“Hökumət güclü nəzarət mexanizmini həyata keçirməsə, biz ciddi bahalaşmanın şahidi olacağıq”
Manatın məzənnəsinin kəskin devalvasiyası ciddi narazılığa və sosial problemlərə yol açmaqdadır. Mərkəzi Bankın bu qərarından sonra istənilən məhsulun qiymətində ən azı 30-35 faiz bahalaşma müşahidə edilir. Bir çox apteklər və iri supermarketlər qapılarını alıcıların üzünə bağlayıb. Onlar firmalardan, depolardan və anbarlardan mal ala bilmədiklərini əsas gətirirlər. Bu və digər məsələlərlə bağlı suallarımızı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov cavablandırır:
- Vahid müəllim, bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Müzakirələr zamanı bir neçə gündür gündəmi zəbt edən və insanların narazılığına səbəb olan manatın kəskin devalvasiyası məsələsinin qaldırılacağını gözləmək olarmı?
- Bəli, bu gün parlamentdə bu məsələ müzakirə olunacaq. Manatın devalvasiyası ilə əlaqədar müəyyən ciddi problemlər var. Bununla bağlı hökumət tədbirlər planı işləyib hazırlamalıdır. Bir sıra məsələlər var, mütləq öz həllini tapmalıdır.
- Necə düşünürsünüz, vəziyyət o qədər gərgin idi ki, Mərkəzi Bank manatın kəskin devalvasiyasına getdi?
- Son iki ayda Mərkəzi Bank manatın saxlanması üçün faktiki olaraq 3 milyard manat xərcləmişdi. 15 milyard ehtiyat vəsaitdən 12 milyard qalmışdı. İtirilən məbləği bərpa etmək üçün buna gedildi.
Ümumiyyətlə, manatın devalvasiyası labüd idi, amma bu şəkildə gözləmirdik. Bunu yumşaq şəkildə, əhalinin zərər görməyəcəyi tərzdə etmək lazım idi. Mən daim Mərkəzi Bankla əlaqə saxlayırdım, müəyyən danışıqlarım olmuşdu. Hər zaman bildirirdilər ki, manat yumşaq devalvasiya ediləcək. Bu minvalla ilin sonuna qədər haradasa 85-90 qəpik səviyyəsinə çatdırılmalı idi. Amma manatın birdən birə 33 faiz ucuzlaşması bir sıra tədbirlər planını həyata keçirməyə vadar etdi. MDB məkanında bütün valyutalar faktiki olaraq devalvasiyaya uğrayaraq ucuzlaşıb, o cümlədən də neftin qiyməti kəskin aşağı düşüb. Bütün bunlar Azərbaycanda da manatın devalvasiyasına ehtiyac yaradırdı.
- Süni qiymət artımının qarşısını almaq mümkün olacaqmı?
- Bununla əlaqədar Azərbaycan hökuməti bir sıra məsələlərə diqqət etməlidir. Süni qiymət artımı ola bilər və artıq müşahidə olunur. Bir çox bölgələrdən qiymət artımı ilə bağlı məlumatlar gəlir. Bunun qarşısını almaq üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti çox ciddi işləməlidir ki, süni qiymət artımına yol verilməsin.
- İqtisadiyyat və Sənaye Nazirliyi açıqlama verdi ki, süni qiymət artımının qarşısını almaq üçün güclü nəzarət mexanizmi tətbiq edilməyə başlayıb. Amma nədənsə bu nəzarəti hiss etmirik…
- Bəli, qiymət artımı var. Bildiyimə görə, ən çox bahalaşan siqaretdir. Tikinti materiallarının qiymətində həddindən artıq şişirdilmiş rəqəmlər var. Əsas məsələ isə bunun qarşısının alınmasıdır. Həm Vergilər Nazirliyi, həm də İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamenti tərəfindən nəzarət çox ciddi həyata keçirilməlidir. Amma hesab edirəm ki, nə qədər qarşısı alınsa da, qiymət artımı mütləq olacaq.
- Vahid müəllim, insanları narahat edən həm də banklardakı əmanətləridir…
- Bu, ciddi məsələdir. İnsanların manatla olan əmanətləri 33 faiz ucuzlaşıb. Buna görə də hökumət, ya da Mərkəzi Bank onları kompensasiya etmək üçün müəyyən addımlar atmalıdır. Eyni zamanda, banklarda faizlərin yüksək olduğu narazılığı vardı və aşağı salınması gözlənilirdi. Məsələ bundadır ki, manatın kəskin devalvasiyası zamanı banklar da müəyyən qədər ziyana düşüblər. Hesab edirəm ki, bu məqam da nəzərə alınmalıdır. Bir sözlə, kompleks tədbirlər həyata keçirilməlidir ki, insanlar çox əziyyət çəkməsin.
- Yaranmış çətin vəziyyətlə bağlı əhali maaş və pensiyaların qaldırılması üçün addım atılacağını gözləyir. Bunun reallaşması mümkündürmü?
- Əhalinin maaş və pensiyaları, sosial müavinətlərə mütləq baxılmalıdır. Bu, gündəmdə olan məsələdir. Bununla əlaqədar olaraq xüsusi tədbirlər planı işlənib hazırlanmalıdır. 33 faiz ucuzlaşma varsa, insanlar əmək haqlarını manatla alırsa, mütləq şəkildə maaş, pensiya və digər müavinətlər artırılmalıdır.
- Belə bir gərgin zamanda apteklər qapılarını bağlayıb. Bildirilir ki, depoda mal yoxdur. Olanlar isə qiymətləri ən azı 30-35 faiz qaldırıb. Bunu necə başa düşək?
- Bu cür situasiya ilə mən də qarşılaşmışam. Dünən sürücüm mənə lazım olan dərmanı almaq üçün aptekə getdi. Faktiki olaraq eyni dərmanın qiymətində 30 faiz artım olduğunu gördük. Bəzi dərmanları isə heç satmırlar, qiymətinin artırılması üçün gözləyirlər. Rayonlarda həddindən artıq qiymət artımı var. Bu ciddi məsələdir və Azərbaycan hökuməti də ciddiyyətə qarşılıq olaraq addımlar atmalıdır ki, insanlar sosial sahədə əziyyət çəkməsin.
- Sizcə, qiymətlərdəki artım Azərbaycanda inhisarçılığın daha da artmasına səbəb ola bilərmi?
- İnhisarçılıq onsuz da var. Bunu xüsusilə də ərzaq məhsullarına şamil etmək olar. Düşünürəm ki, yaranmış vəziyyət inhisarçılığı daha da artıracaq. Kim desə ki, qiymət artımı olmayacaq, bu mümkün deyil. Azərbaycan daxilində istehsal olunan mallara nəzarət etmək müəyyən mənada mümkündür. Amma idxal məhsullarında qiymət artımı mütləq olacaq. Əgər hökumət daxildə güclü nəzarət mexanizmini həyata keçirə bilməsə, biz ciddi bahalaşmanın şahidi olacağıq.
- Azərbaycan xalqı prezidentə ümid bağlayıb. Çünki bir müddət əvvəl prezident Tarif Şurasının yanacaq və dizelin qiymətini qaldırması ilə bağlı qərarının ləğv edilməsi barədə göstəriş vermişdi…
- Prezidentin Mərkəzi Bankın qərarını ləğv edəcəyinə inanmıram. Çünki İlham Əliyev ilin yekunları ilə bağlı tədbirdə bildirmişdi ki, manatın məzənnəsi avro ilə bərabərləşdirilməlidir. Yəni 1 manat =1 avro olmalıdır. Amma təəssüf ki, Mərkəzi Bank prezidentə də qulaq asmadı. Manatı 1 yox, 1,2 avro etdi. Dövlət başçısı istənilən göstərişi verə bilər. Amma inanmıram ki, geriyə doğru addım atılsın.
- Dolların məzənnəsinin yenidən ucuzlaşması gözlənilirmi?
- Düşünmürəm. Bəlkə də 1 ay sonra 15-20 faiz ucuzlaşma ola bilər. Amma 90 qəpikdən aşağı düşəcəyinə inanmıram. Bu da bazardakı vəziyyətlə bağlı olacaq. Amma biz həmişə manatın yumşaq devalvasiyasını təklif edirdik. Əgər bunu edəcəkdilərsə, ən azı 1 il bundan əvvəl prosesə başlamalı idilər ki, indiki şok vəziyyət yaranmayaydı.
Gülşən RAUFQIZI