Modern.az

Cənub Qaz Dəhlizi Məşvərət Şurası üzvlərinin bəyanatının detalları açıqlanıb

Cənub Qaz Dəhlizi Məşvərət Şurası üzvlərinin bəyanatının detalları açıqlanıb

25 Fevral 2015, 16:34


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Cənub Qaz Dəhlizi Məşvərət Şurası üzvlərinin ictimaiyyət üçün birgə bəyanatının detallarını açıqlayıb.

Modern.az-ın məlumatına görə, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinin, Trans-Anadolu boru kəməri və Trans-Adriatik boru kəmərlərinin çəkilməsinin və eyni zamanda yeni ölkələrarası təbii qaz nəql şəbəkələrinin inkişafının Xəzər dənizi hövzəsi ilə Avropa enerji bazarları arasında etibarlı körpü rolunu oynayacağını və xüsusilə də Cənub-Şərqi Avropa ölkələri üçün təbii qaz təchizatı marşrutlarını şaxələndirəcəyini bildirən Məşvərət Şurası üzvləri
aşağıdakıları bəyan ediblər:

1. Etibarlı təchizat və dünya bazarlarına enerji nəqlinin təhlükəsizliyinin təminatı davamlı inkişafın təmin edilməsində ən vacib və zəruri faktorlardır.

2. Strateji əməkdaşlığın əhəmiyyətinin artmaqda olduğunu və Cənub Qaz dəhlizinin uğurla və qrafikə uyğun həyata keçirilməsi üçün qarşılıqlı faydaya əsaslanan fəaliyyətlərin gücləndirilməsi və genişləndirilməsinə olan niyyətimizi bir daha təkrar edirik.

3. Cənub Qaz dəhlizi çərçivəsində həyata keçirilən layihələrin iştirakçıları üçün əlverişli maliyyələşdirməyə nail olmaq məqsədi ilə şəffaf, proqnozlaşdırıla bilən və stabil qanunvericilik mühitinin formalaşdırılması, milli və Avropa maliyyə institutlarının cəlb edilməsi üçün daha səmərəli mexanizmlərin işlənib hazırlanması naminə növbəti səylər nəzərdən keçiriləcək.

4. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçiriləcək layihələr üzrə fəaliyyətlərin başlanılması üçün tələb olunan müvafiq qanunverici və ilkin hüquqi tələblər, həmçinin icazə və təsdiq qərarları üçün müvafiq ölkələrin hazırlığını təsdiq edirik.

5. Energetika sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini bir daha təsdiq edir və Azərbaycandan Avropaya və digər bazarlara enerji təchizatını həyata keçirən marşrutların şaxələndirilməsi istiqamətində aparılan siyasətin davam etdirilməsinin mühüm olduğunu nəzərə alırıq.

6. Layihənin həyata keçirilməsi məsələləri barədə Avropa Birliyinin mövcud formatından ən səmərəli şəkildə istifadə etmək üçün strateji infrastrukturun inkişaf etidirilməsini dəstəkləyir və Avropa Komissiyasının davamlı dəstəyi ilə Cənub Qaz Dəhlizi ilə bağlı konkret yanaşma aparırıq.

7. Cənub Qaz Dəhlizinin həyata keçirilməsi zamanı ortaya çıxa biləcək bütün məsələləri ən praktik şəkildə və vaxtında həll etmək üçün Cənub Qaz Dəhlizinin bütün potensial gələcək iştirakçılarına da açıq olmaqla ikitərəfli və çoxtərəfli formatda işçi məsləhətləşmələr aparılmasını nəzərdə tuturuq.

8. Bu birgə bəyanat Azərbaycan Respublikası, Albaniya Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan, Yunanistan Respublikası, İtaliya Respublikası, Türkiyə Respublikası, Birləşmiş Kralliq, Amerika Birləşmiş Ştatlarının səlahiyyətli nümayəndələri və Avropa Komissiyasının Vitse-Prezidenti tərəfindən imzalanmışdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi