“Azərbaycanlı qadınlar xocalıların qəbirləri üzərində fəryad edirdi”
İngiltərədə çıxan “İndependent” qəzetinin əməkdaşı Helen Vomak 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımından sonra Azərbaycana gəlib. O, ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərlə bağlı adıçəkilən qəzetdə bir neçə məqalə çap etdirib. Helen Vomak Modern.az saytına müsahibəsində bu hadisələri 23 il sonra yenidən xatırlayıb. Qeyd edək ki, Vomakın Xocalıdan bəhs edən yazılarında ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər çox dolğun şəkildə öz əksini tapıb.
- Siz Xocalı soyqırımının canlı şahidi olmusunuz və həmin dövr üçün dolğun məlumatlara sahibsiniz. Xocalıda gördükləriniz xatirələrinizə necə həkk olunub?
- Bəli, mən hadisələrin canlı şahidiyəm və hələ də Xocalını unutmamışam. Mən Dağlıq Qarabağ münaqişəsində hər hansı bir ölkənin tərəfində deyiləm. Bir jurnalist kimi, yalnız insanlığın və həqiqətin tərəfdarıyam. Lakin deyə bilərəm ki, Xocalıda qurban olanlar yalnız azərbaycanlılardır. Hadisələrin üzərindən çox illər keçib. İndi mən bütün detalları xatırlaya bilmirəm. Lakin mən vaxtilə Britaniyanın “İndependent” qəzetində bu haqda bir sıra məlumatlar vermişəm.
- Erməni diasporu hər zaman dünya ictimaiyyətinə yalan məlumatlar verir. Xocalıda baş vermiş soyqırımına yanaşmanız nədən irəli gəlir?
- Bir müddət əvvəl Birmingem Universitetinin elmi işçisi Kəmalə İmranlı adlı bir şəxs mənə müraciət edərək soruşdu ki, hansı səbəblərə görə Dağlıq Qarabağ münaqişəsində Qərb Azərbaycana qarşı qərəzli mövqe tutub ? Ona cavab verərək bildirdim ki, biz Azərbaycana qarşı qərəzli məlumatlar vermirdik. Sadəcə olaraq, həmin vaxt informasiya müharibəsində erməni diasporu azərbayacanlılardan daha güclü idi. Lakin biz baş vermiş hadisələri doğru olaraq dünyaya çatdırmaq üçün əlimizdən gələni etdik.
- Helen xanım, 1992-ci il fevral ayının neçəsində Azərbaycana gəlmişdiniz?
- Dəqiq xatırlamıram, lakin bu Xocalı faciəsindən dərhal sonra baş vermişdi. Biz bir qrupla gəlmişdik. BBC və “Daily Telegraph” qəzetinin müxbirləri də bizimlə idi. Mən Britaniyanın “İndependent” qəzetinin Moskva müxbiri kimi Azərbaycana gəlmişdim. Ağdamda məsciddə dərhal bizə 4 cəsəd göstərildi. Biz Ağdama çatanda artıq gecə idi. Mən soruşdum: “Niyə yalnız 4 cəsəd?”. Növbəti gün mən məzarlıqda 70-ə yaxın məzar gördüm. Sonra vəziyyətin ciddiyyətini anladım. Mən Xocalıda sağ qalanlardan və həkimlərdən müsahibə aldım.
- Xocalı soyqırımının qurbanları ilə bağlı məlumat əldə etdikdən sonra nə kimi hislər keçirirdiniz?
- Əlbəttə, bütün günahsız insanların ölümünə görə kədərlənirdim. Düşündüm ki, müharibə nəyə lazımdır? Xocalıda baş verənlərlə tanış olduqdan sonra psixoloji problemlərim yarandı. Mən yaşamaqdan, evi tərk etməkdən, hətta təyyarə ilə uçmaqdan belə qorxurdum. Ağdamda sanki öz ölümümü görmüşdüm. Lakin bu gün mən deyə bilərəm ki, artıq yaşamağa qorxmuram. Amma insanlar üçün kədərlənirəm. Jurnalistlər müharibədən sonra tez-tez əziyyət çəkir, bu haqda isə danışmırlar. Sizinlə paylaşacağım xatirələrimdə Xocalıdan sonra baş verən prosesləri və hansı psixoloji vəziyyətdə olduğumu bir daha anlayacaqsınız.
Helen Vomakın xatirələri...
- Sovet İttifaqının dağılması bir sıra etnik münaqişələrə səbəb oldu. 1988-1994-cü illərdə xristian ermənilər və müsəlman azərbaycanlılar Dağlıq Qarabağın dağlıq torpaqları üzərində iyrənc bir müharibədə mübarizə apardılar. Hər iki tərəf Qərbi öz düşməninin xeyrinə qeyri-obyektivlikdə ittiham edirdi. Obyektiv bir reportaj mina sahələri üzərində ədalətli olmağa çalışan müxbirlər üçün çox çətin idi. 1992-ci ilin fevralında əsasən ermənilərin məskunlaşdığı mübahisəli anklavda, əksəriyyəti azərbaycanlılardan ibarət olan Xocalı şəhərində baş vermiş dəhşətli xəbərlər ortaya çıxdı. Yüzlərlə azərbaycanlının cəsədinin qarlı dağ yamaclarında qalması bildirilirdi.
Onlar döyüş itkiləri idi, yoxsa orada soyqırımı olmuşdu? Mən Moskvadan bir qrup jurnalistlə Xocalı şəhərindən olan qaçqınların sığındığı Ağdam şəhərinə uçdum. Biz oraya gecənin ortasında, yorğun və istirahətə möhtac bir şəkildə çatdıq. Lakin azərbaycanlı ev sahibləri qorxunc bir şeyi göstərmək üçün bizi maşınla qəsəbənin məscidinə apardılar. Vəhşiliklə parçalanmış 4 cəsəd baxmağımız üçün kənara qoyuldu. “Ermənilər öldürüdü, siz, sadəcə reportaj yazın”, - bizə rəhbərlik edən əsgər dedi.
Biz Ağdama gəlməzdən öncə Ermənistan rəsmiləri mülki əhalinin Xocalı uğrunda döyüşdə öldürüldüyünü təkzib etmişdi və azərbaycanlıların cəsədlərin sayını şişirdərək dünyaya soyqırımı baş vermiş kimi göstərərək, şou yaratdığını bildirirdilər. Mən nəyə inanacağımı bilmirdim. Bilmirdim ki, bütün bunlar üçün nə edə bilərəm. Öz-özümə düşündüm: “4 cəsəd qırğına bərabər deyil”. O zaman gənc idim və yalnız nənəmin qapalı tabutunu görmüşdim. Bu anda əsgəri çağırıb soruşdum: “Niyə yalnız 4 cəsəd?”. “Çünki yaxınları artıq digərlərini dəfn ediblər”,- deyə o, bildirdi.
Proseslərin sonrakı gedişatında mənə məlum oldu ki, cəsədlərin çoxu dağ yamacının kənarında hələ də qalmaqdadır. Azərbaycanlıların onları götürmək üçün helikopterləri çatışmırdı. 4 cəsəd isə hələ ki orada qalırdı, bəlkə onların qohumları da ölmüşdü. Növbəti gün, böyük bir izdiham məscidin qarşısında toplandı. Bəziləri Xocalıdan sağ çıxanlar, digərləri isə onların qohumları idi. Bütünlükdə ümidsiz idilər. Çünki onlar cəsədləri götürməyə çalışarkən ermənilərin atəş açdığını bildirirdilər. Polis rəsi polkovnik Rəşid Məmmədov 500 Xocalı sakini üçün Ağdamda təhlükəsizliyin yaradıldığını bildirdi. Xocalının 6000 əhalisi var idi... Onlar sadə insanlar idilər.
Azərbaycanlılar ermənilərin qəfildən onlara və qəsəbələri üzərinə ağır hücuma necə keçdiklərini təsvir edirdilər. Xocalı sakinləri dərk edirdilər ki, bu hücum daha fərqlidir və nəticədə onlar müdafiədə dayana bilmədilər. Gecə yarısı ətrafdakı meşəyə qaçdılar. Qaçqın dəstəsi Ağdam üçün aşağıya tərəf, Əsgəran istiqamətinə doğru yeriməyə cəhd edib və sabahın erkən saatlarında erməni döyüşçülər onları pusquya salaraq, qadınlar, uşaqlar və yaşlılar arasında fərq qoymadan atəş açıblar.
Onlar bildirirdi ki, xilas olmağa çalışanların çoxu dağ yamacında donub. Çəkməçi Ramiz Nəsirovun “bəlkə haradasa gizləndi” deyə düşünən həyat yoldaşı və uşaqları hələ də ümidlə gözləyirdilər. Onlar Xocalıya hücum edənlər arasında rusları gördüklərini bildirirdilər. Digər sağ qalanlar da Rusiyanın iştirakından danışırdı...
Bizim kiçik jurnalist qrupu növbəti dəfə Ağdam qəbiristanlığına getdi. Burada azərbaycanlı qadınlar 75 təzə basdırılan xocalının qəbirləri üzərində fəryad edirdi. Orta yaşlı bir adam qardaşı oğlunun (1963-cü ildə doğulan Əbülfət Əliyev 1992-ci il fevral ayında həyatını itirmişdi) məzarı üzərində dayanıb dedi: “O, qadınları və uşaqları xilas etmək üçün iki dəfə meşəyə tərəf getdi. Üçüncü dəfədə özü həlak oldu. Həqiqəti yazın!”.
Etiraf etməliyəm ki, artıq mən baş verənlərin sözün həqiqi mənasında soyqırımı olduğu qənaətinə gəlmişdim...
Ağdam dəmiryol stansiyası xəstəxanaya çevrilmişdi. Azərbaycanın paytaxtı Bakıdan gəlmiş həkim Eldar Şirazov Xocalıya hücumdan sonra 256 nəfəri müalicə etdiyini bildirdi. 43 yaşlı Nübar Dünyamalıyeva kürəyindən və mədəsindən yaralanmışdı. O, beş uşaq və yaşlı anası ilə meşədə hərəkət edərkən vurulmuşdu. Uşaqların ikisi itkin düşmüş, digər üçü isə onunla birlikdə xilas ola bilmişdi. 60 yaşlı Səyalə Zeynalova budundakı güllə yarasını göstərmək üçün ətəyini qaldırdı. Ayağından yaralanan qızı Validə də onunla idi. Səyalə beş oğlundan ikisinin vurulduğunu, digərlərinin isə itkin düşdüyünü bildirirdi. “Dəhşətli bir faciə baş verib, lakin dünya susur”, - deyə həkim Şirazıyev bildirdi.
“Qərb həmişə erməni tərəfini dəstəkləyib, çünki onların böyük, bəlağətli diasporu var”. Artıq jurnalistlərə ertəsi gün qəzetləri üçün material hazırlamaq vaxtı idi.
Yazmaq üçün otelə qayıtdım. Keçmişdə başqa bir kontekstdə erməni şəfqəti haqqında yazmışdım. 1988-ci il zəlzələsindən sonra, Spitak vilayətini dolaşmışdım və bunu heç zaman unutmayacam. Məktəbin dağılması nəticəsində bir uşaq da sağ qalmamışdı. Amma indi fərqli bir hekayə yazacaqdım. Bu hadisədə ermənilərin deyil, azərbaycanlıların qurban olması haqqında...
Şahin Qocayev