Modern.az

Yumoristik novellalar - 4

Yumoristik novellalar - 4

24 Fevral 2015, 11:27

Telejurnalist

Rəis arvadı olmaq istəyərsənmi

İndi çoxları mənə həsəd aparacaq. Qoy belə olsun! Kiminin əvvəli, kiminin sonu deyiblər. Mənimki də belə gətirdi.  Əla! Rəis təyin olunmağım lap gözlənilməz oldu!

Bəh-bəh! Hökmümü bundan sonra göstərəcəyəm! Ah, yaxşı yadıma düşdü: bu xəbəri arvadağaya çatdırım, qoy o da sevinsin. Amma birdən - birə deməyəcəyəm, qoy bir az ürəyi üzülsün. Zarafat deyil, ona bu gündən sonra “rəis arvadı” deyəcəklər. Qonşular rəis təyin edildiyimi bilsələr, ürəkləri partlayacaq! ...

-        Allo, Güldəstə, sənsən?

-        Bəli, mənəm. Kimdir danışan?

-        Aaa... Tanımadın? Mənəm də! ...

-        Səsin yamanca dəyişib, ona görə tanıya bilmədim.

-        Dəyişər də! Sənə vacib bir sözüm var.

-        De görüm, nədir o vacib sözün?

-        Sənin razılığın lazımdır!

-        Ürəyimi üzmə, de görüm, nə xəbər verəcəksən!

-        O qədər həyəcanlıyam ki, bu xəbəri sənə çatdırmağa çətinlik çəkirəm.

-        Nahaq yerə! Məndən utanırsan bəyəm? Sözünü de, cavabını al. Daha burda ...

-        Yox, qadası, burada utanılası bir şey yoxdur. Xəbər elə xəbərdir ki, sənin üçün gözlənilməz olacaq.

-        Bax, sənə deyirəm, çox çərənləsən, dəstəyi asacağam.

-        Qadası, əsəbiləşmə, yaxşı, bu saat deyirəm.

-        Buyur!

-        Qadası, mənə de görüm, rəis arvadı olmaq istəyirsənmi?

Arvad telefonda düşüncəyə dalır, gah sevinir, gah üzü tutulur, barmağını dodaqlarının üstünə qoyub fikirləşir.

Ər telefonda:

-  Noodu, niyə dinmirsən? Rəis arvadı olmaq istəyirsənmi?

-   Bilirsən, elə qəfil sual verdin ki, heç bilmirəm nə deyim. Amma, hər halda, gərək rəisləri bir-bir göz önünə gətirəm. Hansının arvadı olmaq istədiyimi bir az düşünməliyəm.

Həkimin qəbulunda

Diş həkiminin otağına bər-bəzəkli bir qadın gəlir. Qapını azacıqaralayaraq qəzet oxuyan həkimə: 

-        Olarmı?

-        Görürsünüz ki, məşğulam.

-        Bağışlayın, elə bildim sadəcə qəzet oxuyursunuz ...

-        Aaa! Qəribə adamdılar, qəzet oxumaq iş deyil?

-        Elə isə gözləyərəm.

Həkim başını qaldırır, gözəl qadını görür,  ona yaxınlaşır.

-        Yox, yox. Sizin kimi qadını gözlətmək insafdan deyil. Buyurun, buyurun.

-        Gecə sabaha qədər dişimin ağrısından yata bilməmişəm.

-        Telefon etsəydiniz, lap gecə yarısı da gələrdim ...

-        Mən demək istəyirəm ki, yəni dişim axşamdan rahatlıq vermir.

-        Keçər! Elə eləyərik ki, tez keçsin. Zəhmət olmazsa, kresloda oturun, ayaqlarınızı uzadın. Bax belə, ayaqlarınız rahat oldumu?

-        Hə!

Həkim onun ayaqlarına baxır, sığal çəkir.

-        Maaşallah, göz dəyməsin, gözəl ayaqlarınız var.

-        Bunun nə dəxli?

-        Heç, elə belə, çox yaraşıqlı ayaqlarınız var. Neçə ölçüdə ayaqqabı qeyirsiniz?

-        Bura bəyəm ayaqqabı dükanıdır?

-        Yox, yox, ayaqlarınız çox incədir, gözoxşayandır, nə gözəl corablarınız var! Kaprondur, eləmi?

-        Yox, yun corabdır, başa düşdün?

-        Ola bilər, ola bilər, mənim gözlərim yaxşı görmür, bəlkə də kaprondur.

Qadın bir müddət həkimin onun ayağına sığal şəkməsinə etiraz etmir, üzünə baxır, sonra kreslodan qalxaraq :

-        Həkim, dedim ki, mənim dişim ağrıyır, ayaqlarım yox!

-        Acığınız niyə tutur, növbə dişlərinizə də çatacaq, aşağıdan yuxarı ... hamısını müayinə edə-edə... Sizin gözəl ayaqlarınız var.

O bunu deyib bir daha qadının ayağına əl uzatmaq istərkən, qadın həkimin üzünü özünə tərəf çevirərək:

-        Sizin nə gözəl sifətiniz var!

Bunu deyib deyib, həkimin üzünə sərt bir şillə çəkib otaqdan çıxır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI