Modern.az

Deputat Nuşirəvan Məhərrəmlinin cavabından təəccüblənib: “Mənə hüququ öyrətmək lazım deyil”

Deputat Nuşirəvan Məhərrəmlinin cavabından təəccüblənib: “Mənə hüququ öyrətmək lazım deyil”

26 Fevral 2015, 16:50


“Mən Milli Məclisdəki çıxışımda “Milli Televiziya və Radio Şurası öz işinin öhdəsindən gələ bilmir” ifadəsini qəti olaraq işlətməmişəm. Demişəm ki, Milli Televiziya və Radio Şurası vəzifələrini tam həyata keçirmir və istərdim ki, şuranın səsi daha aydın eşidilsin”.
Modern.az saytı xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin fikirlərinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, televiziya məkanında dərin kök salmış nöqsanları məhz Milli Televiziya və Radio Şurasının köməyi ilə qaldıra bilərik, çünki bu strukturun nəzarət mexanizmləri mövcuddur və ona kifayət qədər səlahiyyətlər verilib:

“Telekanalların səviyyəsinə gəldikdə, doğrudur, bir sıra özəl televiziya kanallarının fəaliyyətindən narazılığımı bildirmişəm. Çünki həm verilişlərin, həm də reklamların xarakteri, teleserialların məzmunu və səviyyəsi, şou proqramlara dəvət olunan qonaqların əksəriyyətinin geyim, danışıq və davranış tərzi təkcə məndə deyil, tamaşaçıların çoxunda ikrah hissi oyadır.

Şadlıq saraylarının həddən çox reklamının qadağan olunması ilə bağlı səsləndirdiyim fikrə gəldikdə, hörmətli Nuşirəvan Məhərrəmlinin cavabında məni ən çox təəccübləndirən məqam deputata qarşı işlətdiyi sözləridir. Məsələn, “iradlar heç bir məntiqə sığmır”, “hüquqi az-çox bilən insan bunu dilinə belə gətirməməlidir”, “bu ən azı məntiqsizlikdir”. Mənə hüquqi öyrətmək lazım deyil, başa düşürəm ki, şadlıq saraylarının fəaliyyəti və onların reklamı da qanunidir. Amma hər bir məsələnin mənəvi tərəfi var axı! Mənəvi tərəfi də ondan ibarətdir ki, müharibə şəraitində olan ölkədə, hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün olan, tez-tez şəhid xəbərləri gələn bir ölkədə şadlıq saraylarının, şənliklərin bu qədər reklam olunması ən azı utanc gətirən məsələdir. Bu cür reklamı qadağan etməsək belə, onları heç olmasa məhdudlaşdırmaq lazımdır və əvəzinə “Sosial reklam haqqında” qanunun tələbi ilə sosial roliklər verilməlidir. Korporativ maraqları yox, xalqın, millətin maraqlarını müdafiə etmək daha məqsədəuyğun olardı”.

Deputat onu da vurğulayıb ki, Milli Televiziya və Radio Şurası olmasaydı, vəziyyət daha acınacaqlı vəziyyətlə qarşılaşardıq: “Ona görə şuranın fəaliyyətini nəinki dəstəkləyirəm, hətta əgər lazımdısa, ehtiyac varsa şuranın səlahiyyətləri Milli Məclis tərəfindən daha da genişləndirilsin, əlavə səlahiyyətlər verilsin, yetər ki, bir yerdə yerli telekanalların fəaliyyətində ciddi dönüşə nail olaq”.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama