, həm də Mərkəzi bankın tənzimləyici fəaliyyətinin səmərəlilik dərəcəsindən asılı olacaq.
- Manatın devalvasiyası qiymətlərə necə təsir edəcək?
- Milli valyuta bahalaşanda ölkədən ixrac olunan məhsullar da bahalaşır, ölkəyə gətirilən mallar isə ucuzlaşır. Milli valyuta ucuzlaşanda isə əksinə, ölkədən ixrac olunan məhsullar ucuzlaşır, ölkəyə gətirilən mallar bahalaşır. Ona görə də devalvasiya nəticəsində xaricdən Azərbaycana gətirilən mallar bahalaşacaq.
- Daha çox hansı mallar bahalaşa bilər?
- Bir qədər az, bir qədər çox olmaq şərtilə devalvasiya xaricdən gələn malların qiymətinə təsir edir. Ciddi tədbirlər görülməsə, daha çox sosial əhəmiyyət kəsb edən, yəni əhalinin daha çox işlətdiyi məhsulların qiyməti arta bilər və bunun psixoloji təsiri yerli məhsulların da qiymətinə təsir edə bilər.
- Sizcə, kommunal xidmət haqları da artırılacaqmı? Bu, vətəndaşları ən çox narahat edən məsələlərdən biridir.
- Əgər devalvasiyanın təsirinin iqtisadi əsaslarından çıxış eləsək, onda kommunal xidmətlər, elə həmin ad altında çox vaxt nəzərdə tutulan məsələn, qaz, elektrik enerjisi və sair Azərbaycanın özündə istehsal olunan məhsul və xidmətlər vasitəsilə yarandığından, bu sahədə qiymətlər qalxmamalıdır.
- Yaranmış panik vəziyyətin stabilləşdirilməsi üçün dövlət hansı addımları ata bilər?
- Azərbaycan qlobal güclərin toqquşduğu regionun lap yaxınlığında yerləşir. Ona görə də yaranmış vəziyyəti yumşaltmaqdan ötrü dövlət də, qeyri-hökumət strukturları da, mütəxəssislər də, hamı səfərbər olmalı, əlindən gələni etməlidir. Eyni zamanda yaranmış vəziyyəti yumşaltmaqdan ötrü, hökumət tədbirlər paketi hazırlayır. Yəqin ki, həmin tədbirlərdə manatın devalvasiyasının mənfi nəticələrinin mümkün sahələrdə aradan qaldırılması, digər yöndə müəyyən dərəcədə yumşaldılması istiqamətində tədbirlər olacaq. Bununla əlaqədar çox istərdim ki, həmin tədbirlər paketində həm manatın yeni məzənnə nisbətində nisbi sabitliyinin təmin olunmasına, həm də süni qiymət artımının qarşısının alınmasının səmərəli mexanizminin tətbiqinə daha çox diqqət edilsin. Çünki hazırda əhaliyə manatın devalvasiyasından doğan itkilərdən daha çox süni qiymət artımı mənfi təsir göstərir. Aztəminatlı təbəqənin sosial müdafiəsinin, kiçik və orta biznesin, xüsusən də xaricdən gətirilən məhsulları əvəz edə bilən məhsul istehsalı ilə məşğul olanların dəstəklənməsinin gücləndirilməsinə daha çox diqqət verilməlidir. Həmin tədbirlərin köməyi ilə valyuta bazarındakı panikanı aradan qaldırmaq, orada situasiyanı normallaşdırmaq, əhalinin daha çox işlətdiyi malların qiymətinin süni surətdə artımının qarısını xeyli dərəcədə almaq, makroiqtisadi sabitliyə yönəlik mənfi meylləri də neytrallaşdırmaq və ziyanı xeyli azaltmaq olar.
Gülşən RAUFQIZI