14 əsrdən çoxdur İslam dininin kitabı olan “Quran”ın ayələri əsasında irəli sürülən tələblər dəyişilməz qalır. Dindarların, ilahiyyatçıların təbirincə, “Quran”ın mükəmməl bir ideyalar toplusu olması, ideal həyat tərzi təbliğ etməsi və orada hərtərəfli elmi müddəaların mövcudluğu İslam dinində dəyişikliyə ehtiyac yaratmır.
Amma buna baxmayaraq, bəziləri də iddia edir ki, İslam dinini mövcud sosial, iqtisadi şərtlərə uyğunlaşdırmaq lazımdır və buna görə də “dində islahat” ifadəsi zaman-zaman gündəmə gəlir.
Əsasən, dini inanc sisteminə qarşı olan ateistlər, deistlər və digər bu qəbildən olan cərəyanlara inananlar dində islahat aparmaq təklifi ilə çıxış edirlər. Azərbaycandakı ilahiyyatçılardan kimi yenilikçi kimi qəbul etmək olar?
Dinə qarşı kəskin mövqe nümayiş etdirən jurnalist Vüsal Məmmədov hesab edir ki, “ilahiyyatçı” və “islahatçı” bir-birinə tamamilə zidd anlayışlardırlar.
Vüsal Məmmədov Modern.az saytına deyib ki, dində, ümumiyyətlə islahat ola bilməz.
“Çünki dinin əsasları sabitdir – “Quran”, hədis və sünnə - onlarda da heç bir yeniliyin baş verməsi mümkün deyil. Yəni din - bir ehkamdır, onu islah etmək mümkün deyil. Qalstuk taxıb, cibindən dəsmalın quyruğunu çıxarmaqla bir ilahiyyatçı dönüb “islahatçı” olmur. İslahat o olardı ki, məsələn, 4 arvad almaq hökmü, yaxud, qul-cariyə saxlamaq icazəsi, yaxud içkiyə qoyulan qadağa ləğv edilsin. İnanmayanlara “kafir” deyilməsinə son qoyulsun, bu, onların insani hüququ kimi tanınsın... Bunu kim edə bilər? Heç kim! Çünki bunlar "Quran"dan gəlir, "Quran"ı isə dəyişmək olmaz. Ona görə də “islahatçı”nın dində görə biləcəyi bir iş yoxdur”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, bir neçə kitab müəllifi olan Sərdar Cəlaloğlu isə məsələyə fərqli rakursdan yanaşaraq İslam dinində islahata ehtiyac duyulmadığını bildirib. Onun sözlərinə görə, Allah "Quran"ı o qədər mükəmməl şəkildə insanlara çatdırıb ki, onda yeniliyə cəhd etmək özü belə kafirlikdir:
“Allah-Təala bizim hamımızdan ağıllıdır və dini elə kamil şəkildə göndərib ki, ora kiminsə nəsə əlavə etməyinə ehtiyac yoxdur. Kim İslam dinində yenilik etmək istəyirsə, o adam kafirdir”.
ADP rəhbəri bildirib ki, sadəcə olaraq “Qurani-Kərim”i yeni ölçülərlə başa düşmək lazımdır. Sərdar Cəlaloğlu fikrini belə əsaslandırıb ki, “Qurani-Kərim”in məalını yazanların 90 faizi yanlış yoldadır: “Çoxu "Quran" ayələrini yanlış şərh edir. Bu cür məalı, təfisiri yazan adamların gözünü çıxarmaq lazımdır. “Qurani-Kərim”ə məal yazanların hamısı Allah yanında cəzalanacaq. "Quran"ı da, məalları da oxuyuram və görürəm ki, məalların hamısı yanlışdır. Məal yazmaq əslində İslam dinini təhrif etməkdir. Qurana təfsir yazmaq da günahdır. Çünki Allah "Quran"da buyurur ki, ayələr bir-birini təfsir edir”.
ADP lideri Azərbaycanda bir çox şiənin istinad etdiyi Ayətullahul-üzma Seyyid Sistaninin “İzahlı şəriət məsələləri” kitabı barədə də kəskin tənqidi fikir səsləndirib: “Ümumiyyətlə, kim "Quran"dan ayələrlə sitat gətirərək, müstəqil təfsirə başlayırsa, o yanlış yoldadır. Bu gün təriqət liderlərinin çoxu özünü Allah kimi aparır. Allah özü deyir ki, “Qurani-Kərim”i anlamaq üçün “Qurani-Kərim”dən başqa ikinci bir vasitə yoxdur.
Mən Sistaninin “İzahlı şəriət məsələləri” kitabına baxıram. Sadəcə olaraq dəhşətə gəlirəm. O deyir ki, kimsə şiədirsə, şiə olmayan bir insana zəkat verə bilməz. Allah-Təala “Qurani-Kərim”də buyurur ki, oruc, namaz, zəkat onun əmridir. Allah buyurur ki, zəkatı qocalara, kasıblara, ehtiyacı olanlara vermək lazımdır. Sistani bəs haradan belə bir şey çıxarıb?”
Partiya sədri onu da bildirib ki, nəticədə şiələr İslam dininin rituallarını məhdud bir dairədə həyata keçirirlər və bununla da firqələr əmələ gəlir.
Aqşin Kərimov